Çoxtərəfli, praqmatik xarici siyasət kursu yürüdən Azərbaycan beynəlxalq münasibətlər sisteminin bütün subyektləri ilə qarşılıqlı və bərabərhüquqlu əlaqələrin qurulmasını və inkişafını hədəfləyir. İndiyədək ölkəmiz bu istiqamətdə uğurlu siyasi-diplomatik fəaliyyət həyata keçirib. O da aydındır ki, sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda ortaya çıxan reallıqlar geostrateji güc mərkəzləri ilə siyasi-iqtisadi tərəfdaşlıq əlaqələrinə xüsusilə diqqətlə yanaşmağı zəruri edir. Bu baxımdan Azərbaycanın Çin Xalq Respublikası ilə xüsusən son onillikdə yeni siyasi məzmun kəsb edən əlaqələri uğurlu xarici siyasətin mükəmməl nümunəsi hesab oluna bilər.
Bəşər sivilizasiyasının beşiklərindən biri
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Çin haqlı olaraq müasir sivilizasiyanın beşiklərindən biri sayılır. Əsrlər boyu çinlilər bəşəriyyətin inkişafına böyük töhfələr veriblər. İpəyi, farforu, barıtı, kağızı və digər faydalı məhsulları bəşəriyyətə bəxş edənlər məhz onlardır. Çinin tarixi abidələri möcüzələr hesab olunur, bir çox təbiət mənzərələri füsunkarlığı ilə heyranedicidir. Böyük Çin səddi qədimdən bu ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur və Yer üzündə kosmosdan müşahidə edilən yeganə abidədir.
Çindən danışarkən Konfutsi təliminə toxunmamaq mümkün deyil. Çünki konfutsiçilik həm siyasət, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin ali nizamlayıcısı - bir sözlə, tam çinli həyat tərzinin əsası, Çin sivilizasiyasının mahiyyətidir. İki min ildən artıq zaman ərzində konfutsiçilik çinlilərin şüur və hisslərini formalaşdırmış, onların etiqadlarına, psixologiyasına, davranışına, təfəkkürünə, qavrayışına, məişətinə və həyat tərzinə təsir etmişdir. Konfutsinin biliklərə, humanizm və yüksək mənəvi ideallar uğrunda mübarizəyə çağırışlarının çinlilərin onlarca nəsli üçün nəhəng tərbiyəvi əhəmiyyəti olmuşdur. Elə bu səbəbdən də bu fəlsəfi dünyagörüşü dünyada diqqətlə izlənilmişdir və bu gün də konfutsizm ümumbəşəri cazibəyə malikdir. Çin cəmiyyəti yüz illər boyu bu fəlsəfi təlimə müraciət etmiş və hazırkı yüksəliş dövrünə gəlib çıxmışdır. Bu gün Çinin inkişafının əsas xüsusiyyətləri elmi inkişaf, sərbəst inkişaf, açıq inkişaf, sülhün inkişafı, qarşılıqlı əlaqə əsasında inkişaf və birgə inkişaf kimi məsələləri özündə ehtiva edir.
Bu gün Çin təkcə qədim tarixi, ənənələri, mədəniyyəti, ixtiraları ilə deyil, həm də müasir dünyada ən sürətlə inkişaf edən bir ölkə kimi diqqəti cəlb edir. Xüsusən son yarım əsrdə bu inkişaf dünyanın bütün başqa böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. Ümumi daxili məhsul istehsalının həcminə görə hələ XX əsrin birinci yarısında geridə qalan, işğalla üzləşən, yoxsulluğu ilə seçilən yarımfeodal Çin indi dünya iqtisadiyyatının nəhəngi olan ABŞ-lə rəqabətdədir.
Məhz Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə etmişdir. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Sürətli inkişafın əsas səbəblərindən biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır.
2035-ci ilə qədər Çində yüksəksəviyyəli sosialist bazar iqtisadiyyatı sistemi tam formalaşacaq və daha da mükəmməlləşəcək, dövlət idarəçiliyi sistemi və imkanları müasirləşəcək. Bu da modernləşdirilmiş sosialist ölkənin tam qurulması üçün möhkəm zəmin yaradacaq.
