14 Avqust 2024 14:56
89
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi:

- İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.

Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.

Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.

Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm.

x x x

Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək dedi:

- Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.

Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə.

Prezident İlham Əliyev: Sağ ol.

X X X

Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini dedi.

Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzuladı.

X X X

Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim etdilər.

Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video