17 noyabr 1988-ci il Azərbaycan tarixində yalnız bir təqvim günü deyil, min illərin tarixi sınaqlarından çıxmış bir xalqın azadlıq mübarizəsinin başlanğıcı, müllətin özünə qayıdış günüdür. Erməni separatçılarının Topxana meşəsində törətdiyi ekoloji vandalizmə etiraz olaraq başlayan 17 noyabr hərəkatı sonradan azadlıq mübarizəsinə, xalq iradəsinin nümayişinə çevrildi. Bu, təkcə təbiətimizin məhv edilməsi, ağacların kəsilməsi ilə bağlı deyildi, həm də xalqımızın səbir kasasını daşıran, illərlə içində saxladığı narazılığın üzə çıxması idi.
Eyni vaxtda Moskvanın dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində separatçılıq hərəkatı "miatsum" şüarı altında şiddətləndirilir, vilayətin qeyri-qanuni olaraq Ermənistana birləşdirilməsi tələbi səsləndirilirdi. Azərbaycanlılar isə öz yurdlarında təzyiqlərə, təhqirlərə, zorakılıqlara məruz qalırdılar. Bu proseslər xalqda milli özünüdərk hissini daha da gücləndirirdi. Azərbaycan yalnız öz gücü ilə ayaqda qala bilərdi.
Minlərlə insanın Bakının Azadlıq meydanına çıxması azadlığa, ədalətə, milli oyanışa çağırış, müstəqilliyə gedən yolun ilk addımı idi. Milli Dirçəliş Gününün mahiyyəti də məhz bundadır: xalq öz gücünə, birliyinə və iradəsinə inanmağa başladı.
Ayağa qalxan xalqımız SSRİ rəhbərliyinin hadisələrə "biganəliyinin", müşahidəçi mövqedə dayanmasının bir planın tərkib hissəsi olduğunu anlayırdı. Bu bir həqiqətdir ki, Azərbaycan xalqı ayağa qalxmasaydı, sözsüz ki, ermənipərəst Mixail Qorbaçov torpaqlarımızı Ermənistana peşkəş edəcəkdi.
Topxana meşəsində erməni separatçılarının qanunsuz tikinti aparmaq istəyi və təbiətin qəsdən məhv edilməsi sadəcə ekoloji terror deyildi, Azərbaycan xalqına qarşı illərdir davam edən düşmənçiliyin yeni dalğası idi. Xalqın səbir kasası dolmuşdu. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında minlərlə insanın bir araya gəlməsi ilə Azərbaycan xalqının uzun illər boğulmuş səsi yenidən dirçələrək tarix səhnəsinə qayıtdı.
Noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi etirazlar sovet məkanında analoqu olmayan bir hadisə idi. Bu, rejimə qarşı bir xalqın kütləvi etirazı idi. İnsanlar yalnız ağacların qırılmasına yox, öz hüquqlarının tapdanmasına, torpaqlarının işğalına, soydaşlarının didərgin salınmasına, ədalətsizliyə və susdurulmaya etiraz edirdilər. Əslində, 17 noyabrda başlanan meydan hərəkatı azadlıqa təşnə olan bir xalqın "biz varıq" deyə yeni tarixə imza atdığı gün oldu. 1988-ci ilin noyabrında başlayan mitinqlər günlərlə, həftələrlə davam etdi. Yüz minlərlə insanın toplaşdığı meydanda əllərində üçrəngli bayrağamızı tutan insanların dillərində azadlıq şüarları vardı. Bu nümayişlər təkcə daxili etiraz yox, Kremlin diktəsinə qarşı milli müqavimət hərəkatı idi. Mitinqlərdə Dağlıq Qarabağa edilən haqsızlıqlara qarşı vahid mövqe formalaşdı, ədalət və müstəqillik ideyası genişləndi, Azərbaycan xalqı öz gücünü dərk etdi. Millətdə oyanış yaratdı. Ən önəmlisi isə 17 Noyabr - Milli Dirçəliş Günü müstəqilliyə gedən yolun başlanğıcı oldu.
1990-cı ilin iyulunda Heydər Əliyevin Naxçıvana gəlişi Azərbaycanda milli azadlıq hərəkatında yeni bir mərhələnin başlanğıcı oldu. O zaman ölkədə hakimiyyət qorxaq və səriştəsiz, bölgələr isə təhdid altında idi. Ermənistan hakimiyyəti Qarabağda artıq müharibə ocağını alovlandırmışdı, qığılcımları Naxçıvanı blokada altında saxlayırdı. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyevin Naxçıvana qayıdışı, Naxçıvan Ali Məclisinin Sədri seçildiyi ilk gündən xalqın milli mənafeyini müdafiə edən ardıcıl qərarlar qəbul etməsi ümidləri artırır, xalqın mübarizə əzminə güc qatırdı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi üçrəngli bayrağı rəsmi dövlət atributu kimi təsdiqlədi. Bu tarixi qərar Sovet İttifaqının mövcud olduğu bir vaxtda verildiyi üçün böyük siyasi cəsarət tələb edirdi. Həmin gün qəbul edilən qərarla Naxçıvanda SSRİ-nin gerbi və bayrağı endirildi. Ulu Öndər daha sonra Azərbaycan Ali Sovetinə müraciət edərək bayrağın bütün ölkədə dövlət rəmzi kimi qəbul edilməsini tələb etdi. Qısa müddət sonra bu qərar qəbul edildi. Bununla da Azərbaycanda milli dövlətçiliyin ideoloji əsası qoyuldu.
Ulu Öndər azadlığa gedən yolun siyasi konsepsiyasını hazırlayırdı. 1991-ci il martın 17-də SSRİ-nin saxlanıb-saxlanılmaması haqqında ümumittifaq referendumu keçirildi. Ümummilli Lider bu zaman konkret mövqe nümayiş etdirdi, referendumun keçirilməməsi üçün qarşıya öz iradəsini qoydu. Bu referendum Naxçıvanda keçirilmədi. Sözsüz ki, bu qətiyyət SSRİ-dən ayrılmaq istəyinin ilk rəsmi təzahürü oldu. O zaman bu qərar bir çoxu üçün gözlənilməz, lakin tarix üçün zəruri addım idi. Çünki Azərbaycanın müstəqillik arzusu ilk dəfə dövlət səviyyəsində ifadə edilmişdi.
1991-ci ilin iyulunda Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi müstəqillik yolunda verilən ən prinsipial qərarlardan biri idi. Bu addım həm ideoloji, həm siyasi baxımdan Azərbaycanın suverenliyi naminə atılmış çox cəsarətli imza idi.
Beləliklə, tarixi hadisələrin ardıcıllığı göstərir ki, 17 Noyabr xalqımızın tarixində müstəqillik ideyasının doğum günüdür. Bu gün milli şüurun oyanışı, insanların sovet rejiminin qorxusunu öldürdüyü, azadlıq ideyasının pöhrələndiyi və müstəqilliyin bünövrəsinin qoyulduğu gündür. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun başlanğıcı məhz 17 Noyabrda Azadlıq meydanında qoyuldu. Sonrakı illərdə Heydər Əliyevin qətiyyəti ilə bu oyanış dövlət quruculuğuna, ərazi bütövlüyümüz uğrunda mübarizəyə və bugünkü güclü Azərbaycan dövlətinin formalaşmasına çevrildi.
Elşən QƏNİYEV,
"Azərbaycan"