Çin dövlətinin idarəçilik üsulunun və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırır. Bu ölkənin xarici siyasət doktrinasının əsasını başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Çin dövlətlərə böyük və kiçikliyinə, varlı və ya kasıb olmasına görə fərq qoymur və bütün digər ölkələrlə münasibətlərdə vahid qarşılıqlı maraqlara söykənən mövqe nümayiş etdirir.
Onu da qeyd etmək yerinə düşər ki, ÇXP-nin Sədri Si Cinpin 2012-ci ildən ötən 13 il ərzində "Çin xarakterli sosializmi yeni inkişaf epoxası"na daxil etməyi bacaran müdrik liderdir. O, "Bir dövlət, iki sistem" konsepsiyasından çıxış edərək müstəqil siyasət aparır və dövlətinin milli maraqlarını ən yüksək səviyyədə qorumaq nümunəsini ortaya qoyur. Təkqütblü dünya deyil, çoxqütblü dünya reallığını müdafiə edən Çin hegemon dövlət və dövlətlər koalisiyasını qəbul etmir. Heç bir hərbi bloka daxil olmamaq xəttinə sadiqdir. "Vahid Çin" ideyasına münasibətdə dövlətlərin davranışına adekvat olaraq tərəfdaşlarını, rəqiblərini və düşmənlərini müəyyən edir. "Yumşaq güc" idarəçilik metodundan çıxış edərək beynəlxalq siyasi davranışının konturlarını cızır.
Dostluğa və mehriban əməkdaşlığa söykənən Azərbaycan-Çin münasibətləri
Tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi olan ölkə kimi diqqəti cəlb edən Çinlə Azərbaycan arasında əlaqələrin yaranması coğrafi uzaqlığa baxmayaraq, eramızdan əvvələ təsadüf edir. Qədim Azərbaycan dövlətləri beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə tarixi İpək yolu müəyyən əlaqələrin formalaşmasında əsas vəsilə olmuşdur. 2500 il əvvəl tarixi İpək yolu vasitəsilə Azərbaycan və Çin xalqları arasında mədəni və ticari əlaqələr formalaşmışdır. Bu tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır.
Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirldiyinin şahidi oluruq. Bu, ilk növbədə, onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı. 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I Qurultayında Çindən də nümayəndələrin iştirakı yeni tarixi şəraitdə iki ölkə Sovet Azərbaycanı və Çinlə mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında çağdaş dövrdə siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb.
Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Çin Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri bugünkü münasibətlərin dayanıqlı təməlini qoymuşdur. Heydər Əliyevin səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Səfər zamanı Azərbaycanla Çin arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər, ümumilikdə isə ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 sənəd imzalanmışdır.
1994-cü ildə Çindən qayıdarkən Almatıda jurnalistlərlə söhbətində Heydər Əliyev səfərin yekunlarını belə dəyərləndirib: "Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, böyük İpək yolu və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə, Azərbaycan Respublikası üçün böyük hadisədir".
Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan "Vahid Çin" ideyasını qəbul etmişdir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləmişdir. Çin isə artıq öz həllini tapmış Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləmişdir. 2005-ci ildə imzalanan Birgə Bəyannamədə də göstərilir ki, Azərbaycan vahid Çin dövlətini tanıyır və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Həmçinin Çin Azərbaycan suverenliyi və ərazi bütövlüyünü dəstəkləmiş, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair müvafiq qətnamələrinə əməl edilməsinə çağırmışdır.
2005-ci ildə imzalanmış Birgə Bəyannamənin 9-cu maddəsində bildirilir: "Azərbaycan tərəfi təsdiq edir ki, dünyada yalnız bir Çin var, Çin Xalq Respublikasının hökuməti Çini təmsil edən yeganə qanuni dövlətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir". 11-ci maddədə isə Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl edilməsinə çağırır, bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu, beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəklədiyini bildirir.
