Azərbaycanın "Əkinçi" ilə başlanan mətbuat tarixində elə nəşrlər vardır ki, adları millətin və dövlətin tərəqqisi ilə birgə assosiasiya olunur. Bu nəşrlərdən biri də yaşı 105-i haqlamaqda olan Cümhuriyyət yadigarı "Azərbaycan" qəzetidir. Olduqca mürəkkəb tarixi şəraitdə Azərbaycanın istiqlal məfkurəsindən qaynaqlanaraq meydana çıxmış bu qəzet öz yaranışı və fəaliyyəti ilə bütün qaranlıqlara işıq saçıb ictimai həyatı canlandırdı. Ağır bir zamanda mövcudluq uğrunda ölüm-dirim savaşı aparan bir toplumun ictimai tribunasına çevrilmiş rəsmi dövlət qəzeti "Azərbaycan" müstəqilliyə can atan bir xalqı milli oyanışa səslədi, milli kimlik və istiqlal məsələsini önə çəkərək, bu xalqın gur səsi, onun qurduğu hökumətin rəsmi və mötəbər tribunası oldu. Qəzet XX əsrdə keşməkeşli tariximizin salnaməçisinə və dövrü şəffaf şəkildə göstərən güzgüyə çevrildi.
"Azərbaycan" ilk saylarında nədən yazırdı?
Azərbaycan Milli Şurası 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Burada hakimiyyət məsələsi üstündə yaranmış siyasi böhran tezliklə aradan qaldırıldı. Milli Şuranın qanunvericilik vəzifələrini öz üzərinə götürən və F.Xoyskinin rəhbərlik etdiyi yeni hökumət kabinəsi tezliklə dövlət orqanlarını formalaşdırmağa başladı. İlk növbədə ölkədəki hərbi vəziyyətlə bağlı ümumi səfərbərlik elan olundu. İyunun 21-də Osmanlının qədim bayraqlarından biri Cümhuriyyətin müvəqqəti bayrağı kimi təsdiqləndi. İyunun 27-də türk dili dövlət dili elan edildi. Bundan başqa, mövcud vəziyyəti nəzərə alaraq ölkədən kənara ərzaq çıxarılması yasaqlandı. Həmçinin Mart qırğınlarını araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Azərbaycan hökuməti bu tədbirlərlə yanaşı, geniş auditoriya üçün türk və rus dillərində "Azərbaycan" adlı qəzet buraxmaq haqqında qərar verdi və bunun üçün hazırlıq işlərinə başlanıldı. Nəhayət, Qafqaz İslam Ordusunun paytaxt Bakını erməni-bolşevik işğalından azad etdiyi gün - 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində "Azərbaycan" qəzetinin ilk nömrəsi işıq üzü gördü. Qəzetin ana dilində buraxılmış səhifələrinin yuxarısında qəzetin adı ilə yanaşı, "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan"ın səhifələri açıqdır" qeydi də verilmişdir.
İlk dörd nömrəsi Gəncə şəhərində nəşr edildikdən sonra qəzet beşinci nömrədən öz çapını Bakıda davam etdirməyə başladı. Nəşrin ilk saylarının buraxılışında redaktor imzası əvəzinə kollektiv məsuliyyəti ifadə edən və indiki anlamda "Redaksiya heyəti" mənasını verən "Heyəti-idarə", "Heyəti-təhririyyə" yazılırdı. İki ilə yaxın fəaliyyət göstərmiş qəzetin Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olunub.
Qəzetin nəşri insanlara ölkədə nə baş verdiyindən xəbər tutmağa imkan verirdi. Qəzet səhifələrində hökumətin çoxşaxəli fəaliyyəti əks olunur, cəmiyyətdə gedən proseslər güzgü kimi göstərilir, xalqı düşündürən problemlər haqqında söhbət açılırdı. İstiqlal ideyalarının şüurlara yeridilməsi, beynəlxalq təhlükənin artdığı bir vaxtda ölkədə müstəqilliyin addım-addım möhkəmləndirilməsi göstərirdi ki, artıq Azərbaycan məfhumu "coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir". Buna görə də qəzet tədricən milli düşüncənin, azərbaycançı fikirlərin və əməllərin, istiqlal idealının tribunasına çevrilirdi. Bəs tezliklə Cümhuriyyətin tarixi fəaliyyətinin mətbu salnaməsinə çevrilmiş "Azərbaycan" qəzeti Gəncədə çıxmış ilk saylarında nədən yazırdı?
