Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq 30 il düşmən işğalında olan torpaqlarını azad etdi. "Məğlub xalq" sindromunu qıraraq indi qalib xalq qürurunu yaşayırıq. Bunu bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarıq. Xalqımız bu gün torpaq, Vətən uğrunda canından keçən, bizə bu Zəfərin qürurunu yaşadan şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyir.
Ötən il sentyabrın 27-də döyüşlər başlayan andan gənclərimiz çağırış vərəqəsini gözləmədən döyüşə getmək üçün hərbi səfərbərlik və çağırış şöbələrinin qarşısında izdiham yaratdı. Hamı cəbhəyə getmək istəyirdi. Gənclərimizlə yanaşı, Birinci Qarabağ savaşının veteranları və qazilərimiz də döyüşmək üçün müraciət edirdilər. Düşmən tərəfində isə mənzərə başqa cür idi. Polis erməni gənclərinin küçədə qollarını buraraq zorla döyüşə göndərirdi.
Bunu ona görə yazırıq ki, hər zaman gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət yetirməliyik. Xüsusilə ailələr bu işdə böyük məsuliyyət daşıyır. Çünki uşaq üçün vətən evindən başlayır.
Mən də bir baba kimi nəvələrimin vətənpərvər ruhda böyüməsinə səy göstərirəm. Bu yaxınlarda onları Qənimətlər Parkına apardım. Təşəbbüs həm də onlar tərəfindən gəlmişdi. Qeyd edim ki, parka səyahət nəvələrimdə unudulmaz təəssürat yaratdı. Bunu onların gözündən oxuyurdum.
Amma parkı ziyarət edənlər bəzi problemlərlə də üzləşirlər. Məsələn, parka bilet almaq və alandan sonra içəri keçmək üçün uzun növbədə durmaq lazım gəlir. Parka gələnlərin əksəriyyəti isə baba-nənə və nəvələrdir. Təbii ki, həm yaşlı, həm də uşaqlar üçün uzun növbədə dayanmaq asan olmur.
Parkın bir girişi, iki kassası var. Problem də bu üzdən ortaya çıxır. Yaxşı olardı ki, parkın giriş və çıxışları, eləcə də bilet kassalarının sayı artırılsın. Onda ziyarətçilər də bu əziyyətdən qurtularlar.
Rafiq ƏLİYEV,
Bakı şəhər sakini, mühəndis