Bu günlərdə - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayevin "Azərbaycan" qəzetinin 8 may 2025-ci il tarixli nömrəsində işıq üzü görən "Sədaqət və cəsarətin manifesti" adlı çoxmənalı və təsirli essesini böyük rəğbətlə oxudum və yazdığı qiymətli fikirlərə cavab olaraq düşüncələrimi, minnətdarlığımı və onunla həmfikir olduğumu "Azərbaycan" qəzetinin oxucuları ilə bölüşmək istədim.
Hörmətli, Famil müəllim!
Yazınızın girişində qeyd etdiyiniz şəxsi faciənizi əks etdirən "Vaxtilə Daxili İşlər Nazirliyinin əməkdaşı olan atam dostunu qorumaq üçün sinəsini qabağa verir və qəhrəmancasına həlak olur..." cümləsi bir ailə hekayəsindən çox millətimizin genetik yaddaşında özünəməxsus yer tutan ali əxlaqi düşüncənin ifadəsidir. Bu hekayə sədaqət və cəsarətin yalnız sözdə deyil, əməldə necə yaşandığını göstərən canlı örnəkdir. Atanızın bu davranışı dostluğun ən ali formasını - fədakarlığı özündə ehtiva edir. Sədaqətin bu qədər müqəddəs, bu qədər fədakarlıqla qoşa olduğu məqamda dostluq artıq sadəcə münasibətə yox, əqidəyə çevrilir. Sizin də yazdığınız kimi: "Sədaqət - sadəcə dostluq yox, həm də əqidədir. Cəsarət - sadəcə qorxmamaq deyil, gərəkli anda doğrunun yanında olmaqdır". Bu sözlər bir insanın ailə yaddaşından süzülüb gəlsə də, bütöv bir xalqın ruhuna toxunan ifadələrdir. Bu fikirlər bizi həm duyğulandırır, həm düşündürür, həm də dostluq kimi ali bir dəyəri yenidən xatırladır.
Dostluq - sadəcə iki nəfərin bir-birinə yaxşı münasibət bəsləməsi deyil. Dostluq çətin anda kimin sənə əl uzatması ilə ölçülür. Ən əsası, kimin səni yaşatmaq üçün öz ömründən keçməsi ilə sübuta yetirilir. Tarix və cəmiyyət şəhidlik zirvəsini həmişə yüksək tutub. Amma şəhidlik təkcə Vətən uğrunda deyil, dost uğrunda da ola bilər. Bir nəfərin həyatını qorumaq üçün öz həyatını qurban verən adam, əslində, bir insanlıq fəlsəfəsi yazır. O, qanun kitablarında deyil, vicdan dəftərində yer tutur. O, cəmiyyətin vətənpərvərlik anlayışına yeni bir səhifə əlavə edir: dost uğrunda şəhidlik! Cəmiyyət olaraq biz çox şeydən danışırıq - sadiqlikdən, insanlıqdan, fədakarlıqdan. Amma bəzən bu anlayışlar havada qalır. Ta ki kimsə çıxıb bu dəyərlərin gerçək üzünü bizə öz ali davranışı ilə göstərənə qədər. Məsələn, bir insan atasının timsalında bizə göstərir ki, dostluq bəzən silahın qarşısında dayanmaqdır, ölümün gözünə dik baxmaqdır, başqasının həyatını xilas etmək üçün öz həyatına nöqtə qoymaqdır. Dost üçün canını vermək romantik qəhrəmanlıq deyil, bu, əqidənin, sədaqətin və bəlkə də ən ali insani keyfiyyətin real təzahürüdür. Cəmiyyətin mənəvi sütunları belə hadisələr üzərində qurulur. Çünki bu nümunələr insanlara təkcə fədakarlığı deyil, inamı da aşılayır - dostuna görə ölməyə hazır insan varsa, demək, hələ də yaşamağa dəyən bir cəmiyyət var. Dostluq həm də məsuliyyətdir. Sənin yanındakı insanın qürurunu, təhlükəsizliyini və həyatını qorumaq məsuliyyəti! Bu, qanunla tənzimlənmir, amma vicdanla idarə olunur. Tərəddüd etmədən səni ölümə aparacaq bir addım atırsan və bu zaman insanı "özünü düşün" instinkti deyil, "dostum yaşasın" prinsipi idarə edir. Belə nümunələr təkcə ailə tarixlərində yox, xalqın yaddaşında əbədiləşdirilməlidir. Çünki əsl dostluq cəmiyyətin etibar kapitalıdır. Bu kapital itdikcə insanlar bir-birindən uzaqlaşır, özlərinə qapanır və nəhayət, ictimai bağlar zəifləyir. Amma bir nəfər, bir hadisə bu dəyərləri yenidən gündəmə gətirə bilər. Dostu uğrunda gözünü qırpmadan can verən insanın adı cəmiyyətin vicdan tarixində qızıl hərflərlə yazılmalıdır.