Təbii ki, əsas mövzu Bakının işğaldan azad edilməsi, bununla bağlı Qafqaz İslam ordusunun qəhrəmanlığı idi. Bu baxımdan qəzetin 15 sentyabr 1918-ci il tarixli ilk nömrəsi daha xarakterikdir. Həmin nömrədə "Müharibə meydanında" başlığı altında verilmiş hərbi xronika Bakı uğrunda ölüm-dirim savaşının dolğun mənzərəsini yaradır. Cəbhədə qarşılıqlı artilleriya atəşləri, düşmən təyyarəsinin top atəşi ilə zərərsizləşdirilməsi, Ağdamda bir ingilis təyyarəsinin pilotu ilə birlikdə ələ keçirilməsi, Gürcüstan sərhədi yaxınlığında erməni quldur dəstəsinin tərk-silah olunması, Qarabağda erməni silahlı dəstələrinin təqib edilməsi və s. məlumatlar dövrün mürəkkəb hərbi vəziyyətini dolğun şəkildə göstərir. Həmin nömrədə Bakının erməni-bolşevik əsarətindən xilas edilməsi, bununla bağlı Nuru paşanın "Bakı azad edildi" teleqramı, hökumət başçısı F.Xoyskinin Nuru paşa və Xəlil paşaya ünvanladığı müraciətlər, həmçinin İstanbul və Tiflisdən göndərilmiş təbrik teleqramları da öz əksini tapmışdır.
Ölkədəki hərbi-siyasi vəziyyət, hərbi çağırış üzrə qurumun fəaliyyəti, Daxiliyyə İşləri Nazirliyinin məlumatları, dövlət quruculuğu məsələləri, o cümlədən hərbi məktəb və kursların təşkili haqda qəzetdə çap olunmuş xəbərlər də maraq doğurur. İlk nömrədən başlayaraq hökumətin fəaliyyətindəki yeniliklərin xəbər lentində verilməsi həmin dövrdə gedən prosesləri bütün təfərrüatı ilə öyrənmək üçün "Azərbaycan" qəzetini mötəbər mənbəyə çevirir. Çünki mövzusundan asılı olmayaraq qəzet haqqında söz açılan məsələlərə müstəqil dövlətin formalaşdırılması və möhkəmləndirilməsi mövqeyindən yanaşır, qurulmaqda olan milli dövlətin və yeni cəmiyyətin ideyalarını və hökumətin əməli addımlarını xalqa çatdırırdı.
Qəzet günün aktual mövzularını sentyabrın 19-da çap olunmuş 2-ci nömrəsində də davam etdirir. Xüsusən Bakının alınması mövzusunu detalları ilə yazaraq, bu günümüz üçün də maraqlı olan faktlardan bəhs edir. Məsələn, qəzetin aşağıdakı məlumatları tarixi baxımdan xeyli maraqlıdır:
- "Redaksiyamızın aldığı xəbərlərə görə, Bakıda 8000 nəfərə qədər ingilis əsir götürülmüşdür. "Ərdahan" kanoner qayığı istisna olmaqla, bütün ticari və hərbi donanma tutulmuşdur".
- "Şəhər ermənilərinin 6 nəfərlik nümayəndə heyəti, arximandrit Levonun rəhbərliyi ilə 15 sentyabrda Baş Nazir F.Xoyskini və Nuri paşanın Gəncə şəhərindəki müavinini Bakının alınması münasibəti ilə təbrik etmişdir. Ruhanilər adından təbrikləri arximandrit Levon, şəhər xalqı adından isə İ.N.Xocayev və Q.M.Şahnazarov çatdırmışdır. Nümayəndə heyəti Nuri paşanı təbrik etmək üçün cəbhəyə və şəhərin erməni əhalisini sakitləşdirmək üçün Bakıya getmək icazəsini Türk Komandanlığından istəmişdir. Nuri paşanın müavini bunun üçün cəbhədən razılıq almağa çalışacağını söyləmişdir.
- "Bakıda ciddi ərzaq qəhətliyi hiss olunduğundan, Qafqaz İslam Ordusu Komandanlığı Bakıya ərzaq daşıyan nəqliyyat vasitələrinə heç bir halda maneçilik törədilməməsini əmr etmişdir".
- "Şərq cəbhəsi komandanı Xəlil paşa dünən gecə Bakıdan qayıtmış və Gəncədə dayanmayaraq Tiflisə keçmişdir".
