24 Noyabr 2023 09:00
23452
SİYASƏT
A- A+

Azərbaycanın ədalət çağırışı

 

Müstəmləkəçilikdən azad dünya uğrunda

 

Bu gün dünyanın, demək olar ki, bütün ölkələri müxtəlif çağırışlarla üzləşir. Yaranan çağırışların əsas hissəsi böyük güclərin sülh və təhlükəsizlik, ölkələrin ərazi bütövlüyü, sosial-iqtisadi inkişafı, ətraf mühit 
və s. məsələlərlə bağlı zaman-zaman yaratdıqları təhdidlərdir. Bu təhdidlərin dəf olunması, dünyamızdakı problemlərin yoluna qoyulması, bəşəriyyətin xoşbəxtliyi yaranmış vəziyyətə görə məsuliyyətini dərk edən bütün ölkələrin bir araya gəlməsindən asılıdır.

Bu baxımdan Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının rəhbəri kimi ümumilikdə bəşəriyyət üçün faydalı təşəbbüsləri davam etdirməkdədir. Müasir dünyamızın çağırışları, qlobal problemlər ətrafında mütəmadi beynəlxalq müzakirələrin təşkili də həmin təşəbbüslərə aiddir. Bu günlər Bakıda "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən konfrans xüsusi aktuallığı ilə yadda qaldı. 18 ölkədən 40-dan çox təmsilçinin qatıldığı tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilirdi. 
Hazırda bütün dünyada qadınların hüquq bərabərliyinin aktuallaşdığı, zərif cinsin nümayəndələrinə müxtəlif sahələrdə bərabər imkanlar mühitinin yaradılması üçün layihələrin həyata keçirildiyi zamanda mövzunun adı son dərəcə maraqlı təsir bağışlayır. Çoxumuza elə gəlir ki, müstəmləkə dövrü də, böyük dövlətlərin müstəmləkəsi altında yaşayan qadınların ağır vəziyyəti də dünya tarixinin artıq keçilmiş mərhələsidir. Amma əfsuslar olsun ki, belə deyil, müstəmləkə siyasəti XXI əsrdə də davam edir. 
Bu siyasəti davam etdirən, müstəmləkə altında saxladıqları ölkələrdə müxtəlif sosial qrupların, o cümlədən qadınların inkişafına imkan verməyən, eyni zamanda riyakarcasına özlərini dünyada qadın hüquqlarının müdafiəçiləri qismində təqdim edən bəzi böyük dövlətlər öz müstəmləkələrindəki qadınların vəziyyətini dünya ictimaiyyətindən gizlədirlər. Hələ də davam edən kolonializm siyasətinin gündəmə gətirilərək pislənməsi, bu ərazilərdə qadınların vəziyyətinə dair gerçəklərin dünya ictimaiyyətinə çatdırılması baxımından Bakıda keçirilən konfransın çox böyük əhəmiyyəti var. Belə təşəbbüslər müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparılmasına, təşkilatlanma məsələlərinə, eləcə də müstəmləkəçiliyin yaratdığı ayrı-ayrı sosial, iqtisadi, siyasi, mədəni problemlərin aradan qaldırılması üçün ortaq həllərin tapılmasına kömək göstərir. Problemin həlli yolu neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasından keçir. BMT Baş Assambleyasının 4-cü Komitəsinin bununla bağlı fəaliyyətinin və beynəlxalq təşkilatlar çərçivəsində mübarizənin daha da canlandırılmasına böyük ehtiyac var. Dünyamızın tarixin bu utancverici problemindən qurtuluşu üçün qadınların rolu daha da gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsi möhkəm şəkildə dəstəklənməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd edilən məqamlar dekolonizasiya proseslərinin, qadınların gücləndirilməsi və inkişafının günümüz üçün nə qədər mühüm aktuallıq kəsb etdiyini göstərir: "Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir".
Belə bir konfransın keçirilməsi təşəbbüsü ilə Azərbaycanın çıxış etməsinin həm də simvolik mənası var. Azərbaycan dövləti, xalqı belə məsələləri gündəmə gətirmək, dünyaya örnək olmaq üçün mənəvi haqq, zəngin tarixi ənənələrə sahibdir. Azərbaycanda və ümumən türkdilli xalqlar arasında tarixən qadına böyük hörmət göstərilib, qadın, ana adı uca tutulub.  Dövlətimizin başçısının müraciətində vurğulandığı kimi, bu, xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tarixin bütün dövrlərində taleyüklü məsələlərin həllinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişlər. 
"Azərbaycan kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir", - deyə Azərbaycan Prezidentinin müraciətində qeyd edilir.

 

Fransanın utancverici əməlləri

 

