22 May 2022 18:34
508
SİYASƏT
A- A+

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib  

Mayın 22-də Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.

Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan şad olduğunu söyləyən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov qeyd edib ki, bu gün Siz azad Şuşadasınız. O, diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edib. Komitə sədri bildirib ki, bu, bizim Şuşada ilk görüşümüzdür. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

S.Seyidov nəzərə çatdırıb ki, Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Təsadüfi deyil ki, bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. O qeyd edib ki, həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır və hələ görülməli işlər çoxdur. Komitə sədri bu görüşün Şuşada keçirilməsinin önəmindən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərlərinin və Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini qeyd edib. O, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlərdən danışıb. S.Seyidov, tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.

Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri N.Samxaradze bu görüşün təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. N.Samxaradze parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib. Gürcüstan parlamentinin komitə sədri ölkələrimiz arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, bu görüşün Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik. Parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə iki ölkə arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaqdır.

Sonra çıxış edən hər üç ölkədən olan deputatları Asim Mollazadə, Derya Bakbak, Mehmet Güzelmansur, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Nigar Arpadarai, Davit Zilpimiani, Kamil Aydın və başqaları belə birgə iclasın azad edilmiş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rasim Musabəyov, Ramil Həsən, Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Azər Kərimli, Sevil Mikayılova, Cavanşir Feyziyev, Ramin Məmmədov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video