Fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fləş-mob keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırımı zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb. Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda – Xocalıda anıblar.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, bu gün Xocalıda soyqırımı qurbanlarını unutmadığımızı dünyaya göstəririk: “Bu gün burada yandırılan şam işığı ilə yaddaşımızı yenidən alovlandırırıq. Bu şamların hərəsi bir ömürdür. Yarımçıq qalmış uşaq gülüşüdür. Bir ana harayıdır. Bu şamlar Xocalının 63 körpəsi üçün yanır. Onlar məktəbə getməli, böyüməli və yaşamalı idilər. Bu alov onların yarımçıq qalan ömürlərinin işığıdır. Bu şamlar həm də analar, ailəsini qorumağa çalışan atalar üçündür. Bu şamlar sönmüş həyatların deyil, sönməyən həqiqətin şamıdır”.
Tədbir şagirdlər tərəfindən səhnələşdirilmiş ədəbi-bədii kompozisiyanın nümayişi, Xocalı faciəsinə aid şeirlərin səsləndirilməsi ilə davam edib.
Fləş-mob çərçivəsində Xocalı dəhşətini əks etdirən fotosərgi də təşkil olunub. Tədbir şagirdlərin “Xocalı azaddır!” və “Xocalını unutmadıq!” şüarları səsləndirərək bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş “Ay Xocalı” mahnısının sədaları altında düzülərək, “Xocalı” sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.