Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də “Böyük Qayıdış” Dövlət Proqramının ardıcıl icrası postmünaqişə dövründə ərazilərin bərpası baxımından beynəlxalq səviyyədə diqqətlə izlənilən nümunələrdən biridir. Xüsusilə “Ağıllı şəhər”, “Ağıllı kənd” və “yaşıl zona” konsepsiyalarının tətbiqi müasir şəhərsalma yanaşmalarında yeni model kimi qiymətləndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün praktik təcrübə formalaşdırır. Bərpa-quruculuq işləri və ‘Böyük Qayıdış’ proqramının uğurla icra edilməsi beynəlxalq müstəvidə örnək hesab olunur, xüsusilə münaqişədən əziyyət çəkən ölkələr üçün bu ciddi təcrübədir. Təsadüfi deyil ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirakçı ölkələr Azərbaycanın bu təcrübəsinə yaxından maraq göstərirdilər.
Politoloqun sözlərinə görə, azad edilmiş ərazilərdə həyata keçirilən layihələr yalnız yenidənqurma ilə məhdudlaşmır, həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Hər şeydən öncə insanların öz doğma evlərinə qayıdışı azad olunmuş ərazilərə həyatın qayıdışı ilə yanaşı, demoqrafik problemlərin həlli baxımından da vacibdir.
“Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlər ölkə iqtisadiyyatının şaxələnməsi, xüsusilə ‘yaşıl enerji’ sektorunun inkişafına mühüm töhfə verir. Bu, ümumilikdə regionun inkişafında yeni perspektivlər açır. Bölgənin geostrateji mövqeyi həyata keçirilən layihələrin əhəmiyyətini daha da artırır. Çünki Qarabağ və Şərqi Zəngəzur Avrasiyanın nəqliyyat şəbəkəsinin əsas marşrutlarından olan Orta Dəhlizin üzərində yerləşir. Bu bölgələrin sosial-iqtisadi inkişafı və müasir infrastrukturun qurulması nəqliyyat dəhlizlərinin də inkişafına zəmin yaradır. Fikrimcə, bu bölgələrdə aparılan quruculuq işləri və ora həyatın qayıdışı təkcə ölkə iqtisadiyyatının inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın regional nəqliyyat qovşağı rolunun daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə Asif Nərimanlı bildirib.
Siyasi şərhçi vurğulayıb ki, bütün bu proseslərə baxmayaraq, mina təhlükəsi postmünaqişə dövrünün ən ciddi humanitar problemlərindən biri olaraq qalır. Bu problem bir tərəfdən bölgədə infrastrukturun bərpasını və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsini, digər tərəfdən isə Böyük Qayıdış prosesini ləngidən əsas amillərdəndir. Azərbaycan mina probleminə qarşı faktiki olaraq təkbaşına mübarizə aparır. Bir tərəfdən tamamilə dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, digər tərəfdən isə ‘Böyük Qayıdış’ proqramının təhlükəsiz şəraitdə həyata keçirilməsi istiqamətində iş aparılır və bütün bunlarla paralel mina probleminin həlli istiqamətində genişmiqyaslı fəaliyyət davam etdirilir. Dünyada bu problemlərlə eyni vaxtda məşğul olan, bütün çətinliklərə baxmayaraq uğurlu nəticələr əldə edən və beynəlxalq səviyyədə yeni təcrübə formalaşdıran ikinci bir ölkə yoxdur.
“Mina probleminin həlli ilə bağlı Azərbaycana beynəlxalq müstəvidə lazımi dəstək göstərilmir, eyni zamanda, Ermənistanın dəqiq mina xəritələrini təqdim etməməsinə görə ona qarşı heç bir ciddi beynəlxalq təzyiq də tətbiq olunmur. Azərbaycan buna qarşı atdığı addımları bir neçə istiqamətdə daha da intensivləşdirməlidir. Məsələ beynəlxalq məhkəmələrə çıxarılmalı, Ermənistana qarşı hüquqi iddialar daha da gücləndirilməli, eyni zamanda, bu problem BMT-nin və digər beynəlxalq təşkilatların gündəliyində daim saxlanılmalıdır. Bununla yanaşı, xarici media platformalarında mina probleminin işıqlandırılmasına xüsusi diqqət yetirilməli, beynəlxalq ictimaiyyət bu humanitar təhlükə barədə daha geniş şəkildə məlumatlandırılmalıdır”, – deyə Asif Nərimanlı fikrini yekunlaşdırıb.