06 Noyabr 2022 02:46
977
CƏMİYYƏT
A- A+
Şuşada bir gün...

Şuşada bir gün...

 

28 illik həsrətin nisgili, böyük zəfərin qüruru, möhtəşəm quruculuğun mərkəzi

 

Şuşaya getmək tapşırığını alanda çox sevindim. Bir anlığa mənə elə gəldi ki,  Şuşa sevincimizlə kədərimizin sərhədində yerləşir. Əgər Birinci Qarabağ savaşında Şuşa işğal edilməsəydi, başımıza gələn digər bəlalar da olmazdı... Hərdən düşünürəm ki, vətənin sinəsində ürəkdir Şuşa... Ruhumuzun hər çırpıntısında bir Şuşa bəstəsi var. Hər şey Şuşa ilə başlayıb, Şuşa ilə bitir. Şuşa qələbəmizin rəmzidir! Qürurumuzun zirvəsidir! Şuşa Azərbaycan əsgərinin həyat sevgisinin vətən eşqinə qurban verildiyi müqəddəs məkandır. 

 

"Keçilməz" sədlərdən keçən yol 

 

Dünyada ən çətin şey qərar verməkdir. Elə insanlar var ki, yaşından, başından, tutduğu mövqeydən  asılı olmayaraq, qərar verməkdə çətinlik çəkirlər. Şuşanı azad etmək üçün dünyanın ən ağır qərarını verməyə, cavan ömürlərindən  keçməyə uf deməyən qətiyyətli  insanların qəhrəmanlıq meydanı oldu bu şəhər. İndi mən canları ilə dağların keçilməz zirvələrindən çığır açıb, qanları ilə keçdikləri hər qarış torpağını müqəddəsləşdirdikləri Zəfər yolundan keçib Şuşaya tələsirəm... Hələ qabaqda Füzuli yolu var... 
İlk qarşılaşdığımız ordumuzun ilk döyüş meydanı, düşmənin irədəsini qırıb, canına vəlvələ saldığı  Füzulinin Qaraxanbəyli kəndi olur. Adam dəhşətə gəlir. Göz işlədikcə erməni vəhşiliyinin uzanıb gedən izlərini görürsən. Buradan başlayaraq yağı düşmən yurdumuzu yağmalayıb, külünü də göyə sovurub. Təkcə evləri yandırmayıblar, dağıtmayıblar, həm də dağıtdıqları evlərin daşını, divarlarını da güllələyiblər... Hər yerdə öz murdar izlərini qoyublar. "Keçilməz" sədlər yaradıblar.  Tikməyiblər, qurmayıblar, yaratmayıblar... Göreşən kimi qazıblar, bəndlər vurub, tikanlı məftillər çəkiblər. Torpağımızı da heç  sevməyiblər. Tanklarını, toplarını, texnikalarını, özlərini gizlətmək üçün torpağın bağrının başında dəliklər açıblar... Hər şeylərini illərdir pərdələməyə çalışsalar da, murdarlıqlarını, bir də  bu torpağın sahibi olmadıqlarını gizlədə bilməyiblər. Həm də bu torpaqlara sahib ola bilməyəcəklərini əvvəlcədən özləri də anlayıblar. Yoxsa tutduqları, işğal etdikləri ərazilərdə  tikililəri saxlayardılar. Bircə dənə də olsun kənd salardılar, bir ev tikərdilər... 
Ermənilərin "keçilməz Ohanyan səddini" görəndə bir qazi ilə söhbətimiz qulağımda əks-səda verir. Qazimiz deyirdi ki, ermənilər beşqat istehkam xətti qurmuşdular. Tikanlı məftillər çəkmişdilər. Bizdən öndə Xüsusi Təyinatlı Qüvvələrimiz hərəkət edib "yol açırdılar". Onlar azad etdikləri əraziləri bizə təhvil verib irəliləyirdilər. Biz ermənilərin yarılmış ilk istehkam xəttinə çatanda qardaşlarımızın qəhrəmanlıqlarını görüb özümüz dəhşətə gəlmişdik. Ermənilərin çəkdikləri tikanlı məftillərdə bizdən qabaqda gedən döyüşçülərin qan izlərini, paltarlarının ilişib qalmış qalıqlarını, tikanlı məftillərin ucunda ət parçalarını, dərilərini görüb torpağı azad edən qəhrəmanlarımızla qürur duyurduq. Özümüz  döyüşçü olsaq da, Xüsusi Təyinatlı Qüvvələrimizlə fəxr etdik. 