- "16 sentyabrda Azərbaycan Hökuməti tam tərkibdə xüsusi qatarla Bakıya yola düşmüşdür. Hökumət qurumları hələlik Gəncədə fəaliyyət göstərir və nazirlər bir neçə gündən sonra Gəncəyə qayıdacaqlar. Əlverişli şərait yaranan kimi bütün mərkəzi qurumlar Bakıya köçürüləcək. Bakı şəhərinin alınmasıyla əlaqədar olaraq, 15 sentyabrda şəhərdə nümayişlər keçirilmişdir. Nümayişçilər hökumətin yerləşdiyi oğlanlar gimnaziyasının binasına yaxınlaşmışlar. Baş Nazir nümayişçilərin qarşısına çıxaraq təbrik nitqi söyləmişdir".
Qəzet ilk saylarında ölkənin yerli həyatına diqqət yetirərək öz oxucularını baş verən yeniliklərdən xəbərdar edirdi. Həmin xəbərləri oxuduqca göz önündə dövrün dramatik hadisələri tam dolğunluğu ilə canlanır. Həmin xəbər xronikasından məlum olur ki, Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə polkovnik Cavad bəy Şıxlinski Gəncə şəhərinin komendantı, minbaşı Süleyman əfəndi isə onun köməkçisi təyin edilmişdir. Gəncə şəhər komendantının əmri ilə 16 sentyabrda şəhərdəki zabitlərin, hərbi məmurların və aşağı rütbəlilərin sənədləri yoxlanmışdır. Gəncə quberniyası həbsxanasının rəisi K.Fəttahov və Gəncə şəhəri 2-ci qisminin pristavı A.Mirzoyants vəzifələrindən azad edilmişlər. Bildirilir ki, Gəncə şəhərində ərzaq idarələri təftiş edilir. Bununla əlaqədar olaraq, idarənin bəzi işçiləri nəzdində axtarış həyata keçiriləcəkdir. Başqa bir məlumatda deyilir ki, məktəblərin milliləşdirilməsi ilə əlaqədar olaraq, 9 sentyabrdan etibarən Gəncə Müəllimlər Seminariyasının kurslarında dərslər türk dilində keçiriləcəkdir.
Qəzetin çap etdiyi məlumata görə, Gəncə şəhərində divarlara Nuru paşanın erməni xalqına müraciətini əks etdirən vərəqələr yapışdırılmışdır. Qafqaz İslam Ordusu komandanı bu müraciətində Andranikin və "Daşnaksutyun" partiyasının digər rəhbərlərinin bandalarının müsəlmanlara qarşı düşmən hərəkətlərini qeyd etmiş, erməniləri provokasiyalara qapılmaqdan sapındırmış və müsəlmanlarla sülh şəraitində yaşamağa səsləmişdir.
Bu gün olduğu kimi, 1918-ci ilin sentyabr-oktyabr günlərində və ümuməm Cümhuriyyətin mövcud olduğu iki ildə "erməni təxribatları" qəzetin əsas mövzularından biri olmuşdur. Həmin illərdə xarici qüvvələrə arxalanan erməni qüvvələri Azərbaycanın müstəqilliyi üçün əsas təhlükə mənbələrindən biri olmuşdur. Bu baxımdam "Azərbaycan"da çap olunmuş (19 sentyabr 1918) "Ağlını başına yığmaq vaxtıdır" adlı redaksiya yazısı çox ibrətamizdir. Yazıda qeyd olunur ki, Nuru paşanın Azərbaycan ermənilərinə müraciətində Qafqaz xalqlarının sülh şəraitində birgə yaşayışı tarixində ən mənfi rolu oynamış və təəssüf ki, oynamaqda davam edən o acı problemə toxunulmuşdur. Yazıda deyilir: "Qonşumuz erməni xalqı təəssüf ki, fanatik "Daşnaksütyun" partiyasının simasında öz rəhbərləri tərəfindən böyük nisbətdə kor edilmişdir. Öz xalqının tarixində ölümcül rol oynamış bu partiya hal-hazırda elə bir vəziyyətlə üzləşmişdir ki, mütləq dönüb geriyə baxmalı, bütün tarixi səhvlərini etiraf etməli və öz siyasətini dəyişdirmək istiqamətində radikal addımlar atmalıdır. Bu yol - Osmanlı İmperiyasını yıxmağa çalışan, özlərinin Şərq siyasətini erməni xalqının qanı bahasına həyata keçirən və əsrlərdən bəri erməni xalqını gerçəkləşməsi imkansız olan ehtiraslarla bəsləyən Antanta dövlətlərinin intriqalarından birdəfəlik əl çəkmək yoludur. Erməni xalqının qonşularıyla sülh şəraitində yaşaması ancaq o zaman mümkün ola bilər. Zaqafqaziyanın hər yerində cərəyan edən qanlı hadisələrə baxmayaraq, təəssüf ki, erməni xalqının rəhbərlərinin qəti surətdə ağıllandıqlarını hələlik müşahidə etmirik". Yazıda göstərilir ki, fərarilərdən ibarət silahlı erməni bandaları Qazax uyezdinin sərhədində və Türk Ordusunun hərəkət yolu üzərində dinc müsəlman xalqa zülm etməkdə və keçib gedən türk eşelonlarıyla partizan müharibəsi aparmaqda davam edir. Gəncə quberniyasının dağlıq hissəsində axır vaxtlarda köçəri müsəlmanlara hücum hallarına tez-tez rastlanmaqdadır. Qarabağ ermənilərinin bir hissəsi, ingilis qızılıyla dəstəklənən Andranikin ölümcül avantüralarına qapılmaqda və Azərbaycan dövlətinin bütövlüyünə qarşı təxribat törətməkdədir.
