Dünya durmadan dəyişir, ildırım sürəti ilə hər yanda yeni texnologiyalar tətbiq edilir və onların gələcəkdə insanların yaşam tərzinə necə təsir edəcəyini də demək olmur.
İnsan zəkası ilə süni intellekt arasında sezilməyən çəkişmələr səbəbindən gələcək maraqlı olduğu qədər də müəmmalı və qəliz görünür. Reallıq isə ondan ibarətdir ki, bu gün süni intellekt geniş yayılır, həyatımızin bir çox sahələrinə müxtəlif adlar altında müdaxilə edir.
Süni intellektin Çat-bot adlı yeni forması artıq bütün dünyanı inanılmaz nəticələri ilə silkələyib heyrətləndirməkdədir. Çat-botun isə nə demək olduğunu izah etmək üçün bir qədər ətraflı danışmaq lazımdır. Gündəlik həyatımıza insan ağlına sığmayan yeniliklər daxil olur və biz demək olar ki, gözlənilmədən onlarla qarşılaşırıq, birgə yaşamaq və onlardan istifadə etmək məcburiyyətindəyik. CatGPT və ya Çat-bot adlı yeni süni intellektin nə olduğunu təsəvvür edə bilməsək də, o, artıq həyatımızın bir hissəsinə çevrilmişdir. Bu gün həmin çat intellektual və kommunativ məsələlərin həllində asanlıqla insanla yarışa və onu arxada qoya bilir. Artıq məsələ o qədər ciddidir ki, bəzən ortaya belə məkrli bir sual da çıxır: Çat-bot insanı əvəz edə biləcəkmi?
Beləliklə, Çat-bot süni intellektin bazasında yaradılmış geniş sistemlərin vahid ad altında fəaliyyət göstərən modelidir. O heç kim tərəfindən idarə olunmadan real vaxt rejimində sizinlə dialoq apara, nə haqqındasa danışa bilər, mübahisə edər, diskussiyaya girər, yaradılmış ssenari və proqramlardakı səhvləri sərbəst üzə çıxararaq aradan qaldırmağı bacarar. Bundan başqa, Çat-bot hətta roman, şeir yazır və hətta daha mürəkkəb mətnləri hazırlaya bilir.
Çat-bot "Open Ol" şirkəti tərəfindən təklif edilən texnoloji məhsuldur. Qeyd edək ki, onun yaradıcıları arasında həm də məşhur İlon Mask da var. Universal çat 2022-ci ilin sonlarında buraxılan kimi ildırım sürəti ilə yayıldı və bütün dünyada məşhurlaşdı. Onun işə düşməsi üçün Azure AI super kompüter də yaradıldı. Bu çatı yaradanlar onu maksimum dərəcədə "insana yaxın" və istifadə etmək üçün daha rahat yaratdılar. Bu gün Cat-bot şeir yazmaqdan başqa, həm də aşağıda sadalanan daha ciddi işlərlə də məşğuldur:
* maliyyə analizlərinin aparılması,
* sadə kodun generasiya edilməsi, yaradılması;
* proqnozlaşdırma;
* texniki məqalələrin yazılması;
* fərdi məsləhətlərin verilməsi və sair.
Yəni siyahı kifayət qədər genişdir və onunla tanış olduqca heyrətlənməmək mümkün deyil. ÇatGPT-nin tətbiq sahələri də genişlənir. Artıq yaxın gələcəkdə Çat-botun interfeysinin yaradılması nəzərdə turulur. Gələcəkdə tətbiqi proqramlaşdırma əsasında yaradılan Çat-botun interfeysi tərtibatçılara onu həm tətbiqdə, həm də sayt strukturlarında yerləşdirməyə imkan verəcək.
Çat-botun bacarıqları yalnız sadaladıqlarımızla bitmir! Bütün bunlardan başqa, o ən mürəkkəb suallara cavab verə bilir; müxtəlif dillərə tərcümələr edir; müxtəlif suallara
Googldan daha sürətlə və daha ətraflı cavab verir; yeni ssenarilər yaradır, qəhrəmanların hərəkət və davranış modellərini qurur; filmlər əsasında oyunlar yaradır və hətta başqa neyron şəbəkələri də idarə edir.
Bütün sadalananlara baxmayaraq, hələ ki, Çat-bot tam şəkildə mütəxəssisləri əvəz edə bilmir. Ancaq Çat-bot eyni zamanda kompüter proqramçılarına xüsisi tapşırıqları həll etməyə kömək edə bilir.
