06 Dekabr 2022 01:36
497
İQTİSADİYYAT
A- A+

Prezidentin bu səfəri də düşərli oldu

 

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə yanaşı, digər regionlar da inkişafdan qalmır

 

Hələ iki il əvvəl Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasının prioritet olduğunu bildirərkən digər bölgələrin də diqqətdən kənarda qalmayacağını demişdi. 
Həmin vaxtdan bəri ölkənin sosial-iqtisadi  inkişafı istiqamətində bütün işlər məhz bu məcrada aparılır. Dövlət başçısının respublikanın şəhər və rayonlarına səfərləri zamanı bütün regionların tarazlı şəkildə inkişaf etdiyinin bir daha şahidi oluruq.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının təsiri hər bir bölgəmizin simasında, infrastrukturunda, yeni müəssisələrində, rahat yollarında, nəticə etibarı ilə əhalisinin rifahında görünür. Xatırladaq ki, artıq dördüncü proqramın (2019-2023-cü illər) son ilinə qədəm qoyacağıq. 2004-cü ildən start götürən birinci proqramdan başlamış böyük inkişaf yolu uğurla davam edir. Yol demişkən, son 19 ilin hər birində Azərbaycanda ən azı min kilometr yol çəkilib, yaxud əsaslı şəkildə təmir olunub.
Yollarımızın şəbəkəsi getdikcə daha da genişlənir. Elə bu günlərdə Şəki və Oğuz rayonlarına səfəri çərçivəsində dövlət başçısı Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu yolun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edəcək, yük daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
Belə ki, yolboyu genişləndirmə işləri görülüb. Uzunluğu 47,2 kilometr olan yol yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, "Şəki dairəvi yolu"nun əsaslı şəkildə təmiri də daxildir. Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində yenisi inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.
Bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələri də sürətlə inkişaf edir və bu, emal sənayesinin genişlənməsinə təkan verir. Şəkidə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu istiqamətdə qurulan yeni müəssisələrdən birində - rayonun Orta Zəyzid kəndində "Green Factory" MMC-nin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar. Müəssisənin 100 hektar bağ sahəsi var, ərazisində Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından ibarət bağ salınıb. Bağın suvarılması üçün mükəmməl infrastruktur qurulub. Burada fəaliyyət göstərən logistik mərkəzə soyuducu kameralar, qurutma, çeşidləmə və qablaşdırma avadanlıqları və s. daxildir.
Aqroparklar da genişlənir, güclənir və ölkə iqtisadiyyatına töhfələrini artırır. Onlardan biri Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə fəaliyyət göstərir. Bu, "Aqroinkişaf-2017" MMC-nin "Şəki-Oğuz" Aqroparkıdır. Dövlət başçısı Oğuzda olarkən müəssisədə yaradılan şəraitlə tanış olub.
Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri yetişdirilir. Dövlət başçısı Aqroparkda olarkən onun ərazisində ağac əkib. Prezident həmçinin aqroparkın qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Eləcə də aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub, suvarma suyu qurğularını işə salıb.
"Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur". Bu fikri Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Energetika sahəsinə yönəldilən diqqətin nəticəsidir ki, indi ölkəmiz enerji idxalçısından onun ixracatçısına çevrilib. Artıq "yaşıl enerji" layihələrinə start verilib.
Bir sözlə, Azərbaycan regionun ən işıqlı ölkəsidir və onun nuru ildən-ilə artır. Bunun daha bir təsdiqi: Oğuzda Daşağıl çayı üzərində tikilmiş "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su-elektrik stansiyaları silsiləsi.
Prezident İlham Əliyev elektrik stansiyalarının açılışını edib. Qeyd edək ki, 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə qurulan, ümumi gücü 3,6 meqavat olan kiçik su-elektrik stansiyasından ibarət bu hidroqovşaq Prezidentin alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və "yaşıl enerji"nin prioritet istiqamət seçilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq yaradılıb. Hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması "yaşıl enerji"nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib. Stansiyalardan il ərzində birlikdə 15 milyon kilovat-saatadək elektrik enerjisi almaq mümkün olacaq. 
Xatırladaq ki, açılan hər yeni müəssisə həm də yeni iş yerləridir, insanların əməkhaqqı alması, onların yaxşı dolanışığının təmin olunması deməkdir. Beləliklə, Azərbaycan vətəndaşının rifahı dövlətimizin siyasətinin mərkəzində qalmaqda davam edir.

Flora SADIQLI, 
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video