2015-ci ildə imzalanmış Birgə Bəyannamədə də tərəflərin bir-birinin problemlərinə ortaq yanaşması əksini tapıb. 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclisi tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Çin 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da ədalətli mövqe ortaya qoydu. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan Qarabağ müharibəsinin nəticələrini tanıyır.
Si CİNPİN: "Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var"
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalaşmışdır. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi, onların dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaratmışdır. Dövlət başçılarının qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Xüsusən Prezident İlham Əliyevin Çinə 2005-ci ildə rəsmi, 2014-cü ildə işgüzar, 2015-ci ildəki dövlət səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına və canlandırılmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə etdiyi dövlət səfəri zamanı imzalanmış 10 sənəd, Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin sonrakı dövrdə inkişafı üçün yeni imkanlar pəncərəsi açıb.
Həmin səfər zamanı Prezident İlham Əliyevə xitabən "Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz", - deyən ÇXR-in Sədri Si Cinpin bildirmişdir: "Uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var".
Prezident İlham Əliyev də öz növbəsində Si Cinpinin dünya siyasətində oynadığı mühüm rola və Azərbaycana olan xeyirxah münasibətinə toxunaraq demişdi: "Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər".
Azərbaycan Prezidentinin 2019-cu ilin aprel ayında Çinə səfəri səfəri zamanı bu ölkə ilə 820 milyon ABŞ dolları dəyərində daha 10 saziş imzalanmışdır. Bunlar Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Trans-Xəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair sənədlərdir.
Xüsusilə vurğulamalıyıq ki, 2019-cu il 25-27 aprel tarixlərində Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda Cənubi Qafqaz regionundan iştirak edən yeganə gövlət başçısı məhz cənab İlham Əliyev olmuşdu. Həmin səfər zamanı da keçirilən görüşdə Si Cinpin demişdi: "Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram". Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymətin təzahürü idi.
Son illər iki ölkə arasında əlaqələrdə xüsusi canlanma yaşanır. Prezident İlham Əliyev 2023-cü ildə Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulamışdır: "Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq".
Dövlətimizin başçısı həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırmışdır.
Rəsmi Pekinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə necə böyük önəm verdiyi ÇXR Sədrinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktublarında qeyd etdiyi fikirlərdə də əksini tapıb. Həmin fikirlərin ana xəttini Si Cinpinin Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verməsi, dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafı üçün Prezident Əliyevlə birlikdə çalışmağa hazır olmasıdır. Məsələn, Si Cinpinin 2023-cü ilin dekabrında Prezident İlham Əliyevə məktubunda Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olması xüsusi vurğulanır. Çin lideri məktubunda iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycan Prezidentinin bu münasibətləri möhkəmləndirmək üçün səylərini gücləndirdiyini vurğulayıb.
Çin iqtisadi möcüzəsi
Dünya təcrübəsi göstərir ki, iqtisadi və siyasi islahatlar uzunmüddətli mürəkkəb bir proses kimi hər bir ölkənin həyatında özünəməxsusluğu ilə təcəssüm olunur. İslahatlarda radikal, dağıdıcı mövqeyi qəbul etməyən Den Syaopin sistemli yanaşmanın, mütərəqqi dəyişikliklərin mərhələli həyata keçirilməsinin vacibliyini dərindən əsaslandırdı. O, Qərb təcrübəsini inkar etmir və həmin təcrübəni milli mənafelərin qorunması baxımından qiymətləndirməyi vacib sayırdı.
1,4 milyard nəfər əhalisi olan Çin "şok terapiyası"na uğrasaydı, ölkədə elə bir xaos yaranardı ki, bu bəlanın qarşısını almaq qeyri-mümkün olardı, Çin xaosu dünya fəlakətinə çevrilərdi. Elə bu səbəbdən də ən qabaqcıl ölkələrin başçıları belə, Den Syaopinin iqtisadi islahatlarının nəticələrini yeni Çin möcüzəsi kimi qiymətləndirirlər.