Bir sözlə, yaradılmasından cəmi 4-5 ay keçən Çat-bot müəyyən qüsurlara malik olsa da, bütünlükdə dünyanı heyrətləndirməkdədir. Çat-botun intellektual imkanları mütəxəssislər tərəfindən öyrənilməkdədir. Onlardan bəzilərini nümunə gətirək. Çat-bot vəkilliklə bağlı sualların 88 faizinə düzgün cavab verib, biznes-testlərdən, heç bir əlavə hazırlıq keçmədən ABŞ-də həkim işləməyə icazə verən imtahanlardan keçib.
Bir sıra mütəxəssislər belə qənaətə gəlirlər ki, ÇatGPT-nin əsas problemi bəzən öz fantaziyalarını reallıq kimi qələmə verə bilməsidir. O bəzən düzgün tərtib edilməyən suallara sayıqlama ruhunda cavab verə bilir.
Bütün bunlara baxmayaraq, ÇatGPT böyük elmi tapıntıdır. Lakin onun ən ciddi problemi və ya qüsuru odur ki, o, yalan deyə bilər. Mütəxəssislərdən biri ÇatGPT-dən istifadə edərək elm haqqında esse yazır. Çat isə cavab verir ki, "Qotfrid Leybnit nisbilik nəzəriyyəsini kəşf edib və buna görə Nobel mükafatını alıb". Əslində isə Eynşteynə Nobel mükafatı başqa şeyə görə verilib. Bu tipli səhvləri aradan qaldırmaq o qədər də asan deyil. "Open AI" şirkəti hazırda bu çatışmazlıqların üzərində çalışır və ola bilsin ki, qarşıdakı modellərdə bu səhvlər aradan qaldırılsın.
Süni İntellekt Agentliyinin elm və texnologiyalar üzrə direktoru Poman Duşkin yazır ki, ÇatGPT-yə uydurma tarixi epizod haqqında danışmağı təklif edirlər: "1733-cü ildə başlayan Braziliya-Yapon müharibəsinin səbəbləri, gedişatı və nəticələri barədə məlumat ver". Əslində, Çat-bot belə bir hadisənin olmadığını deməli idi. Lakin ÇatGpt belə cavab verir: "Məşhur Braziliya-Yapon müharibəsi 1733-cü ildə baş verir... 1739-cu ildə qurtarır..." Əfsus ki, bəzən bot-çat düzgün cavab vermək əvəzinə uydurmağa da üstünlük verir.
Belə xırda qüsurların mövcudluğuna baxmayaraq, CatGPT bütün təhsil sisteminə də təsir edə bilər. Pedaqoqlar həyəcan təbili çalırlar ki, bu çatın hazırladığı testlər təhsilə nəzarət proqramları tərəfindən aşkar edilə bilinmədiyi üçün təhsildə ciddi çətinliklər yaradacaq.
ÇatGPT çox ciddi alətdir və ondan tam istifadə etməyə yiyələnmək lazımdır. Artıq bu çatın təsiri altında yaranan promit-mühəndisliyi kimi yeni peşələrə şagirdlərin elə məktəb illərindən alışması vacibdir. Bu halda çat təhsil sistemində şagirdlərin ən yaxın köməkçilərindən biri olacaq. Belə ki, promit-mühəndis kimi çıxış edə bilən məktəbli süni intellektin tapşırıqlarını təyin edə bilir, ondan gələcək tekstlərin yarımfabrikatlarını əldə edir. Sonra isə bu xammalı inkişaf etdirərək son mərhələyə çatdırmaq bacarıqlarına yiyələnir.
Amerika, Yeni Zelandiya və İrlandiya alimləri proqramlaşdırma dərslərində böyük dil modellərinin tətbiq edilməsinin perspektivlərini araşdırıblar. Belə qənaətə gəlirlər ki, süni intellekt müəllimlərə bir çox hallarda kömək edə biləcək. Şagirdlərə də əyani surətdə müxtəlif konsepsiyalar arasında əlaqələri, yaranan səhvlərin aradan qaldırılması yollarını başa salacaq.
Maraqlısı odur ki, süni intellekt insan beyninin inkişaf etməsinə yardım göstərə biləcək və həm də daha böyük dil modellərinin yaranmasına təkan verəcək. Artıq yaxın illərdə bir sıra ixtisaslarda müəyyən yeniliklər baş verəcək. Mütəxəssislər belə hesab etmirlər ki, CatGPT proqramistləri tam dəyişdirəcək.
Yekunda onu demək lazımdır ki, ÇatGPT süni intellektin inkişafında qapıları yeni və fərqli dünyanın üzünə açır. Bəşər tarixində ilk dəfədir ki, süni dil intellekti belə yüksək səviyyədə yüz milyonlarla insan üçün əlçatan olmuşdur. Bunun özü böyük uğurdur.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"