Ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasının ardınca regionda yaranan yeni geosiyasi şərait, daha doğrusu, Azərbaycan Prezidentinin təşəbbüsləri üzərində qurulmuş sülh prosesinin tamamilə yeni və məhsuldar dönəmə qədəm qoyması, o cümlədən proseslərin sonrakı axarının məhz ölkəmizin beynəlxalq hüquqa əsaslanan şərtlərində ehtiva olunan status-kvoda təmin olunması 2026-cı ilin real sülh ili olması üçün praqmatik bazis yaradıb.
Bundan başqa, ötən ilin sonunda Azərbaycan və Ermənistan arasında tranzit məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı razılaşma, habelə sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində komissiyaların fəaliyyətinin kəsintisiz davam etməsi, vətəndaş cəmiyyəti institutlarının xalqlar arasında etimad mühitinin formalaşdırılması istiqamətində səylərinə dövlətlər tərəfindən ciddi dəstəyin verilməsi, vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması 2025-ci ildən növbəti sülh üçün münbit mərhələyə çevriləcəyini demək üçün əsaslar yaradır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, 2026-cı il başladıqdan sonra isə hər iki dövlətdən istər liderlər, istər xarici işlər nazirləri, istərsə də digər səviyyələrdə müsbət ritorikanın davam etdirilməsi, o cümlədən Azərbaycan Prezidentinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində, habelə yanvar ayının 5-də yerli televiziya kanallarına müsahibəsində sülhün əsas təminatçısı kimi Azərbaycanın hərbi gücünün və siyasi nüfuzunun daha da artmasını xüsusi qeyd etməsi, əslində, proseslərin sülhün əsas təşəbbüskarı olan ölkəmizin müəyyən etdiyi gündəlik formatında davam etdirilməsi üçün vacib olan iradəni bir daha göstərdi. Bu da cari il ərzində arzuolunan sülh sazişinin imzalanmasının perspektivlərini gücləndirir: "Azərbaycanın öz ərazisindən Ermənistana tranzit yüklərinə qoyduğu məhdudiyyəti ləğv etməsinin nəticəsi olaraq Ermənistanda daxili bazarda hiss olunan ciddi dəyişikliklər bu reallığın Ermənistan hakimiyyəti tərəfindən dəfələrlə dilə gətirilməsi və Azərbaycana təşəkkür edilməsi sülh və etimad quruculuğu istiqamətində 2026-cı il üzrə növbəti mərhələ kimi tarixə düşdü. Bundan başqa, cinayətləri məhkəmə qaydasında sübut olunmuş 4 erməni məhkumun Ermənistana təhvil verilməsi Azərbaycan dövlətinin cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş sülh, sabitlik, əməkdaşlıq mühiti, o cümlədən birbaşa dialoqa sədaqətinin göstəricisi kimi xüsusi qeyd edilməli və Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasında mühüm mərhələ hesab olunmalıdır.
Deputat qeyd edib ki, proseslərin gedişini Azərbaycan diktə edir, ölkəmizin təklif etdiyi gündəlik üzrə, ikitərəfli və vasitəçisiz dialoq fayda verir: "Üstəlik, müharibədən sonrakı dövrdə dəfələrlə sübut olunub ki, proseslərin hərəkətverici qüvvəsi kimi Azərbaycan dövlətinin bütün kompromis xarakterli addımları miqyasca daha böyük maraqlarımızın təmininə yönəlib və regional xarakterli nəticələrlə müşahidə olunub. Azərbaycanın sülh təşəbbüslərinin əsaslandığı vacib şərtlərdən olan kommunikasiyaların açılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması istiqamətində razılığın əldə olunması, bu istiqamətdə istər Vaşinqtonda, daha sonra isə Ermənistan Baş nazirinin bir neçə dəfə nitqində, o cümlədən hökumət komissiyasının fəaliyyətində müsbət və real impulsların müşahidə olunması xüsusi qeyd ediləcək məqamlardır. Təbii ki, 30 illik müharibə və Ermənistanın dövlət siyasəti çərçivəsində Azərbaycan dövlətinin və xalqının maraq və mənafelərinə qarşı çoxsaylı cinayətlər fonunda qısa müddətdə real sülh ab-havası barədə danışmaq sadəlövhlük olar. Lakin Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması və de-fakto sülhün de-yure prosesə çevrilməsi istiqamətində real addımlar, prosesi ləngidə biləcək amil kimi Ermənistandakı seçkiləri də nəzərə alsaq, ilin ikinci yarısından etibarən sülh gözləntilərinə olan inamı daha da artırmaqdadır".
B.Məhərrəmov deyib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ölkəmizin Vətən müharibəsi və antiterror tədbirlərində qazandığı böyük hərbi-siyasi zəfərlər və diplomatik qələbələrlə formalaşan reallığın və Prezident İlham Əliyevin təşəbbüsləri üzərində qurulmasına baxmayaraq, qlobal müstəvidə və regional səviyyədə yaşanan proseslərlə bu və ya digər formada əlaqəlidir. Yəni regionumuz beynəlxalq proseslərdən təcrid olunmadığı üçün bütövlükdə qlobal arxitekturada müşahidə olunan dəyişikliklər və hadisələrin inkişaf tendensiyaları Bakı və İrəvan arasında sülh prosesinə də təsirsiz ötüşə bilməz. "Təbii ki, Azərbaycan dövləti bu reallığın fərqindədir və əminliklə deyə bilərik ki, ölkəmiz proseslərin istənilən ssenari üzrə inkişafına bütün aspektlərdən hazırdır və heç bir geosiyasi kataklizm regionda cənab İlham Əliyevin liderliyində formalaşan status-kvonu məcrasından döndərə bilməz. Əksinə, regionda hadisələrin inkişaf tendensiyaları nəticəsində fərqli mənzərə meydana çıxarsa, Azərbaycan yeni geosiyasi arxitekturadan faydalanan azsaylı subyektlərdən biri olacaq", - deyə deputat əlavə edib.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"