17 Oktyabr 2025 08:00
3824
SİYASƏT
A- A+
"Zəfər yolu"nun başlanğıcı

"Zəfər yolu"nun başlanğıcı


Füzuli Şəhəri Günü böyük təmtəraqla qeyd edilir



"Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri". Beş il öncə oktyabrın 17-də bu müjdəli xəbəri Ali Baş Komandan İlham Əliyevdən aldıq. 

Vətən savaşının 21-ci günü idi... 

Həmin günlərdə davamlı qələbə, yurdlarımızın işğaldan azad olunması xəbərlərini eşidirdik dövlətimizin başçısından. Müzəffər ordumuz dayanmadan irəliləyir, düşmənin başını əzərək torpaqlarımızı azadlığına qovuşdururdu. 

Elə ən çətin döyüş əməliyyatlarının aparıldığı rayonlardan biri də Füzuli idi... 

Bu istiqamətdə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri əzmlə irəliləyir, düşmənin canına qorxu salırdı. Nəticəsi isə bu gün göz qabağındadır: yenidən qurulan, dirçələn Füzuli...

Xatırladaq ki, Füzulinin bəzi kəndləri müharibənin başladığı ilk gündə azad olunmuşdu. Belə ki, sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu Füzulinin üç yaşayış məntəqəsini - Qaraxanbəyli, Qərvənd və Horadizi düşmən tapdağından azad etmişdi. Ordumuz ermənilərin "keçilməz" adlandırdığı "Ohanyan səddi"ni aşaraq irəliləmişdi. 

TARİXƏ BİR NƏZƏR: Füzulinin əsası 1827-ci ildə qoyulub. 1930-cu ildə Qarabulaq adlanan yaşayış məskəninin əsasında rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb. Rayonun tərkibinə bir şəhər və 78 kənd daxildir. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunub. Ermənistan  silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. O zaman işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayırdı.


İşğaldan azad edilmiş torpaqlara ilk səfər


Vətən müharibəsi başa çatdıqdan sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri Cəbrayılla yanaşı, Füzuliyə də oldu. Bununla Prezident İlham Əliyev düşmən tapdağından xilas olmuş, azadlığına qovuşmuş daha bir şəhərdə üçrəngli bayrağımızı qaldırdı. 

Həmin günü əlamətdar edən daha bir xüsusi hadisə isə Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulmasıdır. Bu yol isə bizi qələbəyə aparan Zəfər yoludur.


Qarabağa açılan ilk hava yolu 


Füzuli həm də Qarabağa açılan hava yolunun ilk ünvanıdır. Bu gün Şuşaya səfər etmək istəyənlər, xüsusən xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanı vasitəsilə rahat və qısa şəkildə bu bölgəyə çatırlar. Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizdəki ilk hava limanı olaraq mühüm əhəmiyyətə malikdir. Hava limanının əsas məqsədi qonaqların və sərnişinlərin Şuşaya gəlişini təmin etmək olsa da, iqtisadi, ticari baxımdan da perspektivləri var. Füzuli Beynəlxalq Hava Limanı qısa zaman kəsiyində - cəmi  8 aya tikilərək istifadəyə verilib. Hava limanı 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. 

Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir, müasir infrastrukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. 


Quruculuq işləri geniş vüsət alıb


Vətən müharibəsindən sonra dövlətin prioritet istiqamətlərindən biri olan işğaldan azad olunmuş rayonlarda görülən yenidənqurma və bərpa işləri Füzulidə də sürətlə davam edir. Rayonda bütün infrastruktur yenidən qurulur. Füzuli həm də növbəti "ağıllı kənd" layihəsinin icra olunduğu rayondur. Füzulinin işğaldan azad olunmasından bir il sonra Prezident İlham Əliyev Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in, həmçinin Füzuli şəhərinin təməlini qoydu.  

Ötən ay isə dövlət başçısı tərəfindən yeni salınacaq Qaraxanbəyli kəndinin əsası qoyuldu. Kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin həmin kəndlərə köçürülməsi nəzərdə tutulur. 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

Qaraxanbəyli 44 günlük Vətən müharibəsinin ilk günündə azad olunan, ilk şəhid verdiyimiz kənddir. Elə bu baxımdan ölkə rəhbəri ikinci anım ilində Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə şəhidləri ehtiramla andı,  abidə önünə gül dəstələri qoydu. Həmin abidə şəhidlərimizin şərəfinə ucaldılıb. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdi: "İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın".

Füzuli həm də Özbəkistanla dostluğumuzun rəmzini özündə daşıyan şəhərdir. Burada Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb binası tikilib istifadəyə verilib. Açılış mərasimində Şavkat Mirziyoyev şəxsən iştirak edib.

Füzulidə həmçinin Qazaxıstan tərəfindən "Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi" də tikilərək istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev iştirak ediblər. 

Füzuli şəhərinin Baş planı artıq təsdiqlənib. Plana əsasən, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.