 

Zəfər yolu: qeyrət yolu, qürur yolu

 

Burada hər şey, ən incə detal belə mənə maraqlı gəlirdi. Yolboyu görülən işlər, nəhəng texnikaların hərəkəti, qısa müddətə tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, bir sözlə, dövlətimizn gücünü, qüdrətini göstərən hər şey. Maşınımız sürətlə irəliləyir. Həsrətdən, həyəcandan biz bitirik, yol bitmir. Yavaş-yavaş, meşəlik, dağlıq ərazilər başlayır. Dağların yamaclarında azad olunmuş kəndlərimiz görünür. Tuğ, Tağlar, Xocalı rayonunun Çanaqçı, Xocəvənd rayonunun Edilli kəndləri, Qırmızıbazar...
Qəfildən gözüm yolun kənarındakı binanın üstünə yazılmış yazıya sataşır. "Şəhid kapitan Elçin İsmayılov, qısasın alındı". Elçin İsmayılov haqqında əvvəllər  yazmışdıq. XTQ-nin qərargah rəisinin müavini olub. Döyüşə Murovdan başlayan kəşfiyyatçı kapitan Elçin İsmayılov Cəbrayılın alınmasında xüsusi qəhrəmanlıq göstərib. Ermənilərin yenidən Füzuliyə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Tikilinin üzərindəki yazını oxuyarkən qəribə hisslər keçirdim. Düşündüm ki,  döyüşçülərimiz  irəlilədikcə özləri ilə şəhid olmuş döyüş yoldaşlarının ruhlarını da aparırmışlar. 
Maşınımız Zəfər yolu ilə zirvəyə qalxdıqca elə bildik ki, gücdən düşür. Sanki aman çəkib yoruldum, bacarmıram deyir. Sürücüdən maşında bir problem olub-olmadığını soruşuram. "Hər şey öz qaydasındadır", - deyir. Təkrar, "Bəs səsi niyə belə çıxır" deyə soruşuram. "Yüksəkliyə çıxırıq, mühərrikin gücü çatmır" cavabını verir. Bir anlığa fikrim məni 2020-ci ilin bu günlərinə aparır. Gözlərim önündə  soyuqda, qarda, qiyamətdə, qaranlıq  gecələrdə  düşmənin 5 addımlığından manevr edib sıldırımlar keçən, kürəyində 45 kiloqramlıq yük aparan fədakar oğullarımızın obrazı canlanır. 
İlahi, vətən sevgisi bu insanlarda nə qədər yüksəkmiş. Qisas hissi bu insanlarda nə qədər güclüymüş. Bu insanlar nə qədər mətin, mübariz imiş. Ağla gəlir ki, bəlkə də bu keçilməz dağları, dərələri ötüb - getmək gücünü, qüdrətini  gənclərimiz, igidlərimiz Tanrıdan alıblar. Olsun ki, İlahi güc, İlahi sevgi qəhrəmanlarımıza yol göstərib, yoldaşlıq edib. Yoxsa, dibi görünməyən bu dərələrdən keçmək, bu əzəmətli qaydalara qalxmaq, düşmənin içindən bu yolları keçib getmək olmazdı. Bu özü bir möcüzədir. İlahi qüdrət olmadan bu möcüzə baş verə bilməz.

