19 Sentyabr 2023 00:27
412
İQTİSADİYYAT
A- A+

Türk dünyasının iş adamları "İstanbul forumu"nda yeni təşəbbüslər irəli sürüblər

 

Sentyabrın 14-15-də Türkiyənin İstanbul şəhərində türk dünyası üçün iki böyük və əlamətdar tədbir keçirilib.

Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, bizneslərin inteqrasiyası, yeni bazarlara çıxış imkanlarında vahid yanaşma tətbiq etmək və digər önəmli məsələlər ətrafında geniş müzakirələr aparılıb və qərarlar qəbul edilib.

Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes-Forumu keçirilib.

Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatın sədrliyi ilə keçən Türk Dövlətləri Təşkilatının iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşündə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, təşkilata üzv dövlətlər arasında ticarət dövriyyəsi artıb və nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və sairə sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri mövcuddur.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistan Respublikasının gənclər siyasəti və idman naziri Adham İkramov, Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu çıxışlarında geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və bir çox imkanlara malik olan Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikirlər səsləndiriblər.

Türk Dünyası Biznes Forumunda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hısarcıklıoğlu görülən işlər, türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüb. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Konfederasiya prezidenti əsası 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatının yaradılmasından 14 ilə yaxın vaxt ötdüyünü və təşkilatın inkişafında qardaş ölkələrlə birlikdə dövlətimizin, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin böyük rolu olduğunu vurğulayıb. O bildirib: "Türk dövlətlərinin siyasi birliyi iqtisadi münasibətlərin güclü inkişafını və inteqrasiyanın dərinləşməsini tələb edirdi və təşkilata üzv ölkələrin sahibkarlarının da bir vahid platforma altında birləşməsini şərtləndirirdi. Məhz Türkiyə Odalar və Borsalar Birliyinin xüsusi səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı nəzdində Türk Ticarət və Sənaye Palatası yaradıldı. Palatanın yaradılmasında Azərbaycan Sahibkarlar Konfederasiyası da önəmli yer alıb və üzv olmaqla palatanın gələcək inkişafına öz töhfəsini verib".

Son statistik məlumatlara görə, Türk Dövlətləri Təşkilatının üzvlərinin ümumi ərazisi 4,8 milyon kvadratkilometr, əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədərini, ticarət dövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir.

Türk Ticarət və Sənaye Palatalar Birliyi ilk növbədə sahibkarların şəbəkələşməsini, bir-birini tanımasını, ölkələrimizin iqtisadiyyatını, onun qaydalarını, özəlliklərini öyrənməyə imkan verdi. Ötən dövr ərzində artıq üzv dövlətlərin hər birində biznes-forumlar təşkil olunub və yeni iqtisadi əməkdaşlıqların əsası qoyulub. Hər bir görüş iqtisadi inteqrasiyaya öz töhfəsini verir və bu görüşlərin böyük əhəmiyyəti var.

Konfederasiya rəhbəri türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün təkliflərlə çıxış edib:

* "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi yükdaşımalara dair ilkin məlumat mübadiləsi əsasında sadələşdirilmiş gömrük dəhlizindən istifadənin hüquqi təməlini təşkil edir. Bu isə daşımalarda səmərəliliyin artırılmasına, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə, ölkələrimizin ticarət dövriyyəsinin artırılmasına təkan verəcəkdir. Bu istiqamətdə coğrafi mövqeyini və logistika imkanlarını nəzərə alaraq Azərbaycanın mərkəz rolunu oynamasını təklif edirik.  Regional dəyər zəncirlərinin formalaşması üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət və tranzit koridorlarının, o cümlədən Zəngəzur dəhlizinin qurulması və inkişaf etdirilməsi mühümdür.

*  Türk Ticarət və Sənaye Palataları Birliyi ölkələrində dəyər zəncirinin qurulması mühüm amildir. Yüksək əlavə dəyər yaradan məhsul istehsal edərək, ölkələrimizin birgə fayda əldə etməsinə nail olmalıyıq.

*  Üzv ölkələr arasında insan kapitalının hərəkəti və şirkətlərin işçilər səviyyəsində təcrübə mübadiləsinin aparılması, bilik və bacarıqların artırılması üçün təlim proqramlarının təşkili vacibdir.

*  Davamlı və dayanıqlı ticarət mühitinin formalaşması üçün təşkilata üzv ölkələr arasında yarana biləcək ticarət ilə bağlı mübahisələrin həlli mexanizmlərinin hazırlanmasını təklif edirik.

*  Onlayn əməliyyatları və transsərhəd məlumat axınını asanlaşdıran rəqəmsal ticarət (e-ticarət) üçün vahid platformanın hazırlanması, məhsul və xidmətlər üzrə mövcud texniki standartların, hüquqi tənzimləmələrin vahid bir formaya salınması sahəsində görülməli işlər çoxdur.

*  Türk İnvestisiya Fondunun fəaliyyətə düşməsi və üzv ölkələrdə fəaliyyətinin genişləndirilməsi, şübhəsiz, biznes ictimaiyyətinin ən çox gözlədiyi məqamlardandır.

*  Bir təklifim də ondan ibarətdir ki, təşkilatımıza üzv ölkələr arasında vahid İnkişaf Bankı yaradılsın. Bu, mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı və s. kimi örnəkləri sadalamaq olar.

M.Musayev Türkiyə və Azərbaycanın İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında birgə fəaliyyətinə də toxunub:

"Bilirsiniz ki, cənab Rıfat Hisarcıklıoğlu və mən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatında Direktorlar Şurasının üzvüyük. Hesab edirəm ki, türk dövlətlərinin İslam dünyası ilə əlaqələrinin gücləndirilməsinə böyük töhfə verə bilərik. İslam ölkələri kənd təsərrüfatı və xüsusən də halal qida seqmenti üzrə türk dövlətlərinin iş adamları üçün maraqlı və yeni bir coğrafiyadır".

Sonra konfederasiya prezidenti Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlər, iş adamları üçün yaradılmış münbit şəraitə toxunaraq, "Türk dünyasının iş adamlarını Qarabağa investisiya yatırmağa, onun iqtisadi imkanlarından faydalanmağa çağırır" və bu fəaliyyətdə "Sizinlə birlikdəyik, Sizin yanınızdayıq", - deyib.

Digər çıxışçılar da təşkilata üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensialın olduğunu qeyd ediblər. Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir.

Forum işgüzar dairələrin iştirakı ilə keçirilən ikitərəfli (b2b) görüşlərlə davam edib.

Forumun iştirakçıları Azərbaycanın Ticarət Nümayəndəliyində də görüş keçiriblər. Görüşdə Türk Ticarət və Sənaye Palataları Birliyinin rəhbəri Rıfat Hısarcıklıoğlu, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycanın ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və sahibkarlar iştirak ediblər. Burada Azərbaycan Ticarət Nümayəndəliyinin fəaliyyəti, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları, birgə müəssisələrin yaradılması və digər mövzularda maraqlı müzakirələr aparılıb.

Sentyabrın 15-də Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının keçirilməsi Türkiyə Prezidenti cənab Rəcəp Tayyib Ərdoğanın iştirakı ilə xüsusi önəm daşıyıb. Qurultayın açılış mərasimi çərçivəsində "Türk Dövlətləri Təşkilatı ilə 5 dövlət 1 diaspor" sessiyası təşkil edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyətinin də təmsil olunduğu bu tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirə aparılıb.

Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video