Kremlin Azərbaycanın Neft Şirkətinin bazalarına hücumları onun məkrli niyyətini bir daha ortaya qoyur
Rusiyanın Azərbaycana qarşı müxtəlif formatlı qeyri-dost addımları davam edir. Həm rus mediasında ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır, həm müxtəlif rəsmi şəxslər ölkəmizə aid olmayan tədbirlərdə bizi günahlandırır, həm də Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq üçün hücum taktikasından istifadə olunur.
Bir müddət əvvəl Rusiya tərəfindən atılan raketin Ukraynadakı səfirliyimizin, həmçinin SOCAR-ın ofisinin yaxınlığına düşməsi, Azərbaycan neftinin də ixrac edildiyi kəmərə, eyni zamanda neft bazasına edilən raket hücumları bunu bir daha təsdiqləyir. Ötən günlərdə SOCAR-ın yanaqcaqdoldurma məntəqəsinin vurulması prosesin davamlı xarakter aldığını göstərir. Kremlin Azərbaycanın Neft Şirkətinin bazalarına hücumları onun məkrli niyyətini bir daha ortaya qoyur.
Azərbaycanın yaratdığı reallıqları həzm edə bilməyən Kreml müxtəlif cəbhələrdə ölkəmizin fəaliyyətinə maneə yaratmaq istəyir. Bu baxımdan rəsmi Bakının Ukraynaya humanitar yardımlarını da heç cür qəbul edə bilmir.
Milli Məclisin deputatı Sahib Alıyev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Alyaskadakı görüş adlandırılan, iki eyni statuslu yox, "hegemonla" "dəyənək" gözündə görülən dövlətlərin - ABŞ və Rusiyanın liderləri arasındakı danışıqlardan bir gün keçməmiş Azərbaycanın Ukraynadakı yanacaq infrastrukturuna endirilən zərbə Moskva ilə ancaq sərt dildə danışmaq lazım olduğunu göstərdi.
Deputat qeyd edib ki, əks təqdirdə əyinlərində üzərinə "SSRİ" yazılan köynəklə Alyaska görüşünə gedənlər nəyisə dirildəcəklərini düşünürlər: "SOCAR-ın Odessadakı neft bazasına endirilən zərbə Azərbaycana qarşı növbəti düşmənçilik aktı olmaqla yanaşı, cənab Trampın bizim regionda dayanıqlı sülh yaratmaq planını qəbul etməməsinin Rusiyaya xas şəkildə sərgilənməsi idi. Azərbaycan bunu cavabsız qoymayacaq. Ümid edək ki, Vaşinqtonda da təcriddən çıxacağı halda daha da azğınlaşacağını gizlətməyən Rusiyanın həddini aşması ilə bağlı lazımi addımlar atılacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"