11 ayda ölkə üzrə 58,3 milyard manatlıq sənaye məhsulları istehsal olunub
Hər bir ölkənin hərtərəfli və dayanıqlı inkişafı onun sənaye potensialından asılıdır. Buna görə də dünyada ölkələrin iqtisadi inkişaf sarıdan statusu bu meyarla müəyyən edilir. O üzdən ölkəmizin müstəqilliyinə yenidən qovuşduqdan sonra həmin istiqaməti strateji xətt kimi götürməsi və bunun üçün geniş iqtisadi islahatlar icra etməyə başlaması təbiidir.
Prezident İlham Əliyev tərəfindən aparılan sənayeləşmə siyasəti sayəsində bu gün ölkəmizdə ciddi qeyri-neft-qaz sənayesi potensialı yaranıb. Həm istehsalda, həm də ixracda bu sahənin payı ildən-ilə artır. Hazırda ölkəmizdə minlərlə kiçik, orta və iri sənaye müəssisələri və sənaye xarakterli xidmət sahələri fəaliyyət göstərir. Onların bir hissəsi isə sənaye parkları və sənaye məhəllələrində cəmlənib. Hazırda ölkəmizdə 7 sənaye parkı, 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Yerli tələbatın ödənilməsində və ixracda onların payı kifayət qədər yüksəkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkə üzrə 58,3 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Həmin dövrdə məhsul istehsalı neft-qaz sektorunda 0,6, qeyri-neft-qaz sektorunda 7,2 faiz artmış, sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olmuşdur. Göründüyü kimi, icra edilən iqtisadi islahatlar qeyri-neft-qaz sənayesinin inkişafında səmərəli rol oynamışdır. Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
Cari ilin 11 ayında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37,6 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artmışdır. Həmin dövr səhənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 26,5 milyon ton, əmtəəlik qaz hasilatı 35,1 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalsa da, əmtəəlik qaz hasilatı 5,9 faiz artmışdır.
Ötən 11 ay ərzində emal sənayesində 17 milyard 385,4 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sektorda ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 16,2, qida məhsullarının istehsalında 9,3, tütün məmulatlarının istehsalında 8 faiz artım müşahidə olunmuşdur. Bununla yanaşı, sahənin əsas məhsullarından, viski, brendi istehsalı 2,9, tütün istehsalı 2,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 9,7, duru bitki yağlarının istehsalı 7,3 faiz artmışdır.
Hesabat dövründə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal olunmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 28,6, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,6 faiz artım qeydə alınmışdır.
Yanvar-noyabrda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məhsullarının istehsalı sahəsində 1 milyard 953,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məhsullarının istehsalı 17,7, kimya sənayesi məhsullarının istehsalı 6 faiz artmışdır.
Hazırda işğaldan azad olunan ərazilərdə nəhəng bərpa-quruculuq layihələri icra olunur. Bu üzdən tikinti materiallarına olan tələbat da artıb. Belə vəziyyət tikinti materiallarının istehsal dinamikasına müsbət təsir göstərir. Hesabat dövründə tikinti materiallarının istehsalında ümumi dəyəri 1 milyard 290,5 milyon manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 15,6 faiz artım olmuşdur. 11 ayda sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 51,3, beton istehsalı 29,5, betondan yığma tikinti konstruksiyaların istehsalı 28,8, sement istehsalı 9,3 faiz artmışdır.
Hesabat dövründə yüksək artım dinamikası müşahidə edilən sahələrdən biri də metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalıdır. Cari ilin 11 ayında bu sahələrdə 1 milyard 226,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Həmin dövr hazır metal məmulatlarının istehsalı sahəsində 35,7, metallurgiya sənayesi məhsullarının istehsalında isə 21,7 faiz atım qeydə alınmışdır. O cümlədən metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,1 dəfə, alüminium məmulatlarının istehsalı 49,1, armatur istehsalı 30,4, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı 19, metaldan sair məmulatların istehsalı 13,3 faiz artmışdır.
Kompüter, elektron və optik məhsulların istehsalı sahələrində də yüksək dinamika müşahidə olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 29,6, kompüter, elektron və optik məhsulların istehsalı 7,1 faiz artmışdır. Bu dövr ərzində notbukların istehsalı 3 dəfə, güc transformatorlarının istehsalı 60,6, ölçmə cihazlarının istehsalı 47,3 faiz çox olmuşdur.
Qeyri-neft-qaz sənayesindəki yüksək artım dinamikası ölkəmizin hərtərəfli inkişafını ortaya qoyur. Bu sektorun inkişafı ölkənin sənaye mallarına olan daxili tələbatının ödənilməsində, həmçinin ixracın artmasında, idxalın isə azalmasında çox önəmli rol oynayır.
Rüstəm KAMAL,
"Azərbaycan"