Şimali Kipr Türk Respublikasının (ŞKTR) xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, R. Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini və həmin görüşlərdə gələcəkdə ŞKTR-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb, Şimali Kiprin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırıb.
O, TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri nazir T.Ertuğruloğlunun diqqətinə çatdıraraq, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə ŞKTR-yə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi qeyd edib, Assambleyanın səlahiyyətləri çərçivəsində Şimali Kiprin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Baş katib TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstanın Parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüsləri hazırladığını və bu təşəbbüslərdə ŞKTR nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.
Öz növbəsində nazir T.Ertuğruloğlu Şimali Kipr ilə Türk dünyası arasındakı əlaqələrin hər sahədə inkişafını və möhkəmlənməsini hədəflədiklərini bildirərək qarşılıqlı əlaqələrin əhəmiyyətinə diqqət çəkib və bu çərçivədə ŞKTR-in beynəlxalq aləmdə tanıdılmasına verdikləri dəstəyə görə TÜRKPA nümayəndə heyətinə təşəkkürünü ifadə edib.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.