Bir sıra postsovet respublikalarının təcrübəsinin nəticələri göz qabağındadır. Yüzlərcə müəssisəni müflisləşdirib sonra özəlləşdirmək taktikası islahatların əsl mahiyyətinə, sosial tələblərinə uyğun deyildir. Spesifik inkişaf yolu keçmiş Çin iqtisadçılarının bu məsələyə münasibətini bilmək bizim üçün də maraqlıdır. Çin Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün çox ciddi hazırlaşırdı. Ona görə də dünya bazarlarına çıxmağın oyun qaydalarını dərindən təhlil etdi, azad bazar ticarətində uduzmamaq üçün rəqabətədavamlı məhsulları daha çox istehsal etməyə səy göstərdi və gözəl nəticələr əldə etdi. İndi Çinin ixrac imkanları çox böyükdür. Bunu ixrac və idxalı xarakterizə edən rəqəmlər açıq-aşkar sübut edir.
Hazırda Çin dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Ölkənin iqtisadi inkişaf modeli bazar mexanizmlərinin iqtisadi səmərəliliyinin sosial səmərəlilik və sosial ədalətlə optimal şəkildə uyğunlaşdırılmasına və uzlaşdırılmasına əsaslanır. Çin dövlətinin qəbul etdiyi və həyata keçirdiyi müasirləşmə xətti dörd əsas istiqaməti - sənayeni, kənd təsərrüfatını, elm, mədəniyyət və təhsili və müdafiəni əhatə edir. Həmçinin Çin dövləti dövlət mülkiyyətinin hakim rolu çərçivəsində bazar mexanizmlərinin və çoxtərəfli iqtisadiyyatın bütün formalarının tədricən genişləndirilməsi, yarımqapalı cəmiyyətdən dünyaya açıq olan cəmiyyətə keçilməsi, sosial-iqtisadi inkişaf sahəsində dövlətin rolunun əhəmiyyətli şəkildə dəyişdirilməsi ideyasını reallaşdırmağa dövlətin rolu yalnız bunlarla bitmir. Belə ki, Çin hökuməti ölkədə sosial-iqtisadi rifahı və inkişafı sürətləndirmək üçün azad rəqabəti dəstəkləyir, sahibkarları haqsız rəqabətdən qoruyur, sosial-iqtisadi yönümlü bazar münasibətlərinin inkişafına zəmin yaradır, cəmiyyətin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirir, əsas məzmununu bərabər hüquqlar, imkanlar, qaydalar və bölgü təşkil edən sosial ədalətin təminatı sistemini formalaşdırır, sosial-iqtisadi bazar münasibətlərini stabilləşdirir.
Çin Milli Statistika Bürosunun məlumatına görə, son illər bu ölkədə ümumi daxili məhsul (ÜDM) 120 trilyon yuandan (18 trilyon ABŞ dolları) çox olub. 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 49 il ərzində yüksək artım sürətlərini qoruyub saxlayıb. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf sürətində müəyyən azalmalar müşahidə edilsə də, tezliklə artım tempi bərpa olunub. Belə ki, ölkədə ÜDM istehsalı 2020-ci ildə 2,2, 2021-ci ildə 8,4, 2022-ci ildə 3, 2023-cü ildə 5,2 faiz təşkil edib. 2024-cü ildə ölkədə ÜDM-in həcmi 5 faiz artaraq 134 trilyon 908 milyard 400 milyon yuan (18,4 trilyon ABŞ dolları) olub. Çin sənaye müəssisələrinin ümumi mənfəəti illik müqayisədə 5,8 faiz artıb.
Ötən il ölkədə taxıl istehsalının həcmi artaraq rekord həddə - 705,5 milyon tona çatıb. Nəticədə Çin 1,4 milyardlıq əhalisinin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin edib. Eyni fikirləri enerji təhlükəsizliyi ilə bağlı da söyləyə bilərik. Çin valyuta ehtiyatlarına görə dünyada liderdir. Ölkədə internet istifadəçilərinin sayı 1,03 milyard nəfərə çatmışdır. Bu faktın özü Çinin demokratik inkişafının mühüm göstəricisi hesab oluna bilər.
