Azərbaycanın bu sahədə hədəfə çatmasına çox qalmayıb
Büdcəmizin əsas gəlirlərinin neft-qaz sektorundan formalaşması yeni fakt deyil. Bu, həm də təbiidir - Azərbaycan hələ də neft-qaz ölkəsi olaraq qalır. Amma bu da faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə icra edilən sosial-iqtisadi islahatların hədəfi qeyri neft-qaz sektorunun inkişafıdır. Yəni qeyri-neft-qaz sektorunu inkişaf etdirməklə ölkənin enerji resurslarından asılılığı aradan qaldırmaq prioritet fəaliyyət istiqamətidir.
Onu da etiraf edək ki, vaxtında görülmüş tədbirlər sayəsində ölkədə qeyri-neft-qaz sektorunun inkişafına nail olunub. Bu hesaba qeyri-neft məhsullarının istehsalı və ixracı artır. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-noyabr ayları üzrə verdiyi məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 7,8 faiz artım qeydə alınmışdır. Həmin dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz olmuşdur.
Hesabat dövründə emal sənayesində 16 milyard 301,5 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Emal sənayesinin müxtəlif sahələrində artım yüksək olmuşdur. Məsələn, 11 ay ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 449,1 milyon manat dəyərində məhsul istehsal olunmuşdur ki, bu da kiçik rəqəm deyil. Bundan əlavə, kimya sənayesi məhsullarından etil spirti, polietilen, etilen, propen (propilen), rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalında, habelə sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalında da artım dinamikası davam etmişdir. Hesabat dövründə məhsul istehsalının yüksək səviyyədə artdığı sahələrdən biri də tikinti materiallarıdır. Bunun başlıca səbəbi işğaldan azad edilən ərazilərdə aparılan tikinti işləridir. Belə məhsullara olan tələbat sifarişlərin və istehsalın yüksək səviyyədə artmasına səbəb olmuşdur.
Müasir dövrdə kompüter, elektron və optik məhsulları ən çox gəlir gətirən məhsullardır. Həmin sahə ölkəmizdə hələ tam formalaşmasa da, məhsul istehsalının 2022-ci ilin müfaviq dövrü ilə müqayisədə 2023-cü ilin 11 ayında 74,3 faiz artması yüksək nəticədir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən dəstəklənən Milli İxrac Strategiyası qeyri-neft-qaz sənayesində məhsul ixracını artırmağa hədəflənib. Həmin strategiyada 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft məhsullarının ixracının 85 faizə - təxminən 5 milyard dollara qədər artırılması nəzərdə tutulub.
Dövlət tərəfindən sahibkarlığın dəstəklənməsi, qeyri-neft sənayesində özəl sektorun məhsul istehsalındakı payının artmasına səbəb olub. Sənaye məhsullarının ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faizə yüksəlib. Bu isə o deməkdir ki, 2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın dəyəri 1,6 milyard manatdan 17,7 milyard manata çataraq real artımda 4,3 faiz yüksəlişə nail olunub.
Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların başlıca hədəfi ölkənin əsasən qeyri-neft-qaz sektoru hesabına sənayeləşməsinə nail olmaqdır. Bununla bağlı ölkəmiz beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir. Davos İqtisadi Forumu tərəfindən Dördüncü Sənaye İnqilabının ofisinin açılması isə ölkəmizə göstərilən yüksək etimaddır. Dövlət başçısının beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı da ölkəmizə olan inamı artırır.
Ölkənin sənayeləşməsində sənaye zonaları və sənaye məhəllələri önəmli rol oynayır. Çünki burada dünyanın ən son texnika və texnologiyalarından istifadə olunur. Buna görədir ki, dünya bazarında ciddi rəqabət olsa da, ölkəmizin istehsal etdiyi məhsullar rahatlıqla satılır. Prezident İlham Əliyevin sərəncamları ilə ölkədə 7 sənaye parkı, 5 sənaye məhəlləsi yaradılıb. Hər ikisində yerli və xarici sahibkarlar üçün münbit şərait yaradılıb və onlar üçün sərfəli güzəştlər edilib.
Ötən dövr ərzində sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 3,35 milyard manatlığı ixraca yönəldilib. 2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz olub. Sənaye zonalarında istehsal edilən nəhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.
Bu statistik rəqəmlər onu göstərir ki, ölkənin sənayeləşməsində və qeyri-neft sənayesinin inkişafında uğurlar az deyil. Prezident İlham Əliyevin apardığı real iqtisadi islahatlar isə ondan xəbər verir ki, bu uğurlar davamlı olacaq və Azərbaycan yaxın gələcəkdə qarşısına qoyduğu məqsədə çatacaq.
Rüstəm KAMAL,
"Azərbaycan"