 

Dərdlərimizin şahidi, nisgilimizin ünvanı Daşaltı kəndi

 

Zəfər yolunun ortadan ikiyə böldüyü, vaxtı ilə tariximizin və taleyimizin ən acı və qaranlıq səhifəsini yaşadığımız Daşaltı kəndindəyik. 1990-cı illərdə  Şuşanın yalnız Laçın rayonu istiqamətindən bir  giriş-çıxışı var idi. O yol da ciddi təhlükə mənbəyi idi. Ermənilər Daşaltı kəndində qurduqları istehkam, orada  yerləşdirdikləri terrorçu qrup  vasitəsilə Şuşaya giriş-çıxışa nəzarət edir, tez-tez terror aktı törədir, bir sözlə, Şuşanı nəzarətdə saxlayırdılar. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə yeni yaranmaqda olan Azərbaycan Ordusu tariximizə uğursuz əməliyyat kimi düşmüş "Daşaltı əməliyyatı"nı keçirir. Bu əməliyyat zaman 90 nəfər vətənpərvər oğlumuz şəhid olur.  Xatırladaq ki,  Vətən müharibəsindəki qələbəmizdən sonra Daşaltı kəndində kütləvi məzarlıq aşkar edilib. Həmin məzarlıqda əli, ayağı bağlı 26 şəhidin sümükləri aşkar olunaraq götürülüb. 
Düşmən 44 günlük Vətən müharibəsi zamanı da hücumun Laçın rayonu istiqamətindən olacağını düşünüb Daşaltıdakı mövqeyini daha da möhkəmləndirmişdi. Hesab edirmişlər ki, Azərbaycan Ordusu Şuşanın  azadetmə əməliyyatını Laçın rayonundan keçməklə Zarıslı kəndi istiqamətindən həyat keçirəcək. 
Amma xüsusi təyinatlılarımız Zəfər yolu ilə gələrək döyüş əməliyyatına illərdir düşmənin yuva salıb, vəhşiliklər törətdiyi Daşaltıdan başladılar. Düşmənin Daşaltıda  amansız məğlubiyyəti qəhrəmanlarımızın sıldırım qayalardan keçib Şuşaya girişinə yol açdı.  
                        

Şuşa bir günəşdir, Şuşa bir aydır...

 

Bilmirəm yolboyu Səməd Vurğunun bu misraları niyə  mənimlə birgə idi. Hissimin, duyğumun əlindən Səməd Vurğunun  misraları tutmuşdu...

Şuşa bir günəşdir, Şuşa bir aydır,
Parisə bənzərdi dağılmasaydı.

Gəldim Şuşanı Parisdən də, dünyanın ən gözəl şəhərlərindən də gözəl gördüm. Elə bu görkəmiylə! Şuşa yenidən qurulur, yenidən dirçəlir... Şuşa yenidən boy verir... Qürurumuzun fateh yeri Şuşa!
Hər tərəfdə ulduz-ulduz Azərbaycan bayrağı parlayır. Göy üzü süd kimi ağ idi. Sanki günəş də  Şuşaya baxıb gülümsəyirdi.

 

30 il əvvəl gördüyüm Şuşa

 

30 il bundan qabaq, aprel ayının son günlərində, Laçından keçib gəlmişdim Şuşaya. Televiziya qülləsinin yanında, Şuşanın girişində post qurulmuşdu. Bu postda, əsasən, Şəki rayonundan olan əsgərlər xidmət edirdi. Üzü Daşaltıya uzaq vuran bir top da tuşlanmışdı. Şuşa yazıq bir görkəmdə idi. Övladını "yetimlər evi"nə verib gedən atanın arxasınca ağlayan uşağa bənzəyirdi Şuşa. Yazıq bir görkəmdə idi. Kiminlə görüşüb, söhbət edirdiksə, "Şuşada əcaib oyunların getdiyindən" danışırdı. Şuşaya hər an ermənilərin hücumu gözlənilsə də, əsgərlər kütləvi şəkildə evlərinə "göndərilirdi". Ölkədə hakimiyyətsizlik, yeni yaranan orduda özbaşınalıq hökm sürürdü. Ordu siyasi oyunların alətinə çevrilmişdi. Görüşdüyümüz  hər kəs  Şuşada tezliklə fəlakət olacağına eyham vururdu. Hamı Şuşanın tezliklə işğal olunacağını hiss edirdi, amma bu dəhşəti dilinə gətirməyə qorxurdu. Hətta yerli sakinlər övladlarını Şuşadan çıxarmaq üçün müxtəlif yollar  axtarırdılar...
Müdriklərin belə bir deyimi var: şəhərlər də insanlar kimidir. Öz talelərini yaşayırlar. O illər Şuşanın da taleyi qara yazılmışdı. Başının üstünü qara buludlar almışdı. Əgər şəhərin dili olsaydı, danışa bilsəydi "məni qoruyun, mənə xəyanət etməyin", deyərdi. "Vətəni sevən, vətən üçün canından keçən qəhrəman oğulları siyasi ambisiyanızın, hirsinizin, hikkənizin əsiri etməyin", deyərdi.

