Bölgədə alternativ enerjinin istehsalı və ixracı dövlətin əsas prioritetlərindən biridir
Dünya Azərbaycanın qüdrətinə yenə şahidlik edir. 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqları azad edəndən sonra indi də həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir və dünyanın gözü qarşısında Qarabağ və Şərqi Zəngəzur günbəgün abad diyara çevrilir.
Məlum olduğu kimi, düşmən işğal etdiyi ərazilərdə daşı daş üstündə qoymamışdı. "Viran edilmiş torpaq" taktikasından istifadə edən ermənilərin əsas məqsədi həmin ərazilərin əsl sahiblərinin bura dönüşünün qarşısını almaq idi. Hazırda düşmən tərəfindən sərhədyanı ərazilərdə tez-tez təxribatların törədilməsinin bir səbəbi də bununla bağlıdır. Amma əbəs. Əbəs ona görə ki, bizi ata-baba yurdumuza dönməkdən heç nə çəkindirə bilməz, xüsusən də dövlətimiz bu Böyük qayıdış üçün Vətən savaşı qurtaran andan tədbirlər görürsə.
Böyük qayıdışın yolu infrastruktur layihələrindən keçir. Prezident İlham Əliyevin dediyi kimi, doğma yurdlarından didərgin düşən soydaşlarımız böyük çətinliklərlə üzləşib və indi onların ata-baba torpaqlarında ləyaqətlə, yaxşı şəraitdə yaşamağa haqları var. Yeni yaşayış yerlərinin dünya standartlarına uyğun təzədən tikilməsi, "ağıllı" kənd və şəhərlər layihələrinin icrası da məhz bu hədəfə hesablanıb.
Əhəmiyyətli rol oynayan əsas infrastruktur layihələrindən biri də bölgənin elektrik enerjisi ilə təminatıdır. Bu gün qarşıdakı məqsəd təkcə yerli imkanlardan istifadə edib bölgəni "yaşıl enerji" ilə təmin etmək deyil. Əsas məqsəd həm də daha çox alternativ enerji istehsal edərək onun ixracına nail olmaqdır.
Bunun üçünsə ilk növbədə yerli dağ çaylarının imkanlarından istifadə edilir. Artıq Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə "Ağbulaq", 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" Su-Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığı ilə yenidən qurulub. Hazırda "Ağbulaq" Su-Elektrik Stansiyasında son tamamlama işləri aparılır. "Mişni" və "Alxaslı" Kiçik Su-Elektrik stansiyalarında isə işlər başa çatdırılıb. Bunlardan əlavə, "Ağbulaq", "Alxaslı" və "Mişni" stansiyaları ilə yanaşı, Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su-elektrik stansiyası yenidən qurularaq istismara verilib. 4 stansiyanın yenidən qurulması isə davam edir. Gələn ilin birinci rübündə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su-elektrik stansiyası fəaliyyət göstərəcək.
Amma bunlar da hələ hamısı deyil. Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1" və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2" Kiçik Su-Elektrik stansiyaları "Azərenerji" ASC tərəfindən tamamilə yenidən qurularaq istismara verilib. Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib.
"Çıraq-1" və "Çıraq-2" stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq "İstisu" elektrik verilişi xətti təzədən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su-Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır.
Onu da bildirək ki, "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su-Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə "Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı" və 3,4 meqavat gücündə "Meydan" Kiçik Su-Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcərdə 5 yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su-elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su-elektrik stansiyası fəaliyyət göstərəcək.
Bu su-elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib. Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla aşağı axım zonasının su təminatı, eyni zamanda məcraaltı su ehtiyatının formalaşması təmin olunub. Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimuma endirilib.
Rüstəm KAMAL,
"Azərbaycan"