24 May 2023 09:20
2631
İQTİSADİYYAT
A- A+
Sığorta etdirməyənlər cərimələnəcəklər?

Sığorta etdirməyənlər cərimələnəcəklər?

 

Daşınmaz əmlakın sığortalanma durumu yeni elektron sistemlə müəyyən ediləcək

 

Təcrübə göstərir ki, vətəndaşlar bəzən riskləri doğru dəyərləndirmədikləri üçün sığortadan yayınır və xoşagəlməz hadisələr baş verdikdə çətin vəziyyətə düşürlər. Daşınmaz əmlakın sığortalanması icbari olsa da, reallıq budur ki, mənzillərin sığortalanması kütləvi deyil. Amma qanunla nəzərdə tutulmasına baxmayaraq, indiyədək fərdi ev və mənzil sahibləri daşınmaz əmlaklarını sığortalamadıqlarına görə cərimələnmirdilər. 
İyunun 1-dən isə daşınmaz əmlakın sığortalanması elektronlaşdırılacaq. İcbari sığorta müqavilələrinin elektronlaşması daşınmaz əmlakın sığortalanıb-sığortalanmadığını müəyyən etməyə imkan verəcək. 
Elektronlaşma tamamlandıqdan sonra nəzarətedici qurum yalnız bir ekrandan vətəndaşın əmlakının sığortalı olub-olmadığını görəcək. 
Eyni zamanda elektronlaşma daşınmaz əmlakın icbari sığorta edilməməsinə görə qanunla nəzərdə tutulmuş cərimələrin də tətbiq edilməsinə imkan yaradacaq. Daşınmaz əmlakının icbari sığortasını həyata keçirməyən mülk sahibləri bundan sonra cərimədən yayına bilməyəcəklər. Çünki sığorta növü üzrə cərimələr də elektron qaydada tətbiq olunacaq. Elektronlaşmadan sonra xəbərdarlıqlara baxmayaraq, mənzillərini sığortalatdırmayan vətəndaşlar bir müddət sonra mərhələli şəkildə inzibati məsuliyyətə cəlb olunacaqlar. Müqavilə bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunan vətəndaşlar 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamasalar, cərimələnəcəklər. 
Onu da qeyd etmək lazımdır ki, mənzillərin sığortalanmasının elektronlaşdırılmasının əsas məqsədi vətəndaşları cərimə qorxusu ilə sığortaya cəlb etmək deyil, onları risklərdən qorumaqdır. Çünki daşınmaz əmlakın icbari sığortası ciddi risk təminatına sahib olan sığorta növüdür. 

 

Çıxarışı olan bütün mənzillər sığortalanmalıdır

 

Azərbaycanda daşınmaz əmlakın sığortalanması "İcbari sığortalar haqqında" qanunla tənzimlənir. Qanuna əsasən, ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlaklarının sığortalanması məcburidir. Daşınmaz əmlakının icbari sığortası olmayan fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvandakılara 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qeyri-yaşayış obyektlərinin sığorta tarifləri isə əmlakın yerləşdiyi yerə, təyinatına və həcminə görə müəyyən edilir.
Qanun mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı (kupçası) olan bütün mənzillərin sığortalanmasını tələb edir. Qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evlər isə sığortalana bilməz. 
Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində qısaqapanma, maşınların, aparatların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma və digər oxşar hallar sığorta hadisəsidir. Həmçinin təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi hesab olunur.

 

Vətəndaşlara dəymiş ziyanın sığorta şirkətləri tərəfindən qarşılanması asanlaşacaq

 

Xatırladaq ki, 2020-ci ilin əvvəllərindən etibarən daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq fərdi evlərin və mənzillərin kütləvi şəkildə sığortalanmasına başlanılmışdı. Həmin ilin yanvar-mart aylarında sığorta şirkətlərinin daşınmaz əmlakın icbari sığortası üzrə topladıqları sığorta haqlarının məbləği 17 milyon 845,3 min manat təşkil etmişdi. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 94,9 faiz çox idi. Yəni nəzarət tədbirlərinin gücləndirilməsi və cərimələrin tətbiqi sayəsində daşınmaz əmlakın sığortalanmasında ciddi irəliləyiş olmuşdu. 
Ötən il isə şirkətlər bu sığorta növü üzrə 53 milyon 980 min manat yığım əldə ediblər. Mütəxəssislərin fikrincə, icbari sığortanın elektronlaşdırılması 2023-cü ildə daşınmaz əmlak növü üzrə yığımların 100 milyon manata kimi artmasına səbəb ola bilər. Bu, fövqəladə hadisə zamanı vətəndaşlara dəymiş ziyanın sığorta şirkətləri tərəfindən qarşılanmasını asanlaşdıracaq. 

