Təqsirləndirilən erməni separatçıları cinayət əməllərini gizlədə bilmədilər
Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində erməni separatizminə son qoyuldu. 30 ilə yaxın Qarabağda yuva salmış və zaman-zaman Azərbaycan xalqına qarşı qanlı hadisələr, o cümlədən dünyanı sarsıdan Xocalı faciəsi törətmiş separatçıların yuvası darmadağın edildi.
Uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində erməni separatçılarının liderləri və üzvləri - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri həbs edilərək mühakimə olunmaq, törətdikləri qanlı əməllərə görə qanun qarşısında cavab vermək üçün ölkəmizin paytaxtına gətirildi.
Separatçılar saxlanıldıqları gündən onların əməlləri ölkəmizin peşəkar müstəntiqləri tərəfindən təhqiq olunmağa başlanıldı. Təhqiqat işləri başa çatdıqdan sonra separatçılar məhkəmə qarşına çıxarıldı. Artıq xeyli müddətdir ki, açıq məhkəmə prosesi davam edir.
Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.
İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb, Ermənistan hər zaman təcavüzə, işğala can atıb.
Məhkəmə prosesində o da öz təsdiqini tapıb ki, erməni separatçıları xalqımıza qarşı çirkin əməllərini həyata keçirmək məqsədilə Qarabağ müharibəsinin gedişində atəşkəs rejimini dəfələrlə pozmuşlar. Separatçılar Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektləri, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çeviriblər. Bütün bu qanlı əməllərin beynəlxalq qanunvericiliklə qadağan olunmasına baxmayaraq, erməni separatçıları buna məhəl qoymayaraq cinayətlərini törətməkdə davam ediblər.
Məhkəmə prosesində qeyd edilib ki, istintaqın gedişi zamanı təqsirləndirilən şəxslər - Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər. Bu faktlar həmçinin məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrinin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.
Ümumiyyətlə, erməni separatçıları məhkəmə prosesində nə qədər yalan danışsalar da, onların cinayət əməlləri həm şahid ifadələri, həm də məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrinin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlarla təsdiqini tapmışdır. Araşdırma zamanı o da məlum olub ki, Ermənistanın hərbi təcavüzü yalnız Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə yönəlməmiş, eyni zamanda Gəncə, Bərdə, Ağcabədi, Yevlax, Mingəçevir, Zərdab, Kürdəmir, Qəbələ və digər əraziləri hücum obyekti kimi müəyyənləşdirmişdir.
Göründüyü kimi, erməni separatçılarının qanlı əməlləri sərhəd tanımır. Onlar harada, hansı bölgədə olursa-olsun, zaman-zaman xalqımıza qarşı qanlı əməllər törədiblər. Odur ki, erməni separatçıları haqq məhkəməsindən heç yana qaça bilməyəcəklər. Təqsirli bilinən separatçıların günahları sübuta yetirildikdən sonra layiqli cəzalarını alacaqlar. Çox yerində deyilib ki, heç bir cinayət cəzasız qalmır.
Prosesin gedişindən hiss olunur ki, separatçıların məhkəməsi sona yaxınlaşmaq üzrədir. Son məhkəmə prosesində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib. Son söz ədalət məhkəməsinindir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"