Sosial sahibkarlıq və yaxud sosial biznes iqtisadi fəaliyyətin elə bir formasıdır ki, burada sahibkarların əsas məqsədi maddi gəlir əldə etməkdən çox sosial məqsədlərini reallaşdırmaq və sosial problemlərin həlli yollarını tapmaqla öz bizneslərini yaratmaqdır. "Sosial problemlər" deyəndə bərabərsizlik, yoxsulluq, irqçilik, gender problemləri, təhsilə çıxışın olmaması kimi məsələlər nəzərdə tutulur.
Sosial sahibkar kasıb ailələr üçün iş yerləri yaradır, eləcə də əlilliyi olan şəxsləri özəl iş mühiti ilə təmin edir, təhsilə ehtiyacı olan uşaqlara və ya yoxsul regionlarda yaşayan insanlara təhsil imkanları verən layihələri həyata keçirir. Sahibkarlar ətraf mühitin qorunmasına da diqqət yetirirlər. Onlar bərpaolunan enerji mənbələrindən istifadə, tullantıların azaldılması və ekoloji problemlərin həlli ilə bağlı təşəbbüslərə önəm verirlər.
Qeyd edək ki, dünyaca məşhur olan sosial sahibkar və şirkətlər qeyri-hökumət təşkilatları və dövlətin dəstəyi ilə daha geniş miqyasda sosial dəyişikliklərə səbəb olan təşəbbüslər həyata keçirirlər. Bu sahədə məşhur olan iki nümunəni qeyd etməklə fikrimizi tamamlamış oluruq. Sosial sahibkarlığın ən yaxşı nümunələrindən biri kimi Məhəmməd Yunusun adı dünyada çoxlarına tanışdır. 2006-cı ildə Nobel Sülh Mükafatı almış banqladeşli sosial sahibkar Məhəmməd Yunus mikrokreditlərlə yoxsullara maliyyə imkanı verən "Grameen Bank"ı təsis etmişdir. Bank insanların öz kiçik bizneslərini qura bilmələri üçün heç bir zəmanət tələb etmədən kiçik məbləğlərdə kreditlər verir ki, bu da yoxsul insanlar üçün maliyyə xidmətlərini əlçatan edir. Hazırda bu model dünyanın bir çox ölkəsində təqdim olunur.
ABŞ-də fəaliyyət göstərən TOMS şirkəti sosial sahibkarlıqda rekord işlərə atdığı imzası ilə tanınır. Şirkət əsasən "One for One" ("Birinə Birini") adlı sosial məsuliyyətli iş modelini təqdim edir. Bu modelə görə, şirkət hər bir cüt ayaqqabı satıldıqda ehtiyacı olan digər şəxsə də bir cüt ayaqqabı bağışlayır. TOMS ayaqqabılarla məşhur olsa da, zaman keçdikcə digər məhsullar da təqdim etməyə başlamışdır. Məsələn, dünyada gözlüyə ehtiyacı olan insanlara yardım edərək "eynək hədiyyə etmə" kampaniyası ilə sosial missiyasını ilbəil genişləndirir.
Hazırda dünyada daha çox sahibkar həm güclü sosial təsir yaratmaq, həm də iqtisadi cəhətdən dayanıqlı olmaq məqsədilə yeni təşəbbüslərə imza atır. Bu yanaşma ənənəvi kommersiya müəssisələrinin uğursuz olduğu sahələrdə yeni və effektiv həllər təqdim etməyə imkan yaradır. Qeyd edək ki, Qlobal İnnovasiya İndeksinin (Qİİ) 2024-cü il buraxılışında sosial sahibkarlığa xüsusi əhəmiyyət verilib. Hətta sahibkarlığın bu növü cəmiyyətin üzləşdiyi əsas problemlərə innovativ həll yolları təqdim edən, bazar əsaslı mexanizmlər vasitəsilə davamlılığı stimullaşdıran model kimi ön plana çıxarılıb. Məlumat üçün bildirək ki, Qİİ dünya ölkələrinin innovasiya sahəsindəki uğurlarını qiymətləndirmək, eləcə də iqtisadiyyatın necə yenilikçi olduğunu və bu sahədəki sosial, iqtisadi və texnoloji mühitləri ölçmək üçün vacib bir vasitədir. Qİİ İsveçrə Federal Universiteti və Cornell Universiteti tərəfindən hazırlanaraq Beynəlxalq İqtisadiyyat və İnkişaf Proqramı (INSEAD) tərəfindən hər il yayımlanmaqla, dünya ölkələri üzrə innovasiya sahəsindəki mövqeləri təqdim edir.