Hazırda Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir və bu coğrafiyada həm də inkişaf etmiş ölkələr yer alırlar. Bu isə texnoloji və innovativ inkişafda Çinlə rəqabətdə uduzan Qərbin qısqanclığı ilə müşahidə olunur. Lakin bu cür yanaşmaların, geosiyasi gərginliklərin, qlobal pandemiyanın, sərt qapanmaların yaratdığı çətinliklərə baxmayaraq, ölkə perspektiv üçün də yüksək hədəflər müəyyənləşdirib.
Çin inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alaraq ədalətli əsaslarla iqtisadi qloballaşmanın qurulmasının tərəfdarıdır. Bununla bağlı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanında dərc olunmuş məqalədə yazılır: "Biz iqtisadi qloballaşmanın inklüziv olmasının, xüsusən də inkişaf etməkdə olan ölkələrin ümumi tələblərinə cavab verməsinin, eləcə də ölkələr arasında və daxilində inkişaf tarazlıqlarını aradan qaldırmağın tərəfdarıyıq. Biz birlikdə böyüməli və iqtisadi qloballaşmanın "piroq"unu ədalətli şəkildə bölüşməliyik ki, müxtəlif ölkələr, təbəqələr və qruplar iqtisadi və sosial inkişafda iştirak edib onun bəhrələrindən istifadə edərək qarşılıqlı fayda və ümumi rifah əldə edə bilsinlər".
Çinlilər bugünkü uğurlarına görə 1976-1986-cı illərdə ölkəyə başçılıq etmiş Den Syaopinə minnətdardırlar. O, Çini dünya iqtisadiyyatının ikincisi etmiş iqtisadi islahatların və xarici aləmə açıqlıq siyasətinin banisidir. Məhz onun islahatları Çin iqtisadiyyatını liberallaşdırmış və sahibkarlığın inkişafına yol açmışdır. Dağıdıcı sosial və siyasi çəkişmələrdən sonra ölkəyə rəhbərlik edən Den Syaopin "Çin xüsusiyyətliyi ilə sosializm" prinsipi adı altında yeni sosialist təfəkkür formalaşdıraraq genişmiqyaslı iqtisadi islahatların təşəbbüskarı kimi ölkəsini dünya bazarının bir hissəsinə çevirdi.
Din Sapinin belə bir sözü var: "Planlı iqtisadiyyat hələ sosializm demək deyildir. Bazar iqtisadiyyatı isə hələ kapitalizm demək deyildir". Qərb iqtisadçıları həmişə tənqid edirdilər ki, sovet dövlətinin planlı iqtisadiyyatı var. Amma planlı iqtisadiyyatın elə müsbət cəhətləri var ki, çinlilər bundan uğurla bəhrələndilər. Məsələn, "Bazar hər şeyi qəbul edir" şüarını bunlar qəbul etmədilər. "Dövlət iqtisadiyyatdan getməlidir" fikrini irəli sürən Qərb iqtisadçılarının əksinə olaraq Çin modeli sübut etdi ki, dövlət müəyyən müddət mütləq və mütləq iqtisadiyyatın idarə edilməsində iştirak etməlidir və onun tənzimləmə funksiyaları getdikcə daha təkmilləşməlidir. Çin inkişaf modelinin fərqli cəhətlərindən biri məhz budur.
Nəticə etibarilə Çin iqtisadiyyatı 1980-1990-cı illərdə sürətlə böyüməyə başlamış və 2010-cu ildə dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Yaponiyanı ötmüşdür. O vaxtdan bəri Çin iqtisadiyyatı böyüməyə davam edir. Son illər bu inkişafın sürəti azalsa da, onun trayektoriyası güclü olaraq qalır. Hazırda Çinin bütün dünyada investisiyaları var. Qərbin siyasi və texnoloji təzyiqlərinə baxmayaraq, Çin ilə bir çox Qərb ölkələri arasında ticarət artmaqda davam edir. Çin müasir qlobal iqtisadiyyatda böyük qüvvəyə çevrilib. Bu iqtisadi inkişaf prosesi təkamüllü olmaqla həm də o qədər sıçrayışlı və geniş səmərədə nəticəli idi ki, tezliklə onu "Çin iqtisadi möcüzəsi" adlandırdılar.
(ardı var)
Ziyad SƏMƏDZADƏ,
akademik