Şərəfli ölümü ilə əbədiyyət qazandı
Zamanın küləyi dayanmadan illəri üzü gələcəyə qovduqca hey qovur. Sanki biz torpaqlarımızın azadlığı uğrunda şəhid olanları illərlə əvvəl yox, dünən-srağagün torpağa tapşırmışdıq. Amma bir anlıq nəfəs çəkib tarixin səhifələrinə boylananda görürük ki, o kədərli çağlardan çox illər ötüb. O vaxtlar iyirmi dörd, iyirmi beş yaşlarında Şəhidlər xiyabanında dəfn etdiyimiz oğul və qızlarımızın indi əlli, altmış yaşları var.
Əgər torpaqlarımızın müdafiəsində canından keçməsəydi, bu günlərdə Quliyev Cavid Cəlal oğlunun əlli beş yaşı tamam olacaqdı. Amma o, Vətən torpaqlarının azadlığı uğrunda şəhid olaraq ömrünün iyirmi dördüncü pilləsində qaldı. Yurd uğrunda canlarından keçənlər heç vaxt unudulmurlar, həmişə yad edilirlər.
Şəhid ailəsini yaxından tanıyan Lalə xanımla birgə onların qapısını döydük. Bizi dünyanın hər üzünü görmüş Cavidin anası Turan xanım qarşıladı. Mizin arxasında oturan kimi Turan xanım Cavidin albomunu bizə verdi. Saralmış vərəqləri bir-bir çevirib oğlunun yaşadığı iyirmi dörd illik ömür yolu ilə tanış olduq.
O, 1969-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra hərbçi olmaq arzusu ilə Leninqrad Ali Hərbi Siyasi Məktəbinə qəbul olub. Ürəyindəki istəklərini yerinə yetirmək üçün Cavid ixtisasını dərindən öyrənməyə çalışıb. Amma son vaxtlar ermənilərin Leninqradda apardıqları anti-Azərbaycan təbliğatı onların tədris ritmini pozurdu. Vəziyyət getdikcə pisliyə doğru dəyişirdi. Axır iş o yerə çatdı ki, Cavid burada oxuya bilməyib 3-cü kursdan köçürmə yolu ilə doğma vətəninə üz tutdu - təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirdi. Bu o günlər idi ki, torpaqlarımızın azadlığı uğrunda qanlı savaş gedirdi. Cavid də cəbhə bölgəsinə, döyüşlərə can atırdı.
Hərbi təhsilini başa vuran Cavidi 1993-cü ilin aprelində cəbhə bölgəsinə - Tərtər istiqamətinə göndərdilər. İlk gündən cəsarəti ilə seçilən Cavid ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Bir gün axşam döyüşün qızğın çağında əsgər rabitə vasitəsilə ona çatdırdı ki, dörd erməni qulduru üzümlük tərəfdən onların mövqelərinin arxasına keçir. Cavidin cavabı qısa oldu: "Bu dəqiqə gəlirəm". Gənc zabitin cəsarəti sayəsində qəsbkarlardan biri məhv edilir, üçü əsir götürülür.
Gənc zabitin son döyüşü 9 may 1994-cü ildə Şotlanlı kəndində oldu. Həmin günə qədər isə Cavid onlarla qanlı döyüşdə iştirak etmişdi. Bu əməliyyatlarda düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını vurmuşdu. Hünər və igidliyinə görə komandanlıq dəfələrlə Cavidi mükafatlandırmışdı. Onun üçün isə ən böyük mükafat işğaldan azad edəcəyi torpaqlar idi. Son döyüşdə qüvvələr bərabər deyildi. Amma nə qədər çətin olsa da, onlar müqavimət göstərir, işğalçıların hücumlarını dayandırmağa çalışırdılar. Artilleriyaçılar ermənilərin zirehli texnikalarını atəşə tutsalar da, qəsbkarlar addım-addım irəliləyirdilər. Qumbaraatan əsgər Xəqani Məmmədovun yaralanmağı vəziyyəti bir az da çətinləşdirdi. Cavid əsgər Ziyarəddinə əmr etdi ki, Xəqanini geri çıxarsın. Döyüş qızışdıqca onların mühasirəyə düşmək təhlükəsi yaranırdı. Bunu görən Cavid geri çəkilmək əmri verdi. Bu vaxt zabit yoldaşı Rəhim Məmmədov yaralandı. Onu döyüş mövqeyindən çıxarmaq istəyən əsgər Faiq Əvəzov da yağıların gülləsinə tuş gəldi. Nə qədər çətin olsa da, Cavid onları təhlükəli zonadan uzaqlaşdıra bildi. Düşmən mövqeyinə yenidən atəş açmaq istərkən döyüşçü dostu Nizami Hacıyevlə eyni vaxtda yaralandılar. Qəlpələr onun qolundan dəymişdi. İşğalçıların növbəti güllələrindən yayınmaq üçün ikisi də yaxınlıqdakı çalaya uzandılar. Təəssüflər ki, düşmənlər onları görüb tez bir zamanda başlarının üstünü alaraq təslim olmağı tələb etdilər. Amma nə Nazim, nə də Cavid qəsbkarların istəklərini yerinə yetirdilər. Son anda şərəfli ölümü əsir düşməkdən üstün tutaraq qumbaralarını sinələrinə sıxdılar. Kişi kimi vuruşmuşdular, kişi kimi də şəhid oldular. Qumbara partlayışından yaxınlıqdakı ermənilərdən də bir neçəsi gəbərdi.
Düşmən Cavidin meyitini bir aydan sonra qaytardı. Onun ölümündən üç gün sonra isə cəbhədə atəşkəs elan edildi. Cavidin məzarı İkinci Şəhidlər xiyabanındadır. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur. Həmişə onlarla fəxr edib öyünür.
Döyüşlərdə göstərdiyi igidliyə, qəhrəmanlığa görə Quliyev Cavid Cəlal oğlu ölümündən sonra dövlət başçısının 25 iyun 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Qadınlar üçün yerdə cəhənnəm"
13 Sentyabr
İnqilabın "dəmir əsgəri"
13 Sentyabr
Qanlı illərdən soraq verən məkan
13 Sentyabr
İşgəncələrlə öldürülən dəstə başçısı
13 Sentyabr
8-ci dəfə
13 Sentyabr
Qarabağ Universitetinin tərtərli ilkinləri
13 Sentyabr
Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə qayıtmalıdırlar
13 Sentyabr
Gəncədə bu il birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib
13 Sentyabr
Azərbaycanın DOST-u nümunə göstərir
13 Sentyabr
Meqalayihələr, üstəgəl 111 milyon dollarlıq sosial dəstək
13 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!