Taxılın biçini yekunlaşır, pambığın becərilməsi davam edir, meyvə və bostanın tədarükü sürətlənir
Kürlə Arazın qovuşduğu ərazidə - Sabirabadda əkinçilik və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahəsidir və bu, təsadüfi deyil. Rayonda əhalinin 83 faizi, yaxud 151,2 min nəfəri kənd yerlərində yaşayır. Rayonun inzibati ərazisində 100 min hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi var ki, onun da 67 min hektarı suvarılandır. Elə bu səbəbdən torpaq sabirabadlıların əsas gəlir yeridir.
Cari il rayonda 67 min hektardan artıq, o cümlədən 21742 hektar sahədə buğda və arpa, 11559 hektarda pambıq, 7658 hektarda bostan-tərəvəz, 23672 hektarda yem bitkiləri və s. əkilmişdir. Hazırda taxıl biçini başa çatmaq üzrədir. Fermerlər cari ildə də yüksək məhsul əldə etməyə çalışırlar. Taxılın orta məhsuldarlığının 42 sentnerdən yuxarı olacağı proqnozlaşdırılıb. Biçinin optimal müddətdə başa çatdırılması üçün Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində qərargah yaradılmışdır. Aparılmış çoxsaylı maarifləndirmə tədbirləri hesabına taxılı biçilmiş sahələrdə yanğın hadisələri demək olar ki, qeydə alınmamışdır. Onu da qeyd edək ki, bu gün taxılçı fermerlərin qarşısında mühüm vəzifələr durur. Onlar dünyada baş verən ərzaq qıtlığı, xüsusilə ərzaq buğdasının çatışmazlığı ilə bağlı əkin sahəsinin həcmini və məhsuldarlığı artırmağa çalışırlar.
Son illər rayonda pambıqçılığın inkişafı istiqamətində də xeyli işlər görülmüşdür. Xatırladaq ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı ilk respublika müşavirəsini 2016-cı ilin aprelin 16-da Sabirabadda keçirmiş, ölkədə, o cümlədən Sabirabadda pambıqçılığın inkişafı üçün müvafiq tapşırıqlar vermiş və mühüm qərarlar qəbul etmişdir. Onlardan biri "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"dır.
Proqramda qarşıya qoyulan hədəflərə çatmaq üçün Sabirabadda da xeyli işlər görülmüşdür. Rayon ötən müddətdə xeyli sayda texnika, maşın və avadanlıqlar almış, texniki təminat məsələlərini dövlətin köməyi ilə yaxşılaşdırmış, pambıqçılığa münasibəti kökündən dəyişdirmişdir. Əgər 2015-ci ildə rayon üzrə 1633 hektarda pambıq əkilmiş və hər hektardan 11,3 sentner məhsul götürülmüşdüsə, 2022-ci ildə əkin sahələrinin həcmi 7 dəfə artaraq 11559 hektara çatmışdır. Ötən il hektardan məhsuldarlıq 30 sentner olmuşdur ki, bu da 2015-ci ildəkindən 2,6 dəfə çoxdur. Başqa misal: Sabirabadda bu gün 2755 kəndli-fermer ailəsi pambıqçılıqla məşğuldur. Əvvəlki illər isə onların sayı az qala barmaqla sayılası qədər idi. Bundan başqa, 2015-2016-cı illərdə rayonda pambıqçılıqla iki pambıq qəbulu müəssisəsi məşğul olurdu. Hazırda isə rayonda 7 pambıq qəbulu müəssisəsi var. Son illər rayonda "P-Aqro" MMC-nin Sabirabad fililaı yaradılmış, Qaratəpə kəndində "MKT İK" MMC-nin Sabirabad filialında ikinci pambıq qəbulu məntəqəsi fəaliyyətə başlamışdır. Üstəlik, Sarxanbəyli kəndində də yeni pambıq qəbulu məntəqəsi tikilir. Yeri gəlmişkən, xatırladaq ki, 2021-ci ildə rayon üzrə 27,4 min ton pambıq tədarük edilmiş və fermerlərin cəmi pul gəliri 20 milyon manatdan çox olmuşdur.
Sabirabadda hələ keçmiş SSRİ dövründə qabaqcıl pambıqçılar çox olmuşdur. Adlı-sanlı pambıq ustaları Fatma Hüseynova, Zəminə Aslanova, Narınc Kərimova, Çervon Azayeva, Mətanət Məmmədova və Zahid Bağırovun əldə etdikləri uğurlu nəticələr yüksək qiymətləndirilmişdir. Bu gün də ənənə davam edir. Pambıqçılıqda əldə etdikləri yüksək göstəricilərə görə birinci dərəcəli "Əmək" ordeni almış Əfras Əsgərov və Vaqif Abbasov əsl örnəyə çevrilmişlər. Ötən il 686 fermer hər hektardan 30-40, 305 fermer 40-50, 195 fermer 50 sentnerdən artıq məhsul götürmüşdür. Bunun bir səbəbi də pambığın 80 faizindən çoxunun maşınla toplanmasıdır.
Rayonun bütün kəndlərində bostan-tərəvəz də əkilir. Hazırda bostan məhsullarının tədarükü davam edir. Toplanan qarpız Bakı və digər şəhərlərə, eləcə də ölkə xaricinə göndərilir. Meyvəçiliyə gəldikdə, bu sahədə intensiv bağçılıq təsərrüfatlarına üstünlük verilir. Örtülü tərəvəz əkinçiliyi ildən-ilə artır. Paralel olaraq üzüm bağlarının həcmi genişləndirilir.
Sabirabad həm də böyük heyvandarlıq rayonudur. Təsərrüfatlarda 360 min başdan artıq davar və qaramal bəslənilir. Mal-qara arasında süni yolla buzov alınması ilə bağlı ən yaxşı göstərici də məhz Sabirabad rayonunda əldə edilir. Ötən il rayon üzrə 6920 baş, cari ilin altı ayında 3352 başdan artıq buzov süni yolla alınmışdır. Ümumiyyətlə, bu tədbirə başlanıldığı 2007-ci ildən indiyədək Sabirabadda 51 min başdan artıq buzov süni yolla doğulmuşdur. Səmərəsi isə statistikada görünür: cari təsərrüfat ilinin 6 ayında ilkin məlumatlara əsasən, 9285 ton ət, 60563 ton süd, 605 ton yun, 62,8 milyon ədəd yumurta istehsal olumuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Sonda onu da bildirək ki, rayonun ərazisində aqroparkların yaradılması istiqamətində işlər davam edir. Bu məqsədlə 11300 hektarda qış otlaq sahələrinin təyinatı dəyişdirilmiş və əkin kateqoriyasına keçirilmişdir. Ərazidə artıq əkinçilik istiqamətli bir neçə təsərrüfat formalaşmış və təsərrüfat işlərinə başlanılmışdır.
Lazım QULİYEV,
"Azərbaycan"