Ümumiyyətlə, "Azərbaycan" qəzeti təkcə ilk saylarında deyil, 1918-1920-ci illər ərzində çap olunan bütün nömrələrində ən aktual mövzuları diqqət mərkəzində saxlayıb. Ölkə parlamentinin - Məclisi-Məbusanın iclaslarını, milli hökumətin fəaliyyətini, ölkənin siyasi, iqtisadi və mədəni həyatında baş verən hadisələri ən xırdalıqlarına qədər işıqlandırıb. Azərbaycanın xarici siyasətinə, xüsusən şimaldan gələn təhlükələrə böyük diqqət yetirib. Müstəqil dövlətin ictimai-siyasi, iqtisadi-təsərrüfat həyatını, mədəni quruculuq proseslərini müxtəlif janrlı yazılarda geniş əks etdirib. Xalqa müstəqilliyin, istiqlalın, dövlətin, demokratiya və onunla bağlı dəyərlərin nə demək olduğunu anladıb. Millətə ozamankı qarmaqarışıq dünyanın təhlükəli axınında var ola bilmək bacarığını aşılayıb.
Qəzet təkcə Bakıdan deyil, Cümhuriyyətin hər yerindən və həm də hər türlü şeylərdən xəbərlər dərc edib: yaxın-uzaq ölkələrdəki siyasi vəziyyətdən, gələn qonaqların şərəfinə verilən ziyafətlərdən, beynəlxalq münasibətlərdən, yeni cəmiyyət quruculuğundan, ölkəni bürüyən erməni bəlasından, bazarlarda hökm sürən bahalaşmadan, bələdiyyələrin fəaliyyətindən, dəllalların özbaşınalığından, su qıtlığından, ərzaq çatışmazlığından, mədəniyyət yeniliklərindən, teatr tamaşalarından, camaatın dərdlərindən yazıb. Elə bütün bunlara görə də ümummilli qəzet statusunu qazanıb. Məhz bu cəhətinə görə "Azərbaycan" qəzeti olduqca mötəbər, qiymətli arxiv mənbəyi, dəyərinə görə ölçüyəgəlməz dərəcədə zəngin bir xəzinədir. Hazırda bu qəzetin səhifələrini vərəqləmək kifayətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutuna qədər keçdiyi şərəfli yolu göz önündə canladırmaq mümkün olsun.
Üzeyir bəy Hacıbəyli: "Qəzetəmiz Vətən istiqlalı üçün çalışır"
"Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahim, rusca buraxılışlara isə Səfi bəy Rüstəmbəyli redaktorluq edib. Mətbuat sahəsində daha böyük təcrübəyə malik olan Ü.Hacıbəylinin redaktorluğu daha uzun çəkib və o, "Azərbaycan"ın ideya-siyasi səviyyəsinin yüksəldilməsinə, qəzetçilik baxımından ciddi uğurlar qazanmasına daha çox töhfələr verib. Professor Şirməmməd Hüseynov kimi tədqiqatçıların bu fikri ilə razılaşmaq lazım gəlir ki, "Azərbaycan" adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada "Azərbaycan" qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsi idi, hər şeydən əvvəl ona görə ki, bu nəşr hansısa firqə maraqlarını deyil, ümummilli düşüncəni əhatə edirdi. Bununla bağlı qəzetin baş redaktoru Ü.Hacıbəyli yazırdı ki, "Azərbaycan" qəzetinin guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet olması barədə danışılanlar doğru deyildir. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, "qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir".