Əsl dostluq sınaqdan keçmiş münasibətdir. Sınaqların ən böyüyü isə həyatı ölümə dəyişmək məqamıdır. Bu məqamda dostluq artıq şəxsi münasibət olmur. O, bir millətin mənəviyyat aynasına çevrilir. Bu aynada əks olunanlar isə gələcək nəsillərə örnək olur. "Atam dostunu qorumaq üçün canını verdi" deyən bir övlad, əslində, bir millətin vicdan salnaməsini danışır. Bu salnamədə sədaqət və cəsarət var. Bu gün biz bu kimi hekayələri eşidəndə təkcə bir insanın fədakarlığını yox, bir dəyərin dirilməsini görürük. Çünki fədakarlıq unudulanda cəmiyyət çökür. Amma xatırlananda və yaşadılanda - gələcəyin təməli möhkəmlənir.
Dostluq - sadəcə söz deyil.
Dostluq - həyatın son nöqtəsində verilən qərardır.
Essenizdə məntiqi və mənəvi ardıcıllıqla Ulu Öndər Heydər Əliyevin obrazına keçid edərək, sədaqət və cəsarətin dövlət səviyyəsində necə təcəssüm etdiyini gözəl tərzdə izah edirsiniz. Yazırsınız: "Azərbaycan tarixində elə bir şərəfli ömür var ki, o ömrün hər səhifəsi sədaqət və cəsarətin dövlət miqyasında təcəssümüdür - bu, Heydər Əliyev ömrüdür!" Bu qənaətiniz bütövlükdə bir dövrün şərhidir. Sədaqətin sadəcə şəxsi münasibətlərdə yox, həm də siyasi mübarizədə, millət qarşısında götürülən məsuliyyətdə özünü necə büruzə verdiyini Heydər Əliyevin taleyində gördük. Moskvada təqiblərə baxmayaraq, millətinə olan sədaqəti bir an belə sarsılmadı. 1993-cü ildə ölkənin varlığı sual altında olduğu anda xalqının çağırışına cavab verməsi bu həm cəsarət idi, həm də misilsiz sədaqət! Sizin də vurğuladığınız kimi: "Ulu Öndərin liderlik dönəminin başqa bir parlaq nümunəsi isə onun Azərbaycan xalqına göstərdiyi mənəvi sədaqətidir. O, yalnız öz iradəsi və böyük zəkası ilə xalqını təhlükələrdən qurtarmaqla kifayətlənmədi, həm də mədəniyyətimizi, tariximizi və milli kimliyimizi qorumaq üçün böyük mübarizə apardı. Azərbaycanın müstəqilliyini qorumaq uğrunda apardığı mücadilə - sədaqətin və dövlətə olan bağlılığın ən yüksək göstəricisi, ən parlaq örnəyidir".
