BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən aparılan müqayisəli araşdırmada Almaniya uşaqların ümumi rifah halına görə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan 37 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, siyahıda ilk üç yeri Niderland, Danimarka və Fransa tutub. Sonuncu yerdə isə Çili qərarlaşıb. 2000-ci ildən bəri müntəzəm olaraq keçirilən bu araşdırmada təhsil, yoxsulluq, həmçinin fiziki və psixi sağlamlıq kimi amillər qiymətləndirilir.
Almaniyada 15 yaşlı yeniyetmələrin yalnız 60 faizi oxu və riyaziyyat üzrə minimum bacarıqlara sahibdir. Bu göstərici ilə ölkə müqayisəli məlumatları olan 41 dövlət arasında 34-cü yerdə qərarlaşıb. UNICEF-in Almaniya nümayəndəliyi bu vəziyyəti təşviş doğuran hal kimi qiymətləndirib. “Ölkəmiz gələcək imkanlarını itirir. Bu gün gənc nəslin cəmiyyətə inteqrasiyasına, təhsilinə və səhiyyəsinə sərmayə qoymayanlar gələcəkdə bunun bədəlini həm sosial, həm də iqtisadi cəhətdən ağır ödəyəcəklər”, - deyə UNICEF-in Almaniya üzrə rəhbəri Kristian Şnayder bildirib.
Araşdırma Almaniyada imkansız və varlı ailələrdən olan gənclər arasındakı fərqin xüsusilə kəskin olduğunu ortaya qoyub. Belə ki, aztəminatlı ailələrdə uşaqların yalnız 46 faizi əsas bacarıqlara yiyələndiyi halda, təminatlı ailələrdə bu göstərici 90 faiz təşkil edir. Fiziki sağlamlıq üzrə Almaniya 15-ci yerdə, psixi sağlamlıq üzrə isə 21-ci pillədə qərarlaşıb.
Sorğu aparılan ölkələrdə təxminən hər beş uşaqdan biri yoxsulluq şəraitində yaşayır. UNICEF-in məlumatına görə, Almaniyada uşaq yoxsulluğu dərəcəsi uzun illərdir dəyişməz qalaraq 15 faiz səviyyəsində qərarlaşıb və bu, bir çox uşağın gələcəyinə mənfi təsir göstərir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”