İnsanlar şəfa üçün bu müqəddəs ünvana üz tuturlar
Bakı ətrafında yerləşən insanların müqəddəs bilib getdiyi yerlərdən biri də Pir Həsən ziyarətgahıdır. Pir əzəmətli, insan ruhunu dincəldən, çoxsaylı insanların şəfa üçün müraciət etdiyi məkandır. Bura el arasında daha çox çıldağ kimi tanınır. Bərk qorxanlar, yaxud "bədnəzər" toxunanlar illərdir pirə üz tuturlar. Pirin bir tərəfi namazgahdır.
Hacı Zeynalabdin Tağıyevin də məzarı burdadır. Növbəti həyətdə isə insanların ziyarət etdiyi iki müqəddəs türbə yerləşir, onlardan biri Pir Həsənə məxsusdur. Rəvayətlərə görə, imamların nəslindən olan Pir Həsən XVII əsrdə yaşayıb. Deyilənə görə, çıldağ da onun dövründə yaranıb. Bu insanın kəndə necə gəlib çıxması haqqında məlumat yoxdur. Bilinən odur ki, Seyid Həsən dövrünün üləmalarından sayılıb.
Türbənin üzərindəki ərəbcə kitabəni AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Məşədixanım Nemətova belə tərcümə edib: "Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas - Allah onun hökmranlığını əbədiləşdirsin - vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il". Kitabədən məlum olur ki, günbəz XVII əsrdə tikilib.
Dövrünün maarifpərvər şəxsiyyəti - Axund Mirzə Əbu Turab
Bir neçə həyəti olan bu ziyarətgah digərlərindən fərqlənir. Belə ki, həyətdə ayrı-ayrılıqda üzərində günbəz olan bir neçə türbə var. Ziyarətgaha ön tərəfdən daxil olduqda məşhur Azərbaycan milyonçusu Zeynalabdin Tağıyevin heykəli diqqəti cəlb edir. Heykəlin sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbənin mərkəzində Axund Hacı Mirzə Əbu Turab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri yerləşir. Türbənin qarşı tərəfində vurulmuş iri lövhədə qeyd edilir ki, Axund Hacı Mirzə Əbu Turab Axundzadə 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. Dövrünün mütərəqqi, maarifpərvər şəxsiyyətlərindən sayılan, fəlsəfə və din tarixinə dair bir sıra kitabın müəllifi olan Axund Hacı Mirzə Əbu Turab Axundzadə ilahiyyat elminin ən görkəmli nümayəndələrindən idi. Onun təşəbbüsü, xeyir-duası ilə Bakı şəhəri və ətrafında bir çox maarif ocağı yaradılıb. Doğma kəndi Əmircanda açdığı ilk rus-tatar məktəbində isə axund özü müxtəlif elmləri tədris edib. O, 1908-ci ildə dünyasını dəyişib. Qəbrinin üstündəki türbəni xatirəsinə hörmət və ehtiram əlaməti olaraq milyonçu Murtuza Muxtarov tikdirib.
Hacı Zeynalabdin Tağıyevin vəsiyyəti
1924-cü ildə vəfat etmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz vəsiyyətinə əsasən axundun qəbrinin ayaq tərəfində dəfn olunub. Hacı Zeynalabdin Abu Turabın necə mükəmməl bir insan, həm də öncəgörən olduğunu ömrünün son illərində "tifaqının dağıldığı" zamanda bir daha dərindən dərk edib və "məni Əbu Turabın ayağı altında dəfn edərsiniz" - deyək, vəsiyyətini edib.
Söylənənlərə görə, bir gün axund milyonçu ilə söhbət zamanı ona deyir ki, elə bir vaxt gələcək, sənin bütün var-dövlətin əlindən çıxacaq və əvvəlki milyonlarından heç bir əsər-əlamət qalmayacaq. Doğrudan da, Azərbaycanda bolşevik hakimiyyəti qurulur və hacı bir günün içində müflis olur. Məhz bu hadisədən sonra axundun uzaqgörənliyinə heyrətlənən Hacı Zeynalabdin Tağıyev belə bir vəsiyyət edir.
İnsanların şəfa tapdığı məkan
Müsəlman qaydasına uyğun olaraq əvvəlcə pirin başına üç dəfə dolandıqdan sonra türbənin pilləkənləri ilə aşağı düşüb, Pir Həsənin qəbri ziyarət edilir. Ziyarətçilər türbənin içərisində pəncərənin yanında əyləşən çildağçı qadına yaxınlaşır və özlərini bu qeyri-adi üsulla müalicə etdirirlər. İnsanların çoxu inanır ki, çildağ qorxunun və stresin qarşısını alır, bədnəzəri də dəf edə bilir.
Ziyarətgahda ikinci müqəddəs türbə islamın yeddinci İmamı Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbədir. O da digər bacıları, Həzrəti Həkimə, Həzrəti Rəhimə və Həzrəti Leyla kimi qardaşları - səkkizinci imam Rza Əleyhissəlam Məşhəd şəhərində şəhid olduqdan sonra təzyiqlərdən canını qurtarmaq üçün Azərbaycana üz tutub.
Ziyarətgah bərpa olunub
Türbə memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur. 2007-ci ildə Heydər Əliyev Fondunun ölkəmizdə tarixi dini abidələrin, o cümlədən məscid və ziyarətgahların tikintisi və bərpası sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində Pir Həsən məbədi əsaslı şəkildə təmir olunmuş, burada abadlıq işləri aparılmışdır. 2007-ci il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Pir Həsən ziyarətgahının açılışında iştirak etmiş, onun yeni görkəmi ilə tanış olmuş və xatirə kitabında ürək sözlərini yazmışlar.
Elşən YƏHYAYEV,
"Azərbaycan"