14 Mart 2024 08:40
642
İQTİSADİYYAT
A- A+

Qarabağ yenidən yaşıl libas geyinir

 

İşğaldan azad olunmuş ərazilərdə meşələr bərpa edilir, təzə yaşıllıqlar salınır

 

Mənfur düşmən üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə füsunkar meşələri, gözoxşayan yaşıllıqları, bar verən bağları da məhv edib. Hətta Azərbaycanın qələbəsindən sonra tərk etməli olduğu bölgələrdə meşələri yandırıb, meyvə ağaclarını kəsib doğrayıb.  
İndi Qarabağın və Şərqi Zəngəzurun yenidən tikilib qurulması işləri sırasında meşələrin və yaşıllıqların bərpası da vacib məsələlərdən biridir. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir və artıq xeyli iş görülüb. Məsələn, götürək elə Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılan işləri.
Qeyd edək ki, Bəsitçay Dövlət Təbiət Qoruğu Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə yaradılıb və Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədi ilə təşkil edilib, adını da Bəsitçaydan alıb. 
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarı çinar meşələri olub. Ağaclar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan  kolları da bitir. Çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri bir metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinib.
30 ilə yaxın bir müddətdə erməni vandallarının işğal altında saxladığı qoruq ciddi ekoloji terrora məruz qalıb. Zəfərimizdən sonra mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezamiyyətə göndərilən monitorinq qrupunun araşdırmaları göstərib ki, erməni vəhşiliyi nəticəsində qoruğa aid 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb. Prezident İlham Əliyevin sərəncamı ilə qoruğun bərpa edilməsinə başlanıb. 2021-ci il fevralın 14-də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qoruğun ərazisində çinar ağacları əkiblər. 
2022-ci il oktyabrın 20-də isə Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimi olub. Bu mərasim Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Həmin gün Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkib, eləcə də əraziyə ceyranlar buraxıblar.
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə-Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanıb. Qeyd edildiyi kimi, həmin tədbirlər çərçivəsində, həmçinin "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir.
Kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" yaradılacaq. 
"Ağıllı Tingçilik"də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.
Meşələrin və yaşıllığın bərpası getdikcə işğaldan azad olunmuş digər bölgələrimizi  də əhatə edir.  Bu bölgələr isə ölkəmizin meşələrlə zəngin olan  ərazilərindəndir. Prezident İlham Əliyevin dediyi kimi: "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".
İşlər də məhz bu istiqamətə uyğun davam edir. Elə ötən il həyata keçirilən tədbirlərdən bəzilərini qeyd etmək kifayətdir.
Sözügedən layihələrin həyata keçirildiyi əraziyə bitişik olan 31,4 hektar torpaq sahəsində Türkiyədən gətirilmiş ağac cinslərindən (Eldar şamı, qızılı şam, dağdağan, kipr akasiyası və s.) istifadə olunmaqla terras üsuli ilə 25,1 min ting əkilib. İndi həmin yaşıllıqlara aqrotexniki xidmət göstərilir, o cümlədən sahə mütəmadi suvarılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirləri çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planına uyğun olaraq payız əkini mövsümündə Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilan rayonlarında meşə fondu sahələrində əkin və səpin tədbirləri ilə bağlı işlər başlanıb.
Yeri gəlmişkən, keçən il Bəsitçay Dövlət Təbiət Qoruğunun 63 hektar (ümumilikdə 85 hektar) torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Qoruğun ərazisində minatəmizləmə əməliyyatları davam etdirilir.
Zəngilan şəhərinin giriş hissəsində 55 hektar, Ağdam şəhəri yaxınlığında 11 hektar sahədə yerli torpaq iqlim şəraitinə uyğun salınmış yaşıllığa aqrotexniki qaydalarda xidmər göstərilib. Bərpa-doldurma tədbirləri çərçivəsində Zəngilan rayonundakı yaşıllıq sahəsində 9,4 min, Ağdam rayonunun yaşıllıq sahəsində 1,4 min Eldar şamı tingi əkilib. Meşəbərpa işləri çərçivəsində isə Zəngilan rayonunda 42 hektar, Cəbrayıl rayonunda 15 hektar və Füzuli rayonunda 2 hektar ərazidə əkin və səpin işləri aparılıb. Cəbrayıl rayonunda 20 hektar ərazidə 6,2 min tingin əkilməsi ilə yeni yaşıllıq sahəsi salınıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması üçün Füzuli və Cəbrayıl rayonlarının ərazilərində ümumilikdə 301,1 hektar torpaq sahəsi ayrılıb. Bunun xeyli hissəsində artıq torpaq hazırlığı işləri görülüb.
"Yaşıl dünya naminə həmrəylik ili"ndə və ölkəmizin COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir vaxtda bu işlər xüsusi önəm daşıyır. Belə ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan yaşıllaşdırma işləri də dünyaya kimin kim olduğunu bir daha nümayiş etdirir. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video