Cümhuriyyət qurucularından biri olan Ü.Hacıbəyli təkcə çoxsaylı kollektivi olan redaksiyanı idarə etmirdi, təkcə yaradıcılıq işlərini tənzimləmirdi, həm də "Azərbaycan"ın səhifələrində bir-birindən maraqlı reportajlar və məqalələr çap etdirirdi. Bu mənada onun parlamentin açılışından yazdığı reportaj (9 dekabr 2018) parlaq jurnalistika nümunəsidir. Nə yaxşı ki, son illərdə Ü.Hacıbəylinin "Azərbaycan" qəzetində indiyədək çap olunmamış, bu günümüzlə səsləşən, AXC dövrünün bütün uğurlarını və qarşılaşdığı çətinlikləri özündə əks etdirən məqalələri ayrıca kitab halında nəşr olunmuşdur.
Üzeyir bəy "Azərbaycan"dakı publisistik yazılarını "Hacıbəyli Üzeyir", "Üzeyir", "Ü.Hacıbəyli", "Ü.Əbdül" və başqa imzalarla dərc etdirmişdir. Onun "Mühüm məsələlər" (1 dekabr 1918), "Partiyalarımıza" (3 dekabr 1918), "Azərbaycan Parlamanı" (5 dekabr 1918), "Tarixi günümüz" (7 dekabr 1918), "Təəssürat" (9, 13, 16 dekabr 1918), "Vəzifəmiz nədir"
(24 dekabr 1918), "Bir iltimas münasibətilə" ( 3 yanvar 1919), "Ehtiyat lazımdır" (15 yanvar 1919) və s. bu qəbildən olan publisistik yazıları təkcə bir müəllifin deyil, ümumən böyük istiqlal sınağından keçməkdə olan bir xalqın istək və düşüncələrinin ifadəsidir.
Bu yazılarda biz onu vətənpərvər, istiqlal aşiqi, azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı münasibətilə yazdığı "Təəssürat" silsilə məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər: "Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...
Parlaman imarətinin içində zinyət cümləsindən calibi-diqqət olan şey qiymətli xalılar degil idi, bəlkə fiatı ucuz, lakin mahiyyəni-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayraqlarımız idi.
Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: "Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz!" - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladədən başımın tükləri biz-biz durdu... Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı" ("Azərbaycan", 9 dekabr 1918).
Məclisi-Məbusanının fəaliyyətə başlamasından iki gün əvvəl Ü.Hacıbəyli "Azərbaycan parlamanı" (5 dekabr 1918) adlı məqaləsində qeyri-müsəlman cəmiyyətlərin və qərəzli xarici-daxili düşmənlərin yeni qurulmuş hökumət əleyhinə apardıqları təxribata qarşı çıxaraq onların Azərbaycan türklərinin azad və firavan yaşamalarına qarşı olan məkrli niyyətlərini açıb göstərirdi. Dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəməyənlərə, lal edilib hüquqları alınmış bir millətin açılıb söz söyləməsini, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim degil, yalnız müstəqil və azad olmasını qəbul etməyənlərə milli mücahid qətiyyətilə cavab verirdi: "...bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də olsa, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik...milli parlamanımızı, milli şuramızı açaq...kəmali-ciddiyyət ilə işə başlayaq" ("Azərbaycan", 5 dekabr 1918).
Bütün varlığı ilə Azərbaycan istiqlalını təbliğ edən böyük publisist bu istiqlalı daxili və xarici təhlükələrdən göz bəbəyi kimi qorumağı vacib hesab edirdi. Ona görə də məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə və təxribatlara qarşı xalqı ayıq olmağa çağırırdı. Bu baxımdan onun "Dördgöz olmalıyıq" ("Azərbaycan", 25 aprel 1919) məqaləsinin xüsusi önəmi vardır. Üzeyir bəy həmin məqaləsində yazırdı ki, içimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərlidir. "Xaricdə duranı görürük, lakin içimizdəkiləri hər dəfə görmək mümkün olmuyor. Bunlar əlaltı işlər görürlər və bizə qarşı qəflətən hücumlar və şəbxunlar hazırlıyorlar ...keşmiş işlərdə ləkəli olanları və söz və əməllərilə şübhəli görünənləri məmləkətimiz daxilinə buraxmamalıdır, səhvən buraxılmışlar varsa, ərd və ixrac etməlidir...
