Qırmızı soğan antosian maddələrlə zəngindir və məhz bu maddələr ona qeyri-adi rəng bəxş edir. Araşdırmalar üzə çıxarıb ki, qırmızı soğan ağ soğandan daha faydalıdır.
Çünki onun tərkibində digər rəngdə olan soğanlarla müqayisədə 2 dəfə çox antioksidant maddələr var. Bu, qırmızı soğanın iltihabəleyhinə təsirini təmin edir. İçərisindəki antosian maddələr immun sistemini, qan damarlarını möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır, həmçinin şişlərin qarşısını alır.
Qırmızı soğanın tərkibində unikal kversetin maddəsi var ki o, güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödem əleyhinə, antioksidant xüsusiyyətlərə malikdir.
Araşdırmalarla sübut edilib ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında “pis” xolesterinin səviyyəsi aşağı olur. Bu, bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər. Kükürdlə zəngin olan qırmızı soğan dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.
Bu rəng soğan zökəm, soyuqdəymə xəstəlikləri, qrip, öskürək zamanı çox yaxşı kömək edir, damaqları möhkəmləndirir. Eyni zamanda həzm prosesini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.
Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğanı xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəziyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.