09 Noyabr 2025 08:50
522
SİYASƏT
A- A+
Prezidentin qətiyyəti, Azərbaycanın qüdrəti

Prezidentin qətiyyəti, Azərbaycanın qüdrəti


Ümummilli Lider Heydər Əliyev 1998-ci il oktyabrın 18-də andiçmə mərasimində bəyan etmişdi: "Biz heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməmişik və bu gün də qəsd etmirik. Heç kəsin torpağına göz dikməmişik. Biz Azərbaycanın dövlət müstəqilliyini əldə edən zaman Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışıq. Azərbaycanın dövlət sərhədləri çərçivəsində olan müstəqil Azərbaycanın tam bütövlüyünü müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Bizim torpağımızın hansısa hissəsini heç vaxt heç bir ölkəyə verə bilmərik. Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bu müqəddəs məqsədlərə nail olmaq üçün bundan sonra da çalışacağıq və bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq".

Dahi liderin yol xəritəsi xarakterli bu çıxışının ardınca qeyd edilən istiqamətdə çoxşaxəli fəaliyyət, ordu quruculuğu, hətta 1994-cü ildə Cəbrayıl və Füzuli rayonlarının bir sıra məntəqələrinin, o cümlədən Horadiz qəsəbəsinin işğaldan azad olunması ilə ehtiva olunan uğurlu hərbi əməliyyatların realizəsinə, siyasi müstəqilliyə tam şəkildə nail olunmasına, neft strategiyasının sistemli və müasir tələblərə uyğun formada, milli maraqları ehtiva edən şəkildə həyata keçirilməyə başlaması vəziyyəti Azərbaycanın xeyrinə çevirməyə başlasa da, Ulu Öndərin səhhəti ona prosesləri tamamlamağa imkan vermədi və özünün xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində bəyan etdi: "Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik". Lakin Ulu Öndər nisgilli olduğu qədər, həm də nikbin idi və inanırdı ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları özünün yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət adlandırdığı siyasi varisi İlham Əliyev həll etmək əzmində və iradəsindədir. 

Öz mənalı həyatının düz 60 ilini xalqının bu günü və sabahı ilə yaşamış böyük Heydər Əliyev yanılmırdı, ölkənin taleyini özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevə etibar etməklə, hərzamankı kimi bu dəfə də xalqı üçün ən doğru olanını seçmiş oldu. 

Beləliklə, Azərbaycan 2003-cü ildə tamamilə yeni bir eraya qədəm qoyaraq özünün ən qüdrətli dönəminə doğru inamla irəliləməyə başladı. Yol xəritəsi isə kifayət qədər aydın idi. Cənab İlham Əliyev 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində prezident kimi ilk çıxışında - milli mənafe mövzusunda özünün korrekt mövqeyi ilə Ulu Öndərin nə qədər haqlı olduğunu nümayiş etdirdi. "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 200 illik regional düyünün açılması, 30 illik işğala son qoyulması və mütləq qələbəyə nail olunması üçün isə cənab İlham Əliyevə cəmi 17 il lazım oldu.

Bu çətin, lakin məhsuldar 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük zəfərə daha da yaxınlaşdırdı. İlk növbədə iqtisadi inkişaf dövlət siyasətinin mütləq prioritetinə çevrildi. Daxili sabitlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevə çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi.

Təbii ki, coğrafi mövqeyimiz və zəngin ehtiyatlarımız böyük zəfərimizə gedən yolda önəmli rol oynadı, lakin prosesin idarəçiliyində rasional siyasi davranış, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi olmadıqda təbii sərvətlər önəmini itirir. Bu mənada, Azərbaycan Prezidentinin şaxələndirilmiş siyasi kursu, ələlxüsus enerji siyasəti tariximizin qızıl səhifəsinə çevrildi, bu əzmkar və milli maraqları ehtiva edən direktiv sayəsində Azərbaycan özünün tam iqtisadi suverenliyini bərpa etdi, siyasi müstəqilliyini möhkəmləndirdi, hətta Avropanın iqtisadi müstəqilliyində - enerji təhlükəsizliyində önəmli pay sahibinə çevrildi. Prezidentin özünün bəyan etdiyi kimi, "Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu, inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi". Paralel olaraq, bütövlükdə dövlətçilik tariximizdə olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artırıldı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi. 

İlham Əliyevin Azərbaycanı suveren gücə çevirməsi hərbi-müdafiə qüdrətini yeni mərhələyə daşımağa imkan verdi. Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail oldu. 