 

Bu yenilik sığorta mədəniyyətinin inkişafına səbəb olacaq

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov əməkdaşımıza bildirib ki, elektronlaşdırma vətəndaşların fərdi evlərini və mənzillərini sığortalamaları üçün bir stimul olacaq: "Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icbari sığortasından yayınma hallarının əsas səbəbi vətəndaşların məlumatsızlığı və sığorta işinə marağın az olmasıdır. Bunun nəticəsidir ki, xüsusilə bölgələrdə, eləcə də paytaxtda əmlakların böyük əksəriyyəti sığortalanmayıb. Belə olan halda mülk sahibləri icbari sığortadan istifadə etmədikləri üçün əmlakları ziyan gördükdə ödəniş etməkdə çətinlik çəkirlər". 
Deputatın sözlərinə görə, elektron xidmətlərdən istifadə vətəndaşların daha qısa zamanda sığortadan yararlanmasına gətirib çıxaracaq: "Sığorta ilə bağlı elektronlaşdırılmanın həyata keçirilməsi həmçinin vahid bazanın formalaşmasına səbəb olacaq. Nəticədə sığortalanmayan əmlakların daha asan və qısa müddətdə sığortaya cəlb edilməsinə şərait yaranacaq. Bu baxımdan daşınmaz əmlakın sığortalanmasının elektronlaşdırılması zəruridir. Bu, sığorta bazarının genişlənməsi və sığorta münasibətlərinin dərinləşməsi baxımından da önəmlidir". 
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev isə qəzetimizə açıqlamasında bildirib ki, ölkə ərazisindəki daşınmaz əmlakların heç də hamısının sığortalanmaması icbari sığorta növünün elektronlaşmasına zərurət yaratdı. İnformasiya inteqrasiyası ilə formalaşdırılan bu elektronlaşma respublikadakı bütün sənədli əmlakların müəyyən olunub sığortaya cəlb olunmasına təkan verəcək. Xüsusi qeyd etmək lazımdır ki, daşınmaz əmlak sığortasının ölkəmizdə icbari tətbiq olunması və qanunvericiliklə tənzimlənməsi Azərbaycanın sosial dövlət olduğunu və qanunvericiliklə vətəndaşının rifahını qoruduğunu ortaya qoyan başlıca faktordur".

 

Ölkədəki yaşayış əmlaklarının 10 faizi, qeyri-yaşayış əmlaklarının isə 30 faizi sığortalanıb

 

Araşdırmalar göstərir ki, ölkəmizdə sığorta sektorunda irəliləyişə nail olunur. Bu, sektorda dayanıqlı inkişafı təmin edən başlıca səbəblərdəndir. Yerli sığorta bazarının əldə etdiyi müsbət nəticə islahat tədbirlərinin sistematik olaraq həyata keçirilməsi ilə əlaqəlidir. 
Elmar Mirsalayev qeyd edib ki, Azərbaycan sığorta bazarına nəzarətedici və tənzimləyici orqan olan Mərkəzi Bankın, habelə sığorta bazarının təmsilçiləri olan Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun əhalidə istər sığorta savadlılığının və sığorta məlumatlılığının artırılması, istərsə də cəmiyyətin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması istiqamətində atdığı funksional addımları bu islahat tədbirlərinə misal göstərmək olar. 
Müsahibimiz bildirib ki, son dövrlər "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə cari ilin yanvar-mart ayları ərzində təmin olunan sığorta yığımları 36.4 milyon manat təşkil edib: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2 milyon manat çoxdur. Hesabat dövründə adıçəkilən növ üzrə sığorta ödənişlərində də artım qeydə alınıb. Belə ki, 2023-cü ilin I rübündə baş vermiş sığorta hadisələrinə görə, vətəndaşlara 390 min manat sığorta ödənişi həyata keçirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 115 min manat çoxdur".
 Elmar Mirsalayevin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası növü üzrə müəyyən qədər artım təmin olunsa da, nəticə qaneedici deyil: "Son rəsmi statistikaya görə, ölkədə mövcud olan yaşayış əmlaklarının təxminən 10 faizi, qeyri-yaşayış əmlaklarının isə 30 faizi sığortalıdır. Buradan da aydın görünür ki, ölkəmizdə "Daşınmaz əmlakın icbari sığortası" bazarının potensialı əhəmiyyətli dərəcədə böyükdür. Bu sığorta növünün elektronlaşması mövcud problemləri müəyyən qədər aradan qaldıracaq".
İcbari Sığorta Bürosunun məlumatına əsasən, 2022-ci ilin sonuna ölkədə ümumilikdə 151 min ev və mənzil sığortalanıb. Azərbaycanda sığortalana bilən 
1 milyondan çox yaşayış əmlakının olduğunu nəzərə alsaq, bu göstəricinin qənaətbəxş olmadığı aydın görünür. Ona görə də daşınmaz əmlakın sığortalanmasının elektronlaşdırılması zəruridir. Yeni elektron sistemin yaxın günlərdə fəaliyyətə başlaması bu kimi problemləri aradan qaldıracaq. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!