ADA Məktəbində “Məzun günü” keçirilib.
ADA-dan AZƏRTAC-a bildirilib ki, 2023-2024-cü tədris il üzrə ADA Məktəbində təhsil alan 127 şagird məzun adını qazanıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin direktoru Samirə Rəsulova təhsil müəssisəsinin pedaqoji kollektivi adından şagirdləri və onların ailə üzvlərini “Məzun günü” münasibətilə təbrik edib. Samirə Rəsulova, həmçinin məzunlara ölkəmizi şərəflə təmsil etməyi tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə Ayla Əhmədova məzunlar adından çıxış edərək ADA Məktəbindəki yaddaqalan anlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə şagirdlər fərqli janrlarda milli və xarici musiqi əsərlərindən nümunələr səsləndirib, əyləncəli rəqslərlə çıxış ediblər. Tədbirdə, həmçinin ADA Məktəbi Şagird Hökumətinin (“STUCO”) və Valideyn-Müəllim Assosiasiyasının şagirdlərin akademik və digər fəaliyyətlərdə uğur qazanmasındakı əvəzsiz töhfələri vurğulanıb.
Daha sonra qonaqlara 2024-cü ilin məzunlarının hazırladığı maraqlı videoçarx nümayiş etdirilib və şagirdlərin hərtərəfli formalaşması üçün gərgin fəaliyyət göstərən pedaqoqlara minnətdarlıq ifadə edilib. Şagirdlər onlara həm akademik, həm də şəxsi inkişafları üçün dəstək göstərən müəllimlərinə gül dəstələri təqdim ediblər.
ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal yüksək nəticə göstərən 25 şagirdə xüsusi diplom təqdim etməzdən əvvəl çıxış edərək şagirdlərin ADA Məktəbində təhsil aldıqları dövr ərzində əldə etdikləri uğurlardan, beynəlxalq nailiyyətlərdən bəhs edib.
Sonda ADA Məktəbinin Akademik işlər üzrə şöbəsinin rəhbəri Ramil Mustafayev, Şagird qəbulu və qeydiyyatı şöbəsinin rəhbəri Leylaxanım Zeynalova və akademik işlər üzrə məsləhətçisi Mədinə Əsgərli buraxılış siniflərinə diplomları təqdim edib və məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.
“Məzun günü”nün sonunda sülh rəmzi olan göyərçinlər səmaya buraxılıb.
Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.