Dünyada kolonializm tarixinə nəzər yetirsək, bu tarixin ən dəhşətli cinayətlərinin çoxunun məhz Fransanın əməli olduğunu görərik. Yaradıcı şəxsiyyətlərinin əsərləri ilə bəşəriyyətin mədəniyyət tarixinə zəngin töhfələr vermiş bu ölkə, bu xalq, təəssüflər olsun ki, Afrikada, Cənub-Şərqi Asiyada, Sakit Okeanda, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında və başqa onlarca ölkədə işğalçılıq cinayətlərinin, sərvətlərin talan edilməsinin, xalqların uzun illər əsarət altında saxlanmasının da müəllifidir. Fransa bu əraziləri, on milyonlarla insanı əsarət altında saxlamaqla da kifayətlənməyib. Həmin torpaqlarda hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, sırf etnik mənsubiyyətlərinə, dini inanclarına görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyaraq uşaqlı-böyüklü qətlə yetirib. Bu gün demokratiyadan, insan haqlarından danışan Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti də insanlığın ən utancverici səhifələrindəndir. Bu ticarət zamanı məhv edilmiş milyonlarla afrikalının ölümünün qara ləkəsi indi də Fransa dövlətinin üzərindədir. 
Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti müraciətində Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətlər, törətdiyi vəhşiliklər faktlarla sadalanıb. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insanın, o cümlədən qadınların və uşaqların Fransa tərəfindən qətlə yetirildiyi diqqətə çatdırılıb. Fransanın eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıması da Azərbaycan Prezidentinin müraciətində xüsusi diqqətə çatdırılır. Bütün bunlar belə cinayətlərin sənədləşdirilməsi, insanlıq əleyhinə ağır qəsd törətmiş şəxslərin, dövlətlərin gec də olsa həmin əməllərinin cəzasını çəkməsi, ən mühümü isə onların yeni bəşəri cinayətlərinin qarşısının alınması baxımından son dərəcə önəmlidir. Çünki bu gün Fransa kimi ölkələr müstəmləkəçilik siyasətindən, əsarət altında saxladıqları xalqların müxtəlif vasitələrlə əzilməsindən, onların hüquqlarının məhdudlaşdırılmasından yenə də əl çəkmək niyyətində görünmür. Xalqlara qarşı müstəmləkəçilik siyasətini həyata keçirən dövlətin hazırda BMT kimi ali qurumun Təhlükəsizlik Şurasında təmsil olunması da tarixin bir başqa ədalətsiz yazısıdır. Azərbaycan Prezidentinin "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfransın iştirakçılarına müraciətində maraqlı bir fakta diqqət yönəlib. Bu fakt Mayot adası ilə bağlıdır. Yada salaq ki, 1975-ci ildə Qəmər Adaları İttifaqı Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan edib. BMT Baş Assambleyası isə Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiqləyib. Amma Fransa bu qərarlara məhəl qoymadan bu gün də Mayot adasını öz departamenti kimi idarə edir. Müraciətdə bununla bağlı başqa maraqlı faktlara da diqqət yetirilərək yada salınır ki, BMT Baş Assambleyası 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirib: "BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir".

 

İşğal və beynəlxalq hüquq pozuntusu

 

Qeyd edək ki, BMT ilə yanaşı, Afrika İttifaqının İcraedici Şurasının və İslam Əməkdaşlıq Təşkilatının da Mayot adasının Qəmərə aid olması ilə bağlı müvafiq qərarları var. Əfsuslar olsun ki, Fransa beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymadan daha da irəli gedərək 2003-cü ildə Mayotu hətta öz Konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultraperiferik bölgəsi olub. Mayota Aİ-nin ultraperiferik bölgəsi statusunun verilməsi faktı isə Mayotun Fransanın tərkib hissəsi kimi tanınması deməkdir. 
Müraciətdə göstərilir ki, bütün bunlar Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə etməsi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam etməsi, başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatması deməkdir. Bunun da açıq-aşkar "işğal və anneksiya"dan başqa adı yoxdur. 
Əslində, bu, həyata keçirilən siyasətin mənfur mahiyyəti və təfəkkür problemindən irəli gəlir. Siyasət və təfəkkür dəyişmədiyindən Fransa müstəmləkəçiliyin ən utancverici yeni metodlarına bu gün də sadiqlik göstərir. Bununla da təmsil olunduğu BMT kimi ali qurumları da gözdən salır. Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularını və hüquqlarını zorakılıqla tapdayır, bu arzuların reallaşmasının qarşısını almaqdan ötrü hər cür bəd əməllərə əl atır. Həmçinin Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələrə davam edir, burada sabitliyin əldə olunmasına maneçilik törədir. Azərbaycan Prezidentinin müraciətində Fransanın pozucu əməllərinin hətta Cənubi Qafqaz bölgəsinə qədər uzandığı diqqətə çatdırılır: "Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir".
Ən maraqlısı budur ki, neokolonializm siyasətini davam etdirən Fransada buna paralel irqçilik, ksenofobiya və islamofobiya da geniş yayılmaqdadır. Bu ölkə öz daxilindəki belə problemləri yoluna qoymaq, qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanıb bu tarixdən ibrət dərsi almaq əvəzinə başqa ölkələrin daxili işlərinə qarışmaqdan, müstəmləkə siyasətini müxtəlif üsullarla davam etdirməkdən əl çəkmir. Amma baş verənlər Fransanın artıq yolun sonuna çatdığını göstərir. Elə bu yaxınlarda Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin necə biabırçı sonluqla nəticələnməsinin nümayişidir. İndi Fransa özündə mənəvi güc tapıb bütün qanlı cinayətlərinə görə heç olmasa üzr istəməlidir. Müstəmləkə siyasətinə birdəfəlik son qoymalıdır. Müraciətdə xüsusi vurğulanır ki, Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməlidir. Tarixdəki qanlı əməllərinə görə utanıb başqa dövlətlərə dərs keçmək praktikasından əl götürməlidir. Amma rəsmi Paris bunu etmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. 
Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Sədri kimi bütün bu faktları heç kimdən çəkinmədən beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə çatdırması böyük qətiyyət və bəşəriyyətin gələcəyi qarşısında yüksək məsuliyyət hissidir. Belə qətiyyətli çağırışlar kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına kömək göstərir, bəşəriyyətin rifahı və gələcək nəsillərə "kolonializmdən azad dünya" miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə mühüm töhfələr verir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video