№ 505
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467 (Cild I); 2024, № 3, maddə 307; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 395 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci və 1.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur.”;
“1.9. Magistratura səviyyəsində ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı bakalavriat səviyyəsi üzrə buraxılışı olan ali təhsil müəssisələrində (ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatında nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) həyata keçirilir.”.
2. 2.2-ci bənddə “magistr hazırlığı” sözləri “magistratura təhsili” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 2 ” “ dekabr ” 2024-cü il