Bu cümlələr yazının təkcə siyasi yox, həm də psixoloji-fəlsəfi qatının nə qədər güclü olduğunu göstərir. İnsan fitrətindəki sədaqət və cəsarət genetik bir şifrədir - bu fikri siz çox uğurla yazının bütün ruhuna hopdurmusunuz.
Məntiqi davam olaraq Heydər Əliyevin mənəvi və siyasi irsinin varisi Müzəffər Ali Baş Komandan İlham Əliyevə keçidiniz yazının kulminasiyasıdır. İlham Əliyevin timsalında bu gün biz sədaqətin cəsarətə və qələbəyə çevrildiyini görürük. Sizin vurğuladığınız "44 günlük savaşda Ali Baş Komandan kimi onun rəhbərliyi - təkcə əsgəri əmrlər yox, həm də misilsiz mənəvi səfərbərlik idi" cümləsi İlham Əliyevin liderliyini yalnız siyasi yox, mənəvi ölçüdə dəyərləndirməyin nə qədər vacib olduğunu xatırladır.
Bu məqamda yazınızdakı daha bir gözəl abzası xatırlatmaq istərdim: "Dəmir yumruq" düşmənin başı üzərindəki möhtəşəm qüvvə olmaqla bərabər, xalqımızın tarixində sədaqətin və cəsarətin simvoluna çevrildi. Həmin "dəmir yumruğ"un sahibi bir zamanlar Heydər Əliyevin cəsarətli əlindən tutmuşdu..." Bu cümlə poetik gücü və məntiqi dərinliyi ilə yazının ruhunu ifadə edir. Liderin əqidəsi, onun ruhu bu cür ötürülür, bu cür yaşadılır...
Bu yazı sadəcə dərin psixoloji təəssürat doğurmur, həm də özümüzə dönüb baxmağa vadar edir: Biz nə qədər sədaqətliyik? Biz cəsarət deyəndə nəyi anlayırıq? Bu ali keyfiyyətlər bizdə sadəcə ehtiram doğurur, yoxsa biz də onları yaşamaq üçün çalışırıq? Esseniz oxucuda bu sualları doğurur və bu, onun ali məqamıdır.
Sədaqət və cəsarət - bu iki söz bu qədər mənalı, bu qədər təsirli, bu qədər dərindən və bu qədər səmimi ancaq bu şəkildə təqdim oluna bilərdi.
Sonda əlavə etmək istədiyim bir fikir var. Bu yazı sadəcə şəxsi yaddaşın bədii-publisistik ifadəsi deyil, həm də bir xalqın mənəvi genetikasını əks etdirən mühüm mətnlərdən biridir. Ona görə də düşünürəm ki, bu kimi yazılar yalnız qəzet səhifəsində, yaxud fərdi təəssürat dairəsində qalmalı deyil. Belə yazıların məktəblərdə və universitetlərdə müzakirə mövzusu olması vacibdir. Çünki bu yazı gənclərə sadəcə məlumat yox, onlara ruh verir, dəyərləri tanıdır, şəxsiyyət formalaşdırır. Hər abzası bir sual doğurur: "Sədaqət nədir?", "Ruhundakı cəsarəti necə oyandırmaq olar?", "Dostluq hansı anda əqidəyə çevrilir?" - bu suallar gənclərin düşüncəsində fırtına qoparır və onları öz mənəvi mahiyyətləri ilə üz-üzə qoyur. Belə mətnlər milli tərbiyə sisteminin mayası olmalıdır. Media və maarifləndirici platformalar bu yazını tirajlamaqla cəmiyyətin mənəvi sütunlarını bərpa edə bilər. Çünki bu yazı ali yaddaş çağırışıdır və gələcək nəsillərə yol göstərir. Belə yazılar bizə yalnız keçmişimizi xatırlatmır, həm də sabaha daha güvənli, dəyərlər üzərində inşa edilən bir cəmiyyət miras qoyur.
Hüseynbala MİRƏLƏMOV,
texnika elmləri doktoru, professor