Azərbaycan dünyada turizm baxımından da kifayət qədər geniş perspektivlərə malik olan ölkə sayılır. Ərazimiz kiçik olsa da, turizmin inkişafı üçün kifayət qədər imkanlarımız, maddi-texniki bazamız və mədəni irsimiz var. Üstəlik son 10-15 ildə dövlət səviyyəsində bu sahədə də bir sıra islahatlar həyata keçirilib.
Xatırlayırsınızsa, 2011-ci il ölkəmizdə "Turizm ili" elan olunmuşdu. O zaman turizmin ölkə iqtisadiyyatı üçün çox vacib olduğunu vurğulayan Prezident demişdi: "Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir".
Elə də oldu. Həm bölgələrdə, həm də Bakıda yeni infrastruktur layihələri icra edildi, o cümlədən beynəlxalq şəbəkəyə daxil olan hotellər açıldı. Bu hotellərdə və başqa turizm obyektlərində çalışmaq üçün peşəkar işçilər hazırlandı. Yüksəkixtisaslı həmin kadrlar turizm sənayesinə böyük töhfələr verdilər, onun dünya standartları ilə ayaqlaşmasını təmin etdilər. Ta o vaxtacan ki COVID-19 bəlası dünyanın başı üzərini aldı və həyat öz axarından çıxdı. Pandemiya dövründə bütün dünyada, o sıradan Azərbaycanda turizm sektorunda tam bir geriləmə müşahidə edildi. Bu sektorda fəaliyyət göstərən orta və kiçik sahibkarlıq qurumları təhlükə altına düşdü. Nə yaxşı ki, proses uzun illər çəkmədi. Həyat yenidən öz axarına döndü. Ölkəmizdə də turizm yenidən canlandı. Hətta o dərəcədə ki işğaldan azad edilmiş ərazilərimizdə də turizmin inkişafı üçün tədbirlər görülməyə başlandı. Prezident İlham Əliyev ötən il martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm kompleksinin təməlini qoydu. Bir il sonra martın 18-də Suqovuşana təkrar səfər edən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva ötən müddətdə görülən işlərlə tanış oldular. Söhbət zamanı məlum oldu ki, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına start verilib. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Bu, füsunkar və təkrarolunmaz təbiəti, tarixi abidələrlə zəngin Qarabağın bir parçası olan Suqovuşanda ilk turizm mərkəzidir. Həmin mərkəzin yaradılması təkcə turizmin inkişafına təkan verməyəcək, həm də əlavə biznes sahələrinin yaradılması üçün stimul olacaq. Məlumdur ki, Azərbaycandan kənarda da məşhur olan Naftalan nefti özünəməxsus bioloji keyfiyyətləri ilə fərqlənir. Güclü şəfavericiliyə malik olan Naftalan neftinin tayı-bərabəri yoxdur. Dünyanın dörd bir yanından müalicə üçün Naftalana gələn insanların mədəni istirahətini təmin etmək üçün yaxınlıqdakı Suqovuşan turizm kompleksi lap yerinə düşəcək.
Ümumiyyətlə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bütün təbii imkanları ilə turizm üçün çox əlverişlidir. Burada ekoturizm, dağ, qış, ov və sağlamlıq turizm sahələrinin hər birinin inkişafı üçün bütün imkanlar mövcuddur. Şübhəsiz ki, bölgənin flora və faunası, mətbəxi, mədəni və dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. bu kimi digər görməli və gəzməli yerləri çox səyahət həvəskarlarını cəlb edəcək.
Təəssüf ki, Qarabağın və Şərqi Zəngəzurun işğal altında qalması bütün bu işləri 30 il ləngidib. Üstəlik hərbi əməliyyatlar meşələrə, çaylara, bulaqlara böyük ziyan vurub. Erməni vandallarının törətdiyi vəhşilikləri də bunun üstünə gəlsək, vəziyyətin nə qədər xoşagəlməz olduğunu görmək mümkündür. Amma bütün bu neqativlərə baxmayaraq, çox çəkməyəcək, regionun gözəl və füsunkar təbiəti, tarixi, mədəniyyəti yenidən turistləri cəlb edəcək. Laçın və Kəlbəcərin bulaqları, Zəngilanın çinar meşələri, Ağdamın türbələri, Qubadlının dağ çayları, Şuşanın Cıdır düzü, Cəbrayılın Xudafərin körpüsü, Füzulinin Azıx mağarası, Turşsu yaylası yenidən çal-çağırlı olacaq.
Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də var. Yəni turistlər həm dincələcək, təbiətin gözəlliklərindən, tarixi abidələrdən, mədəni irsdən zövq alacaq, həm də işğaldan azad olunmuş rayonlardakı erməni barbarlığının izlərini görəcəklər. Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinin öz yurd-yuvalarını necə qurub, necə abadlaşdırdıqlarının şahidi olacaqlar.
Turizm mütəxəssislərinin dediyinə görə, yaxın illərdə daxili və xarici turistlərlə birlikdə Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir. Bu məqsədə çatmaq üçün işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf strategiyası həyata keçirilir. Bu da əsas verir deyək ki, yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsi dünyaya turizm brendi kimi təqdim olunacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"