02 Oktyabr 2022 01:21
513
CƏMİYYƏT
A- A+

Vətən könüllüsü

 

Onun doğum günü ailələrində ən xoş, ən əziz gün sayılıb. Bilal Qənbərov üç bacının bircə qardaşı, evin sonbeşiyi idi. 1993-cü il sentyabrın 29-da Bakı şəhərində dünyaya göz açan uşağa babası Bilalın adını veriblər. 
O, Səbail rayonu E.Əliyev adına 162 nömrəli tam orta məktəbdə oxuyub. Tərbiyəsi, dərsə davamiyyəti ilə həm müəllimlərinin, həm də şagird yoldaşlarının hörmətini qazanıb. 2011-ci ildə orta məktəbi bitirib.
Anası Gültəkin Qənbərova danışır ki, sanki ömrünün uzun olmayacağı ürəyinə dammışdı Bilalın: "Hər şeyə tələsirdi. Tez ailə qurdu. Sevib-seçdiyi qızla evləndi. Nazlı adını verdikləri qızı dünyaya gəldi"...
Bilal Qənbərov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Yanvarın 5-də hərbi xidmətdən tərxis edilib. 
Hərbi xidmətdə olduğu üçün iki il doğum gününü evlərində qeyd edə bilməyib. Özü də, doğmaları da növbəti il bir yerə toplaşıb bu günü hər zamankından təntənəli keçirməyi düşünüblər. Amma həmin il 2020-ci il idi. Bilal Qənbərovun doğum gününə artıq iki gün qalmışdı ki, otuz ilə yaxın düşmənin işğal altında saxladıqları ərazilərimizdə döyüşlər gedirdi...
Azərbaycanın vətənpərvər oğulları bilirdilər ki, Vətənin, xalqın ümidi onlaradır. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlayan Vətən müharibəsində iştirak etmək, işğalçı ölkənin silahlı qüvvələrini torpaqlarımızdan qovmaq igidlərimizin Vətən qarşısında borcları idi.
Bilalgilin ailəsində gözlənilən məclis qurulmadı. Bilal Qənbərov sentyabrın 29-da, doğum günündə könüllü cəbhəyə yollandı. Doğmaları o zaman bildilər ki, o, döyüşlərdə iştirak etmək üçün könüllü yazılıbmış. Gültəkin xanım danışır: "Bir müddət əvvəl - iyul ayında da Ermənistanın təxribatı nəticəsində vəziyyət gərginləşmişdi. Oğlum o vaxt da çox istəyirmiş ki, ön cəbhəyə gedib vuruşsun".
Bilal Ağcəbədidə yerləşən N saylı hərbi hissədə təlimlərdə iştirak edib. Oktyabrın 3-də isə təlimlərdə iştirak edən əsgər yoldaşları ilə birlikdə ön cəbhəyə göndərilib. Bilal Qənbərov əvvəlcə Cəbrayıl rayonunun kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 

 

Nazlının qəhrəman atası

 

