Qalib Sərkərdənin mövqeyi dəyişməzdir
İlham Əliyev məğlub Ermənistana növbəti dəfə çıxış yolu göstərdi
“Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində səsləndirdiyi bu fikirləri ilə, əslində, tək məğlub Ermənistana deyil, Azərbaycana qarşı düşmən mövqelərdə duran, ölkəmiz üçün yeni təhdidlərə cəhd etmək xülyasında olan bütün qüvvələrə aşkar xəbərdarlıq mesajı verdi. Əgər xatırlayırlarsa, Prezident müharibədən öncə də bir neçə dəfə belə xəbərdarlıqlar etmişdi. Amma Ermənistan və havadarları bu xəbərdarlıqlara əhəmiyyət verməyincə “dəmir yumruq” işə düşdü və düşmənin başını əzib ədaləti bərpa etdi.
Təkliflər masa üzərindədir
İndi diktəni İlham Əliyev edir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Lakin görünən odur ki, Azərbaycan qarşısında diz çökən bu ölkə son dövrlərdə yenə havadarlarına arxalanaraq əl atdığı təxribatlarla nəsə etməyə çalışır. Buna görə də İlham Əliyev Ermənistana və havadarlarına mesaj göndərməklə xatırlatma etdi. Prezident dedi ki, üçtərəfli 10 noyabr Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz əməl olunmalıdır. Əgər Ermənistan buna əməl edərsə, Cənubi Qafqazda bundan sonra davamlı sülh, sabitlik və inkişaf bərqərar ola bilər. Eyni zamanda iqtisadi-ticari əlaqələrdə yeni mərhələ başlaya bilər və bu həm də Ermənistanın xeyrinə işləyər.
Lakin görünən odur ki, məğlub ölkə hələ də iztirablar içərisində olan xalqını süründürmək qərarından daşınmayıb. Əgər belə olsaydı, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi imzalayardı. Hər iki ölkə bir-birilərinin ərazi bütövlüyünü tanıyar və bundan sonra sərhədlərin delimitasiyası həyata keçirilər və bununla da bölgədə yeni inkişaf dövrü başlayardı.
Ancaq bu günə qədər Ermənistandan müsbət cavabın alınmaması təsdiq edir ki, məğlub ölkə buna hazır deyil, ya da bunun əleyhinədir. İlham Əliyev də deyir ki, bu, Ermənistanın lehinə olan prosesdir. Əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil: “Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda, əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir”.
İlham Əliyev deyir ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi hər iki ölkənin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi Ermənistanın da maraqlarına xidmət edəcək. Ermənistan da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilər. Bu günə qədər isə bu əlaqə olmayıb. Bu isə o deməkdir ki, Azərbaycan bu ölkənin bataqlıqdan qurtuluşu üçün yeni imkanlar yaradır və bu da Ermənistanın ağır vəziyyətdən çıxması üçün bir fürsətdir.
Prezident birmənalı şəkildə vurğulayır ki, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanların və hakim dairələrin beyinlərini zəhərlədiyi üçün onlar bunu istəsələr də, dilə gətirə bilmirlər: “Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”.
“Dəmir yumruq” istənilən an işə düşə bilər
İlham Əliyev sülh müqaviləsinin bağlanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu. Prezidentin müsahibəsində yer alan ən əhəmiyyətli məqamlardan biri də erməni əsgərlərinin Laçın dəhlizi ilə Qarabağa göndərilməsi faktı barədə oldu.
Xatırladaq ki, bir neçə gün öncə Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq bu prosesə son qoyulmasını tələb etmişdi. Prezident də vurğuladı ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Lakin təəssüflər olsun ki, bu proses bu günə qədər davam edir: “Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik”.
Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan hökuməti qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ona görə də İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər an adekvat tədbirlər görə bilər.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Laçın dəhlizi ilə hərəkət edən bütün insanları və texniki vasitələri dəqiqliyi ilə müşahidə edə bilir, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri diqqətlə izləyir. Ona görə də dövlətimizin başçısı Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə çalışan bütün qüvvələri bu barədə son dərəcə aydın şəkildə xəbərdar etdi: “Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur”.
İlham Əliyev bir daha bəzi dairələrə xəbərdarlıq edərək dedi ki, Azərbaycan Qarabağda gedən bütün proseslərə nəzarət edir və lazım gələrsə istənilən prosesə müdaxilə etmək iqtidarındadır.
İkinci Qarabağ müharibəsinin qalib Baş Komandanı bütün fikirlərində Ermənistan və havadarlarına mesajlar verir. Dövlətimizin başçısı bir daha xatırlatma etdi ki, “dəmir yumruq” istənilən an işə düşə bilər. Odur ki, məğlub Ermənistanın İlham Əliyevin şərtləri ilə hesablaşması ən doğru yoldur. Əks təqdirdə yenə də uduzan Ermənistan olacaq.
İlham Əliyevin əzmkarlığı və güclü siyasi iradəsi ilə Qarabağ cənnətə çevrilir
Avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər və Laçında bir çox layihələrin təməlini qoymaqla həm müharibədən yeni çıxmış dövlətin iqtisadi qüdrətini, həm də vədinə, əməlinə sadiqliyini nümayiş etdirdi. İlham Əliyev göstərdi ki, ermənilərin 30 il ərzində darmadağın etdiyi infrastrukturları Azərbaycan ən qısa zamanda yenidən qurur. Yollar, su-elektrik stansiyaları, hava limanlarının tikintisi onu göstərir ki, Azərbaycan öz iqtisadi imkanları hesabına Qarabağda xariqələr yaradır. Təkcə Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xəttinin çəkilməsinə nəzər yetirsək görərik ki, ən çətin şəraitdə Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb. Bütün bunlar təsdiq edir ki, İlham Əliyev işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilməkdədir.
Həyata keçirilən layihələri qiymətləndirən dövlət başçısı vurğuladı ki, bütün planlar yerinə yetirildikdən sonra enerji potensialımız da güclənəcək: “Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir”.
Prezident Kəlbəcərdən həm də beynəlxalq aləmə mesaj verərək diqqəti ona çəkdi ki, Azərbaycan öz haqq işini yerinə yetirir. Artıq regionda söz sahibi kimi Azərbaycanın razılığı və təşəbbüsü olmadan heç bir layihə həyata keçirilə bilməz və bundan sonra da situasiyanı Azərbaycan diktə edəcək.
Hər kəs şahidi oldu ki, İlham Əliyev Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsini uğurla icra etməyə başlayıb. Tezliklə Zəngəzur dəhlizinin açılması isə İlham Əliyevin təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu ərazilərimizə qaytarılması üçün yeni imkanlar açılacaq.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!