14 Yanvar 2022 10:26
356
Məktublar

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana


Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video