Hər döyüş qəhrəman döyüşçülərimizin zəfər salnaməsinə çevrilirdi. Ermənistan silahlı qüvvələri məğlubiyyətə uğrayaraq işğal etdikləri ərazilərimizdən geri çəkilmək məcburiyyətində qalırdılar. Ağır döyüşlərdə Bilal Qənbərov da dəfələrlə ölümlə üz-üzə gəldi. Oktyabrın 4-də Azərbaycan silahlı qüvvələrinin şücaəti nəticəsində Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi. Döyüşçülərimizin hədəfində digər strateji əhəmiyyətli məntəqələr, yüksəkliklər vardı. Şiddətli döyüşlər davam etdikcə, düşmən zəifləyir, texnika, silah-sursat və canlı qüvvə sarıdan böyük itkilər verməli olurdu. O qələbə soraqlı günlərdə Bilal ailəsinə hər dəfə zəng edəndə hər şeyin yaxşı olduğunu söyləyirdi: "Məndən narahat olmayın. Nazlıya yaxşı baxın, onun üçün darıxıram".
Gültəkin xanım deyir: "Oğlumun döyüş yoldaşları danışırlar ki, vəziyyət nə qədər təhlükəli olsa da, ölümün soyuq nəfəsini hiss etsək də, Bilal zarafatlarından qalmır, komandirinin, əsgər yoldaşlarının əhvalını yüksəldirdi. Bir də qızı barədə çox danışırdı". 
İgid əsgər Bilal Qənbərov Füzuli iştiqamətində gedən çətin əməliyyatlarda da iştirak edib. Oktyabrın 9-da Hadrut qəsəbəsinin işğalına son qoyublar. Bilal oktyabrın 10-da doğmaları ilə telefonla danışanda onun ruh yüksəkliyi, sevinci səsindən də hiss olunub.
Oktyabrın 11-də səhər tezdən telefon danışıqlarından sonra isə ailə üzvləri Bilaldan 4 gün xəbər ala bilməyiblər. Cəbhədən şəhid tabutları gətirilirdi. Anası deyir ki, düşünürdük, yəqin Bilala da nəsə olub, oktyabrın 15-də vurduğu zəng təşvişimzə son qoydu. 

 

Şuşaya doğru...

 

Şuşa  şəhərini işğaldan azad etmək artıq hər bir Azərbaycan zabitinin, əsgərinin ən böyük məqsədinə, arzusuna çevrilmişdi. Çox təhlükəli yollardan, ağır döyüşlərdən keçərək Şuşaya doğru irəliləyir, vuruşa-vuruşa kəndlərimizi azad edirdilər. Bilal Qənbərov da öndə idi.
Oktyabrın 31-də zəng edir evlərinə. Bəlkə də söyləmək istədikləri daha çox idi. Ancaq o, Şuşanı yağı düşməndən azad etmək uğrunda döyüşə tələsirdi. Bacısıgili təşvişə salmaq istəməsə də, deməliydi. Və dedi: "Bilmək olmaz, bu, son danışığımız da ola bilər. Hər şeyə hazır olun! Qızım Nazlı sizə əmanət, ondan müğayat olun!" Bir də Bilal ordumuz üçün dua istədi yaxınlarından...
Bilalın sağ-salamat qayıdacağına özlərini o qədər inandırmışdılar ki, o gün heç qorxmadılar. Noyabrın 2-də Bilal ağır döyüşdə iştirak etdi. Həmin gün döyüşdə yaralanan əsgər yoldaşlarından birini öz həyatını təhlükəyə ataraq ölümün pəncəsindən xilas etdi.
Noyabrın 3-də döyüşçü dostlarına deyib: "Ürəyimə damıb ki, bu gün şəhid olacağam". Həmin gün döyüşdə ağır yaralanıb. Qızğın döyüşlər gedirdi. Yaralıları vaxtında təxliyə etmək mümkün deyildi. Bilal Qənbərova da ilkin yardım göstərilib. Amma çox qan itirmişdi. Döyüşçülərimiz yalnız axşamüstü Bilalı və bir neçə yaralını dağdan endirə biliblər. Tibb məntəqəsinə çatdırmaq üçün kilometrlərlə yol keçiblər. Xəstəxanaya çatdırılanda vəziyyəti çox ağır idi...
Onun ən böyük arzusu Şuşaya bayraq sancmaq, evinə qalib əsgər kimi dönmək idi. Bilal Şuşanın azad olunmasını görmədi. Şuşa uğrunda döyüşdü və noyabrın 4-də şəhid oldu. Anası danışır ki, oğlumun bizə ən qiymətli yadigarı beş yaşlı qızı Nazlı, bir də dostlarının təqdim etdiyi bayraqdır. O bayraq ki üzərinə şəhidlərimizin qanları hopub. Döyüşçü dostları oğlumun son arzusunu yerinə yetiriblər, Şuşaya apardığı bayrağı gətirərək bizə - Bilalın ailəsinə təqdim etdilər".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi əməliyyatlarda qəhrəmanlıqla döyüşmüş Bilal Xanlar oğlu Qənbərov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video