Amma Vətən müharibəsindən öncə antimilli ünsürlər Azərbaycan Ordusunun nəinki Qarabağı azad etməyə, ümumiyyətlə, müharibəyə qadir olmadığını iddia edir, bununla, əslində, cəmiyyətdə milli ruhu qırmağa çalışırdılar. Məqsəd isə aydın idi. Onlar Azərbaycanın növbəti hərbi məğlubiyyətinə yenidən hakimiyyəti zəbt etmək üçün imkan kimi baxırdılar. Lakin Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin azərbaycançılıq fəlsəfəsinin milli nüvə olaraq müəyyən edilməsi, yüksək intellektə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə torpaqlarını işğaldan azad etməyə, milli maraqları qorumağa köklənmiş elə bir gənc nəsil formalaşdı ki, İlham Əliyevin 2024-cü ildə Xankəndidən də bəyan etdiyi kimi, bu gənclik Vətən uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bu isə Zəfərimizin rəhninə çevrildi. 

Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü nəticəsində Azərbaycan tarixinin ən böyük qələbəsi ilə başa çatdı. Regionda separatçı rejimin varlığına isə 2023-cü ilin sentyabrında son qoymaqla Ali Baş Komandan həm də bölgədə yeni dövr başlatmış oldu. Beləliklə, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, 2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etməklə Prezident  İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı. Əvvəllər bizə məğlub və zəif kimi baxanlar Müzəffər Ali Baş Komandan İlham Əliyev iradəsi qarşısında əyilməyə, "dəmir yumruq" ətrafında birləşmiş xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi qəbullanmağa məcbur oldu. Heç şübhəsiz ki, effektiv siyasət və xalqın dəstəyi ilə tarixi ədalətin bərpa olunması, Azərbaycanın qalib ölkəyə çevrilməsi Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. 

Böyük Zəfərimiz miqyasına görə yalnız Azərbaycan əhəmiyyətli məsələ hesab oluna bilməz, qələbəmiz həm də beynəlxalq hüququn təntənəsi idi. Ümumiyyətlə, Vətən müharibəsi, həm aralıq əməliyyatlar, həm də antiterror tədbirləri zamanı Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 30 il icra olunmamış  qətnamələrini icra etməklə beynəlxalq hüququn aliliyini təmin etdi. 

Azərbaycanın zəfərlərindən doğan güc və imkanları, cənab İlham Əliyevin qətiyyəti ilə biz hələ sovet dövründən bu ərazidə yaşayan ermənilərin Qarabağdan köçündə maraqlı subyekt olmadığımız reallığını qəbul etdirə bildik. Cənab İlham Əliyevin korrekt və praqmatik mövqeyi hər kəsi o ədalətli reallıqla barışmağa vadar etdi ki, ermənilər 30 illik düşmənçilik ritorikasının, zərərli təbliğatın təsiri və Ermənistanın, habelə onun havadarlarının təşviqi ilə bölgəni tərk ediblər. Azərbaycan dövləti və aidiyyəti strukturlar isə köç prosesinin insan ləyaqəti və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görüb. Amma hər kəs xatırlayır ki, azərbaycanlılar istər Qərbi Azərbaycandan, istərsə də Şərqi Zəngəzur və Qarabağdan hansı şərtlərdə, hansı məhrumiyyətlərə məruz qalaraq qovulmuşdur.

Böyük Zəfərimizin üzərindən ötən 5 illik dövrü təhlil edərkən əminliklə deyə bilərik ki, bu qələbə Azərbaycanın istər dövlətçilik, istər milli məfkurə, istərsə də milli kimlik baxımından yüksəliş dövrünün başlanğıcı rolunu oynayır. Bu möhtəşəm qələbə ilə nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqazın tarixində ilk dəfə olaraq bu bölgədə sülh və əməkdaşlıq mühiti, həmçinin dayanıqlı sülh üçün perspektivlər açılmış, regionda ilk dəfə olaraq tarixi ədalət bərqərar olmuşdur. Məhz bu reallıq Bakıya prosesləri Vaşinqton mərhələsinə qədər inkişaf etdirməyə, Cənubi Qafqaz kimi mürəkkəb regionun tarixində ilk dəfə de-fakto sülhün bərqərar olunmasına imkan yaratmışdır. 

Bu gün artıq Ermənistan rəhbərliyinin də uzun bir dövrdən sonra etiraf etdiyi kimi, regionda münaqişəli vəziyyət sülhlə əvəz olunub. Artıq 60 mindən çox soydaşımızın 30 il işğal və təcavüzə məruz qalmış, indi isə ən müasir standartlarla yenidən qurulmuş Qarabağ və Şərqi Zəngəzura ləyaqətli qayıdışı təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü zamanı da ifadə etdiyi kimi, "Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq".


Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!