Qİİ-nin hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov deyir ki, düzgün həyata keçiriləndə sosial sahibkarlıq cəmiyyətlər və ölkələr arasında ortaq dəyər yaradaraq, sosial inkişafı maliyyə dayanıqlığı ilə uzlaşdıran çoxşaxəli fəaliyyət formalaşdırır. Hesabata görə, sosial sahibkarlıq getdikcə daha çox əhəmiyyət qazansa da, innovasiya tədqiqatlarının ənənəvi çərçivələrində hələ də kifayət qədər araşdırılmamış bir sahə olaraq qalır: "Sosial sahibkarlıq sahəsində aparılan dəyərləndirmələr bu modelin genişlənməsi və effektivliyinin artırılması üçün zəruri istiqamətləri müəyyənləşdirməyə imkan yaradır. Qİİ sosial sahibkarlığın inkişafını stimullaşdıran mühüm faktorları üzə çıxarmaqla qlobal miqyasda daha inklüziv və davamlı innovasiya təcrübəsinin qurula biləcəyini vurğulayır. Sosial sahibkarlığın məqsədi yalnız mənfəət əldə etmək deyil, eyni zamanda cəmiyyətə fayda vermək, sosial dəyişiklik yaratmaqdır. Başqa sözlə, burada biznes fəaliyyəti cəmiyyətin sosial problemlərinin həlli əsasında formalaşır". Azərbaycanda da sosial sahibkarlıq istiqamətində son illər müəyyən addımlar atılmaqdadır. Həm dövlət, həm də özəl sektor tərəfindən bu sahə təşviq edilir. Ona görə də Azərbaycan cəmiyyəti sosial sahibkarlığı kifayət qədər vacib sahibkarlıq növü kimi qəbul etməlidir. Tədqiqatlar göstərir ki, ölkədə sosial sahibkarlıq konsepsiyasını izah etmək və başa düşmək üçün səylər artmaqdadır. Bu da onların sayının çoxalmasına stimul verən amil kimi diqqət çəkir. İqtisadiyyat Nazirliyi və Sahibkarlığın İnkişafı Fondu (SİF) bu sektorun inkişafını dəstəkləmək üçün bir sıra proqramlar həyata keçirirlər. Proqramlar arasında güzəştli kreditlər, qrantlar və digər maliyyə dəstəkləri yer alır.
Bu dəstək sosial sahibkarların öz təşəbbüslərini həyata keçirmələri və inkişaf etdirmələri üçün mühüm rol oynayır. "Sosial İqtisadiyyatda İnkişaf Mərkəzi" (SEIM), "Kəpəz" iqtisadi inkişaf mərkəzi, "Bakı Uşaq Evi" dövlət dəstəyindən yararlanan sosial sahibkarlıq təsisatlarıdır. Bu qurumlar ayrı-ayrılıqda fərdləri bir araya gətirərək, onlara uğurlu biznes modelləri qurmaq və sosial problemləri həll etmək üçün dəstək olur, yoxsulluğun azaldılması məqsədilə bir neçə yerli bizneslə əməkdaşlıq edir, aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqlar üçün xüsusi təhsil və sosial dəstək proqramlarını ortaya qoyurlar.
Azərbaycanda kənd təsərrüfatı sahəsində də sosial sahibkarlıq təşəbbüsləri mövcuddur. Məsələn, "Eko-Kənd" layihəsi ekoloji təmiz məhsullar istehsal edən və kənd sakinlərinə iş imkanı yaradan bir sosial sahibkarlıq nümunəsidir. Bu cür layihələr kənd əhalisinin rifahını artırmaqla yanaşı, ekoloji problemlərin həllni də təklif edir. Sosial sahibkarlığın ekoloji tərəfinə gəlincə deyə bilərik ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin təşviq edilməsi və təkrar emal olunan materialların istifadəsi üzrə sosial layihələr həyata keçirən müəssisələr var. Bu cür təşəbbüslər həm ekologiyanın qorunmasına, həm də sosial rifahın artırılmasına yönəlib.
Bəzən sosial sahibkarlığın inkişafı bir sıra çətinliklərlə üzləşir. Amma unutmaq olmaz ki, sosial sahibkarlıq yalnız biznes sahəsi kimi deyil, eyni zamanda cəmiyyətin sosial problemlərinin çözülməsini təklif edən bir model olaraq inkişaf edir. Ölkəmizdə bu sahənin hələ gənc olduğunu nəzərə alaraq onu da deyə bilərik ki, dövlətin, özəl sektorun və qeyri-hökumət təşkilatlarının sosial sahibkarlığa verdiyi dəstəyin artması onun güclənməsinə səbəb ola bilər. Bu yanaşma həm iqtisadiyyatın inkişafına, həm də sosial ədalətin və bərabərliyin təmin olunmasına kömək edər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"