Təbiət bizdən öz səxavətini yenə də əsirgəmir. Dünya səviyyəli peşəkar mütəxəssislər isə yeni texnika və texnologiyalar, qabaqcıl iş metodları ilə təbiətin bəxş etdiyi sərvətlərin üzə çıxarılması, mənimsənilməsi, yəni xalqın malına çevrilməsi, dövlətimizi daha da gücləndirməsi üçün var qüvvə və bacarıqla çalışırlar.
Hazırda Xəzərin Azərbaycan sektorunda istər istismarda olan yataqlarda, istərsə də perspektiv stukturlarda yeni karbohidrogen ehtiyatlarının axtarışı aparılır.
28 ildir neft və səmt qazı verən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları indi də sərbəst təbii qaz (STQ) vəd edir. Belə ki, AÇG-nin dərinliyində qazın olduğu ehtimalı var. Buradan çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür. Bununla bağlı ilkin hasilat quyusu planlaşdırılmışdı. Quyu artıq mövcud "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılıb.
Hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilib. Nəticədə QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib və AÇG-dən ilk STQ hasilatının gələn ilin birinci yarısında bu laydan başlanacağı gözlənilir.
Bundan əlavə, QA lay dəstində də yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib və həmin layda 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.
Qazdan söz düşmüşkən, bir qədər də "Şahdəniz Kompressiya Layihəsi" (ŞDK) barədə. 2,9 milyard dollar dəyərində olan bu layihədə məqsəd "Şahdəniz"dəki aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Bu ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra ŞDK layihəsi üzrə işlər bir sıra iri müqavilələrin imzalanması ilə irəliləyib. Layihə çərçivəsində yeni bir kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur.
Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə yeni qurğunun həmin il "Şahdəniz Alfa", 2030-cu ildə isə "Şahdəniz Bravo" platformalarından hasil edilən qaz həcmlərini kompressiya üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Bu ilin iyun ayında BP və SOCAR Xəzər dənizində daha iki blok üzrə anlaşma memorandumu imzalayıblar. Birinci blok Bakıdan 120 kilometr, "Günəşli" yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var.
İkinci blok Bakıdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi - Dan Ulduzu - Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var.
BP bu iki sazişin hər birində SOCAR-dan 35 faizlik iştirak payı alaraq hər iki müqavilə üzrə operatordur. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində BP-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.
"Qarabağ" yatağında ilk addım olaraq dənizdibi sensor qovşaqlarla (OBN) tədqiqat və yüksəkdəqiqlikli (HR)/ultra yüksəkdəqiqlikli (UHR) tədqiqatdan ibarət seysmik tədqiqat proqramının həyata keçirilməsi planlaşdırılır. OBN tədqiqatının bu ilin dekabrında başlayacağı və təqribən 3 ay yarım davam edəcəyi planlaşdırılır. HR/UHR tədqiqatın isə gələn ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.
OBN tədqiqatının yataq haqqında bilgiləri artıracağı, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarını optimallaşdırmağa kömək edəcəyi gözlənilir. HR/UHR seysmik tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
Bu seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı oktyabr ayında ictimaiyyətə açıqlanıb və nəzərdən keçirilmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.
Cari il iyunun 3-də "Bakı Enerji Həftəsi" çərçivəsində TPAO şirkətinin "Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş"ə qoşulmasına dair də sənədlər imzalanıb. Kəşfyyat işləri dövründə BP şirkətinin operator olacağı yeni razılaşmaya əsasən, layihə üzrə BP və SOCAR 35 faiz, TPAO isə 30 faiz paya sahib olacaq.
Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında SOCAR ilə BP arasında "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş" imzalanıb.
"Şəfəq-Asiman"a TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb.
Flora SADIQLI,
"Azərbaycan"