 

Ermənilərin asanlıqla işğal etdikləri Şuşanı çətinliklə azadlığa qovuşdurduq

 

Şuşa bir zirvədir. Ucalıqdır, yüksək məqamdır! Şuşa hər bir vicdanlı azərbaycanlının sinəsində döyünən ürəkdir. Ermənilər 28 il döyünən ürəyimizi işğalda saxlaya bildilər. Nəhayət, müzzəfər Azərbaycan Ordusu zirvələdən keçib zirvəyə yol aldı. Şuşa asanlıqla işğal olunub çətinliklə işğaldan azad edildi. İgidlərimiz erməni çəkmələrinin murdarladığı Şuşanı qanları ilə təmizlədilər. Müqəddəsləşdi Şuşa. Sevgimizin, qəhrəmanlığımızın, igidliyimizn qibləsi oldu Şuşa. Bu gün Şuşa da qürurludur, bir Azərbaycan vətəndaşı olaraq biz də. Bu yüksəklikdən Xankəndi ovuc içi kimi görünür. Sanki elə ovcumuzun içindədir. Yaxınlığımda durub əlindəki uzaqgörmə cihazı ilə Xankəndiyə baxan zabitdən əlindəki cihazı mənə verməsini xahiş edirəm. Cihazın üstündəki düyməyə əl gəzdirib mənə uzadır. Buradan nəinki Xankəndinin küçələrini, evlərin eyvanlarını, hətta otaqdakı ermənilərin  nə etdiklərini də asanlıqla görmək olur. Belə başa düşürəm ki, hər şey ordumuzun nəzarəti altındadır. Bunu orada yaşayan ermənilər də gözəl bilirlər. Yəqin ki, ermənilər də bizim Şuşada nə etdiyimizi görürlər. Hər gün bir boy böyüyən yeni binaları, bərpa olunan dini ocaqları, dağların sinəsi ilə uzanıb gedən gözəl yolları... Bir də ki, Azərbaycan əsgərinin qanından, canından güc alıb qürurla dalğalanan Zəfər Bayrağını.
Şuşanın təmiz, aydın səmasını, insanların üzündəki xoşbəxtlik, məmnunluq, sevinc hissini, əsgərlərimizin özlərinə inamını və Şuşanın, eləcə də Azərbaycanın daha işıqlı sabahını görüb qürur hissi ilə deyirəm: "Ey bu dövləti qüdrətləndirib, ordunu zəfərə aparan sərkərdə, Şuşa qələbəmizin ən möhtəşəm abidəsi, Sizsə qələbəmizin müəllifisiniz. O yollardan keçməyənlər bu qələbənin nələrin hesabına əldə edildiyini, bu qələbənin təminatçısının kim olduğunu duya bilməz. Ürəklərdə öz abidəsini ucaltmaq hər rəhbərə nəsib olan xoşbəxtlik deyil. Bu gün Siz öz abidənizi ürəklərdə ucaltmağı bacaran nadir tarixi şəxsiyyətlərdənsiniz".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!