29 Mart 2024 15:09
327
İQTİSADİYYAT
A- A+

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

 

Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə III Aqrobiznesin İnkişafı Forumu keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumu açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycanın ev sahibliyi edəcəyini deyən nazir Məcnun Məmmədov qeyd edib ki, COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsində mühüm rolu olacaq. Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək: “Dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər “ənənəvi kənd təsərrüfatı istehsalı modeli”ndən “təsərrüfatın intensiv idarəedilməsi”nə keçidi şərtləndirir. Bu istiqamətdə beynəlxalq miqyasda müsbət təcrübə kimi bilinən dövlət-özəl sektor tərəfdaşlığının mühüm əhəmiyyəti var. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri bu sahəyə investisiya qoyuluşunu cəlbedici edir və ümidvaram ki, siz iş adamları bu imkanları da nəzərdən keçirəcəksiniz”.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə kənd təsərrüfatının iqtisadiyyatın əsas sahələrindən biri olduğunu vurğulayıb. Məmməd Musayev əlavə edib ki, üzv ölkələrin aqrar potensialından səmərəli istifadə ümumi iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmiz dinamik inkişaf edir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında xüsusi yerə sahib olduğunu deyən komitə sədri, aqrar sahənin intensiv inkişafının müasir texnologiyaların tətbiqindən birbaşa asılı olduğunu, dövlətin bu istiqamətdə hərtərəfli dəstək tədbirləri ilə aqrar sahənin inkişafında yeni mərhələnin başladığını vurğulayıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkənin bütün regionlarında olduğu kimi, Qubada da kənd təsərrüfatının inkişafına mühüm diqqət yetirildiyini, həyata keçirilən tədbirlərin, o cümlədən bu cür tədbirlərin aqrar sahəyə öz töhfəsini verəcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. KOBİA sədri bildirib ki, müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi uğurlar qazanılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Əliyar Məmmədyarov aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı və digər məsələlərə toxunub. Mərkəzi Bank rəsmisi aqrobiznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu, kənd təsərrüfatı sahəsinin kreditləşməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından danışıb.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman TDT ölkələrinin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər barədə fikirlərini bölüşüb, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı planları açıqlayıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə mövcud vəziyyət”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) böyük aqromaliyyə mütəxəssisi Frank R.Höllinger “Aqrar sahənin maliyyələşmə ehtiyacları, tələb və təklif əsaslı qiymətləndirmə” mövzusunda təqdimatlar keçiriblər.

Forum öz işini panel sessiyalarla davam etdirir.

 

11:52

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” öz işinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Əliyar Məmmədyarov, FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman və başqa rəsmi şəxslər iştirak edirlər.

Forumda aqrobiznes sektorunun hazırkı vəziyyəti və perspektivləri, habelə iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıqyönümlü bir sıra məsələlər müzakirə olunur.

Forum çərçivəsində kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar - Yaşıl Maliyyə və İqlimə Davamlılıq üçün dövlət dəstək alətləri, Kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçiriləcək.

Forumda kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələri, uğurlu maliyyələşdirmə yolu ilə inkişaf etmiş yerli təsərrüfatların və ya aqrobizneslərin videotəqdimatları və onların mükafatlandırılması həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video