28 Mart 2024 16:33
251
CƏMİYYƏT
A- A+

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib  

 

Martın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında ölkəmizdə qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin də ən qanlı faciələrindəndir. Bu faciələr unudulmamalıdır.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində rolundan və misilsiz xidmətlərindən danışan M.Nağıyev vurğulayıb ki, biz artıq necə böyük, həmrəy xalq olduğumuzu yetərincə sübut etmişik.

Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə davam etdirildiyini diqqətə çatdıran YAP Səbail rayon təşkilatının sədri bildirib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verilib. Qaniçənlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların, vəhşiliklərin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alınıb. Zəfərimizlə Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olunub.

“Qarşıda yeni hədəflər dayanır və biz Azərbaycan xalqı olaraq birlik, həmrəylik sayəsində məqsədlərimizə çatacağıq”, - deyə o əlavə edib.

Tarixə, 1918-ci ildə xalqımızın başına gətirilənlərə qısa nəzər salan Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova bildirib ki, əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. O qeyd edib ki, 2020-ci və 2023-cü illərdə qazandığımız qələbələrlə ermənilərin “böyük Ermənistan” xülyasına son qoyuldu. Zəfərimizlə torpaqlarımızı geri qaytarmaqla bərabər, insanlarımızın hüquqlarını da bərpa etdik. “Faciələrimizi unutmamalıyıq. Qarşıya qoyulan hədəflərə çatmaq və düşmənin həmlələrindən qorunmaq üçün yaddaş mühümdür”, - deyən Səbail Rayon İcra Hakimiyyətinin rəsmisi vurğulayıb ki, Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına tezliklə nail olacağıq. Bizim məqsədimiz haqqın, ədalətin bərpasıdır. Azərbaycan xalqı öz Liderinə inanır və onun arxasındadır.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov deyib ki, Azərbaycanın heç vaxt başqa ölkələrin torpağında gözü olmayıb, amma, çox təəssüf, bizim ərazilərimiz qonşularımızın həmişə maraq dairəsində olub. Biz xalq olaraq tarix boyu bunun əziyyətini çəkmişik. Amma hər şeyin bir sonu olur.

Tarixi faktlardan ətraflı bəhs edən C.Bayramov ermənilərin uzun illər azərbaycanlılara qarşı apardıqları etnik siyasətin acı nəticələrini diqqətə çatdırıb. O, Ulu Öndərin Azərbaycan dövlətini və xalqını hər zaman ermənilərin təsir qüvvəsindən, məkrli siyasətindən qoruduğunu da bildirib.

“Faciələrimizi unutmamalıyıq. 20 Yanvar qırğını da, Xocalı faciəsi də 31 Mart soyqırımının davamı idi. Amma bədxah qüvvələr istəklərinə nail ola bilmədilər. Bizim bizdən başqa köməyimiz yoxdur. Həmrəy olaraq qarşıya qoyulan hədəflərə mütləq çatacağıq”, - deyə Cəbi Bəhramov vurğulayıb.

Milli Xalça Muzeyinin Şuşa filialının müdiri Azər Abdullayev Azərbaycan xalqının başına gətirilən faciə və müsibətlərin cavabının verildiyini bildirib. Qeyd edib ki, biz tariximizi, bizə yaşadılanları unutmuruq və unutmayacağıq.

Sonda tədbir iştirakçıları Milli Xalça Muzeyində sərgilənən eksponatlarla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video