Xüsusilə Bakıda, Sumqayıtda və Gəncədə havadakı bərk hissəciklərin miqdarı artır, tozlanma güclənir
2025-ci ilin payız ayları əvvəlki illərlə müqayisədə ölkəmizin bir çox bölgələrində kifayət qədər quraq keçib. Xüsusilə Aran və dağətəyi ərazilərdə yağıntının azlığı özünü daha qabarıq şəkildə göstərib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov məlumat verib.
Ekspert bildirib ki, uzun müddət müşahidə olunan yağıntı çatışmazlığı qış otlaqlarının vəziyyətinə ciddi təsir edib, bitki örtüyü xeyli zəifləyib: “Aran rayonlarının düzənlik ərazilərində də eyni proses müşahidə olunur. Bu isə qış mövsümündə heyvanların təbii yem bazasının azalmasına gətirib çıxaracaq. Fermerlər artıq əvvəlcədən tədbirlər görməlidirlər”.
R.Abbsovun sözlərinə görə, quraqlıq kənd təsərrüfatında digər problemlərə də səbəb olub. Həyətyanı sahələrin suvarılmasında çətinliklər yaranıb, əkinlərin vaxtında aparılması üçün torpağın rütubət tələbi artıb. “Bu il havanın qeyri-müəyyən və uzunmüddətli quraqlıqla keçməsi arzuolunmaz haldır. Artıq qış mövsümünə daxil oluruq və bu dövrdə vegetasiya prosesi zəiflədiyindən, indi yağacaq yağışların əvvəlki dövrlə müqayisədə effekti çox az olacaq”, – deyə ekspert vurğulayıb.
Quraqlığın şəhər mühitinə təsirlərindən danışan mütəxəssis qeyd edib ki, yağışsız günlərin uzun çəkməsi atmosfer havasının keyfiyyətini pisləşdirir: “Xüsusilə Bakıda, Sumqayıtda və Gəncədə havadakı bərk hissəciklərin miqdarı artır, tozlanma güclənir. Yerli və transsərhəd tozların şəhər havasından təmizlənməsi üçün yağıntıların olması son dərəcə vacibdir”.
Ekspert hesab edir ki, yaxın dövrdə müşahidə olunacaq yağıntılar ümumi ekoloji vəziyyətin sabitləşməsi üçün mühüm rol oynaya bilər.