Füzuli qəhrəmanları


Füzuli şəhəri və kəndləri Silahlı Qüvvələrimizin ərazilərimizi işğaldan azad etmək üçün ayaq basdığı ilk torpaqlardır. İllərlə möhkəmlənmiş düşmən istehkamlarını yarmaq üçün ölümdən qorxmadan irəli atılan igidlərin qanı-canı hesabına bu gün azaddır bu torpaqlar. Onların cəsarəti, şücaəti hesabına bu gün Füzuli Şəhəri Gününü qeyd edə bilirik. Amma onların heç birinin qanı yerdə qalmadı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyi tam təmin etdi.

Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimiz isə qələbədən dərhal sonra  dövlət başçısı tərəfindən mükafatlandırıldılar. Prezident İlham Əliyevin Vətən müharibəsindəki qələbə münasibətilə orden və medalların təsis edilməsi ilə bağlı sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə" medalı da təsis edildi. Dövlət başçısının müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə 25325 hərbi qulluqçu təltif edildi.


Rayonun iqtisadi potensialı böyükdür


Füzuli şəhərinin Vətən müharibəsində strateji mövqeyə malik yaşayış məntəqələrindən biri olduğunu qeyd edən Milli Məclisin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Zəfər tariximiz məhz Füzulidən başlayıb: "Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlik zirvəsinə ilk ucalanlar Füzuli rayonunda oldu. Füzuli strateji mövqeyə malik olduğuna görə, işğalçı Ermənistan ordusu məhz bu rayonda ciddi şəkildə möhkəmlənməyə çalışmışdı. Amma Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Füzuli şəhəri də daxil olmaqla, Qarabağ və Şərqi Zəngəzurda olan bütün yaşayış məntəqələrini işğaldan azad etdi". 

Deputat qeyd edib ki, 44 günlük müharibədə ölkəboyu həmrəylik, birlik müşahidə olunub. Savaşın ilk günlərindən başlayaraq vətəndaşlarımız hər bir formada orduya dəstək olmağa çalışırdı. Bu da təbii ki, ordu-xalq-iqtidar birliyini nümayiş etdirirdi.

V. Bayramov qeyd edib ki, rayon artıq bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub: "Hazırda Füzuli şəhərində 3000-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Noyabr ayında Füzuli şəhərində yeni yaşayış komplekslərinin inşasına da başlanılacaq. Bu, o deməkdir ki, 2026-cı ildə də Füzuli rayonuna qayıdışın davamını görəcəyik. Eyni zamanda Füzuli şəhəri ilə yanaşı, rayonun digər kəndlərində də quruculuq işləri həyata keçirilir. Dövlətyarlı, Pirəhmədli və digər kəndlərdə tikinti işlərinin intensivləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə infrastrukturun formalaşdırılması üçün işlər davam etdirilir".

Deputat deyib ki, Füzuli böyük iqtisadi potensiala malik rayonlardan biridir. Həm aqrar sahədə, həm də xammal və  tikinti materialları üzrə xammalı nəzərə alsaq sənaye cəhətdən də üstünlüyə malikdir. Füzuli rayonunda məskunlaşma ilə yanaşı, iqtisadiyyatın formalaşması və reinteqrasiyası müşahidə olunur.  Bu da ondan xəbər verir ki, Füzuli rayonu yaxın zamanlarda yenidən Azərbaycan iqtisadiyyatına  yüksək  töhfə verən rayonlardan birinə çevriləcək. Bütövlükdə Füzuli rayonu Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq standartlara uyğun olaraq intensiv şəkildə qurulur, yaşayış məntəqələri yenidən salınır. Bu da uzun illər işğal altında qalan və dağıdılan Füzuli şəhərinə həyat qayıtması ilə yanaşı, rayon üçün yaxın gələcəkdə kifayət qədər böyük imkanlar vəd edir. Füzuli Qarabağın bir hissəsi olaraq Azərbaycan iqtisadiyyatına öz töhfəsini növbəti illərdə daha da artıracaq.


Doğma yurda qayıdışın sevinci


"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Füzuli də öz əzəli sakinlərinə qucaq açıb. Şəhərdə görülən sürətli quruculuq işlərinin nəticəsidir ki, bu gün Füzuliyə köç karvanları yola salınır. Keçmiş məcburi köçkünlərin vətən, el-oba həsrətinə son qoyulur. Bu günədək 824 ailə - 3141 nəfər Füzuli şəhərində daimi məskunlaşıb. Köç prosesi mərhələli şəkildə davam edir. 

Prezident İlham Əliyevin sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilərək bu tarixlər bayrama çevrilib. 17 oktyabrda füzulililər Şəhər Günlərini qeyd edirlər. Şəhərə qayıdan sakinlər uzun illərdən sonra doğma ata-baba evlərində azad şəhərin təntənəsinə yığışırlar. Hələ rayonun neçə-neçə kəndinə köç olacaq, digər füzulililər də doğma yurda qayıdışın xoşbəxtliyini yaşayıb, sevinc göz yaşı axıdacaqlar. Qarabağ və Şərqi Zəngəzurun hər yerində həyat canlanacaq. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!