Xülasə, istiqlalımızı müdafiə və mühafizə yolunda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilatərəddüd təvəssül etməlidir".
"Bir yaş" adlanan məqaləsində isə Ü.Hacıbəyli qurulması uğrunda çaylarca qanlar axıdılan Azərbaycan türk dövlətinin bir yaşının tamam olması və ikinci yaşa qədəm qoyması gününü qürurla, istiqlal sevgisi ilə qələmə alır. O qeyd edir ki, bu gün istiqlalını elan etmiş olduğumuz Növzad dövlətmizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi... Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindən balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Amma buna nail olmadılar. Üzeyir bəy bu məğlubedilməzliyin səbəbini milli ruhla izah edərək yazır: "Bu Ana Vətənin vücudunda gizlənmiş olan eşq o dərəcədə qüvvətə və güclü ruha qadir idi ki, düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını itirmədi: "Ana Vətən doğdu... Və bu gün doğduğu övladının səneyi-dövriyyəsi münasibəti ilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etməkdədir" ("Azərbaycan" 28 may 1919).
Tədqiqatçı-alim Aygün Əzimovanın qeyd etdiyi kimi, bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistin azərbaycançılıqla yoğrulmuş qələminin qüdrətini görməmək mümkün deyil.
Bir yaşlı dövlətinin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərəm bir üzvü olacağına əmin olan Üzeyir bəy inamıyla uzaqgörən bir publisist kimi xalqını bu yolda dəyanətli olmağa səsləyir: "...düşmən dəfində təcrübəsiz olduğuna, türklük və islamlığına məxsus fəzilətlərinə baxıb da əmin olunuz ki, bu hökumət və bu millət öz istiqlalını, öz azadlığını və öz təbəəsini şanlı bir surətdə hər bir düşməndən qorumağa qadirdir... Ölmək var ki, dönmək yoxdur".
Bu yazıda Üzeyir bəy ingilislərin Bakıya ilk gəlişi ilə onlarda yaranan yanlış təəssüratla sonrakı münasibətlərindəki əsaslı fərqi göstərir. Eyni zamanda Qafqaz müsəlmanları haqqında bilərəkdən yayılan iftira və böhtanlara da münasibət bildirir: "İngilislər bizim içərimizə girərkən özlərini vəhşi heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündən sonra kəmali-təəccüb ilə anladılar...-bilməməzlik və ya düşmənlər təbliği nəticəsi olaraq xəta və yalnış olduğunu dərk etdilər".
Xalqımızın mənəvi sütunlarından olan Ü.Hacıbəylinin azad Azərbaycan arzusu, istiqlal təşnəsi, onun öz vətəninə, millətinə və üçrəngli bayrağına sonsuz sevgisi "Bayrağımız sarsılmaz" (8 may 1919) məqaləsində daha parlaq şəkildə əks olunmuşdur. Adından da göründüyü kimi, yazı zülm və əsarətin yoğun zəncirlərini parça-parça etmiş bir millətin, gənc Azərbaycan dövlətinin haqq və azadlıq rəmzini özündə daşıyan üçrəngli bayrağımıza həsr olunmuşdur. Üzeyir bəy düşmənlərimizin xain gözlərini qamaşdıran müqəddəs bayrağımızın üç rəngini göylərə qaldıran ağacın iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməsilə namərd belini sındırıb alçaq başları əydirmək üzrə olduğunu mübariz bir ruhla qeyd edir: "O ağac sınmaz, o nur sönməz, o əl dönməz!! Çünki bayrağımız həqq bayrağıdır. O, bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamaqa həqqi vardır! Bir millət ki, daha əsir olmaq istəmir!"
"Azərbaycan"ın səhifələrində Qarabağ mövzusu
İndi olduğu kimi, yüz il əvvəl də ermənilərin Qarabağ fitnəsi Azərbaycanın müstəqilliyi üçün ciddi problem olmuşdur. "Azərbaycan" qəzeti bu mövzunu daim diqqət mərkəzində saxlamışdır. Qəzet səhifələrində Zəngəzur, Naxçıvan və Qarabağda dinc sakinlərə qarşı törədilən zorakılıqlar, soyqırımı davranışları, Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə vəhşiliyə məruz qalması, yaşayış məntəqəsinin məhv edilməsi, insanların öz ata-baba torpaqlarından qovulması haqqında çoxlu sayda yazılar dərc edilmişdir.
(Ardı var)
Qulu MƏHƏRRƏMLİ,
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor