Avropa Parlamentinin keçmiş üzvü, Böyük Britaniyanın Brexit Partiyasını təmsil etmiş Neitan Gill Rusiya ilə bağlı rüşvət qəbul etdiyinə görə 10 il yarım müddətinə azadlıqdan məhrum olunub.
AZƏRTAC xəbər verir ki, məhkəmə qərarına əsasən, Gill mandat daşıdığı dövrdə Rusiyanın maraqlarını müdafiə edən bəyanatlar vermək üçün pul alıb.
İstintaq zamanı 45 min avrodan çox vəsaitin Gillə Ukraynanın keçmiş deputatı və hazırda Moskvada olduğu güman edilən Oleq Voloşın tərəfindən göndərildiyi aşkar edilib. Məlum olub ki, sövdələşmələr vatsap yazışmalarında əksini tapıb.
Gill 2018-ci ilin dekabrından 2019-cu ilin iyulunadək olan dövrdə səkkiz epizod üzrə rüşvət aldığını etiraf edib. O, məsələnin motivi barədə açıqlama verməsə də, araşdırma orqanları onun həmin dövrdə maliyyə çətinliyi çəkdiyini ehtimal edir.
Siyasətçi əvvəllər UKIP-in, daha sonra isə Brexit Partiyasının üzvü olub. Həmin dövrdə hər iki partiyaya Naycel Farac rəhbərlik edib. Gill 2014-cü ildə Avropa Parlamentində, həmçinin Uelsdə Faracın Reform UK partiyasının rəhbəri kimi fəaliyyət göstərib.
Böyük Britaniyanın Antiterror polisi aparılan araşdırma zamanı Gillin 2018–2020-ci illərdə Ukraynada anti-Rusiya media qurumlarını dəstəkləyən çıxışlar etməsi qarşılığında ödənişlər aldığını müəyyənləşdirib. O, 2021-ci ilin sentyabrında Mançester hava limanında saxlanılıb, telefonları və digər elektron cihazları müsadirə olunub.
İstintaq çərçivəsində məlum olub ki, Gill Voloşın vasitəsilə Ukrayna hökumətinə qarşı bəyanatlar yayıb, hətta 2019-cu ildə Avropa Parlamentində Kremlə yaxın ukraynalı siyasətçi Viktor Medvedçukun iştirakı ilə tədbir də təşkil edib.