24 Oktyabr 2025 08:15
552
SİYASƏT
A- A+
Sülh yalnız kağız üzərində deyil...

Sülh yalnız kağız üzərində deyil...


Bakının barış səyləri praktik şəkildə öz təsdiqini tapır


Azərbaycanın son beş ildə yaratdığı reallıqların fonunda bölgədə bərqərar olmuş sülh mühiti qabarıq şəkildə ön plana çıxır. Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan Cənubi Qafqaz dünyanın indiki müharibələrlə, siyasi təlatümlərlə çalxalandığı dövrdə nümunə götürüləcək barışın, əməkdaşlığın bərqərar olduğu ünvan kimi tanınır. İndi qlobal sülhlə bağlı keçirilən sammitlərdə tərəqqi vəd edən sülh mühiti formalaşdırılmış regionumuzun misal çəkilməsi də bu baxımdan təbiidir. Bütün bu gerçəkliklər isə Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, sülh gündəliyinə sadiqliyinin parlaq nəticələridir. 

Bu ilin sentyabrında Nyu Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında ölkəmizin yekunda sülhə gətirib çıxaran qətiyyətli və sarsılmaz yolu barədə danışan Prezident İlham Əliyev bu mötəbər tribunadan Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu dünyaya bəyan etdi: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".

      

Addım-addım sülhə doğru 


İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan tərəfi sülhlə bağlı təşəbbüslərlə çıxış etməyə başlayıb, barış üçün lazım olan əməli addımlar atıb. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim edib. Lakin qarşı tərəfin sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyi nəticəsində 2024-cü ilə qədər normallaşma ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. Ancaq yenə də Bakının qətiyyətli siyasəti sayəsində Azərbaycan-Ermənistan normallaşma prosesi ötən ilin əvvəlindən etibarən müsbət istiqamətə yön aldı. Vasitəçilərə, üçüncü tərəflərə lüzum görmədən iki ölkə dialoqlara başladı, müəyyən razılaşmalar əldə edildi. Keçirilən ikitərəfli dialoqlar sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilməsi, sərhəd dirəklərinin quraşdırılmasına başlanılması, Qazax rayonunun dörd kəndinin qaytarılması kimi real nəticələr ortaya qoydu. Ardınca Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşdı. 

Cari ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə sülh prosesində mühüm əhəmiyyət daşıdı. Sözügedən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi. Əbu-Dabi görüşü beynəlxalq birlik tərəfindən də sülh prosesində vacib məqam kimi qiymətləndirildi.

Beləliklə, Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi addım-addım 8 avqust tarixli Vaşinqton zirvəsinə yüksəldildi. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması və vacib razılaşmaların əldə edilməsi təkcə bölgəyə deyil, daha geniş coğrafiyaya inkişaf və əməkdaşlıq üçün geniş üfüqlər açdı. 


Vaşinqton görüşünün nailiyyətlərindən biri


Vaşinqton görüşü sülh gündəliyinin nizamlanması, normallaşma istiqamətində real nəticələrin əldə olunması istiqamətində, Cənubi Qafqazda dayanıqlı sülhə aparan yolda mühüm siyasi hadisə oldu. 

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalandı. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflandı. 

Ağ Evdəki görüşdə həllini tapan məsələlərdən biri isə bölgədə kommunikasiyaların açılması ilə bağlı oldu. 

20-21 oktyabr tarixlərində Qazaxıstana dövlət səfəri zamanı bu ölkənin Prezidenti Kasım-Æomart Tokayevlə birgə mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir: "Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur - Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq".


Sülh gündəliyinə sadiqliyin növbəti təzahürü


Postmünaqişə dövründə də daim sülhü təşviq edən və bu istiqamətdə səylər göstərən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkə olaraq bu gün hərtərəfli şəkildə sürətlə inkişaf edir, istər sosial, iqtisadi, istərsə də hərbi sahədə. Dövlətimizin qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər və Böyük qayıdış proqramını uğurla həyata keçirməsi müstəsna dəyərə malikdir. Şərqlə Qərbin nəqliyyat qovşağına çevrilən Azərbaycanın ölkələrin enerji təhlükəsizliyində oynadığı vacib rol, ələlxüsus qlobal barışın əldə edilməsi üçün etdiyi vacib çağırışlar, atdığı əməli addımlar dünyada geniş rezonans doğurub və rəğbət qazanıb.   

Qətiyyət və səyləri ilə Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən ölkəmiz bununla onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti ilə özünü dalan ölkəyə çevirən Ermənistanın ağır vəziyyətdən qurtulması üçün də mühüm şans yaradıb.  

"Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - deyə oktyabrın 21-də Qazaxıstanda mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırıldığı məlumatını verdi. 

Yeri gəlmişkən, bildirək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib: "Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm". 

Bu faktın özü də Azərbaycanın bölgədə sülhün tərəfdarı olduğunu bir daha göstərir, sülh gündəliyinə sadiqliyini növbəti dəfə təsdiqləyir. Bu həm də  onun göstəricisidir ki, Bakının liderliyi ilə irəlilədilən normallaşma prosesi çox tezliklə məntiqi nəticəsinə - sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!