İnsanlara əzələ və venadaxili dərman preparatlarının yeridilməsində şpris ən əsas və ən sadə vasitələrdəndir. Yunanca "boru" mənasını verən "syrnix" sözündən götürülən ilk şprislər eramızın I əsrində Romada istifadə edilib. "De Medicina" adlı jurnalda onlardan tibbi fəsadların müalicəsində istifadə edildiyi qeyd olunur.
Eramızın IX əsrində bir misirli cərrah içi boş şüşə boru və əmzikdən istifadə edərək şpris yaradıb. 1650-ci ildə isə Blez Paskal hidravlika üzrə eksperimental təcrübəsi zamanı şpris icad edib. O, qapalı mühitdə bir mayenin təzyiqlə bütün istiqamətlərə bərabər şəkildə ötürüldüyü və təzyiq dəyişikliklərinin eyni qaldığını sınaqdan keçirmək üçün bundan istifadə edib. Bu ixtira da müasir variantların ixtirasına təkan olub.
Kristofer Vren Britaniyada 1656-cı ildə hazırladığı şprisi heyvan üzərində sınaqdan keçirib. O, itə venadaxili inyeksiya tətbiq edən ilk şəxs olub. Təcrübə zamanı itin bədəninə şprislə spirt yeridilib. İxtiranın uğurlu olub-olmamasını asan aydınlaşdırmaq üçün isə məhz bu məhlul seçilib. Nəticədə heyvanın şərxoş olduğu vaxt təcrübə sübuta yetirilib. Lakin bu şpris olduqca böyük və kobud formada hazırlanıb. Vren şprisi insan üzərində yoxlayan zaman isə həmin şəxs huşunu itirdiyindən təcrübə dayandırılmalı olub. İnsanlarda dərialtı inyeksiyalar üçün istifadə ediləcək, kifayət qədər incə iynəsi olan şprisi isə 1853-cü ildə Çarlz Pravaz və Aleksandr Vud hazırlayıblar. Onların bir-birlərindən xəbərsiz eyni vaxtda icad etdikləri iynələr quruluşuna görə fərqlənirdi. Pravaz şprisi şüşədən yox, gümüşdən hazırlayıb. Gümüşdən olan şprisdəki məhlul görünmədiyindən bu da xəstəyə verilən dərman miqdarına nəzarəti xeyli çətinləşdirirdi.
Aleksandr Vudun ərsəyə gətirdiyi şüşə şprislə ilk sınağı isə o, özü və xanımı üzərində həyata keçirib. Şprisə çəkilən morfinin nəticəsində onlar sonradan aludəçi olublar. Həmçinin həyat yoldaşı həddindən artıq dozada vurulan narkotikdən ölən ilk qadın kimi tarixə düşüb.
Vudun hazırladığı şprisin dizaynına sonralar ciddi dəyişilik edilməyib. Yalnız onlar təkmilləşdirildikcə boruya ölçülər əlavə edilib, bu da miqdara nəzarət etməyə imkan yaradıb. Bundan əvvəl dozalar təxminən ölçüldüyündən bir çox halda yanlışlığa yol verilib.
İstifadəsindən asılı olaraq şprislər müxtəlif növ materiallardan hazırlanır. Lakin ilk vaxtlarda onlar metal və şüşədən istehsal edilirdi. Bu, onların təmizlənməsinə və yenidən istifadəsinə uyğun idi. XX əsrdən etibarən isə birdəfəlik şprislərə keçid edildi. 1912-ci ildə Ceyms Griley ilk birdəfəlik şprisi təqdim edir. Hazırda olanların əksəriyyəti paslanmaz polad iynədən və plastikdəndir. Nəticədə birdəfəlik istifadə sterilliyi tam təmin edir.