Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək
Cənubi Amerikanın cənub-qərbində yerləşən, bir müddət sosialistlər düşərgəsində yer alan, 1973-cü ildə isə ölkə başçısı, kommunist Salvador Alyendenin general Auqusto Pinoçetin rəhbərlik etdiyi hərbi xunta tərəfindən devrilməsi və bundan sonrakı qalmaqallı hadisələrlə daim gündəmdə olan Çili Respublikasında prezident seçkiləri keçirilib.
15 milyondan çox seçicinin qeydə alındığı ölkədə 46 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərdən əvvəl keçirilmiş sorğulara əsasən, “Mən ləyaqəti bəyənirəm” sol koalisiyasının namizədi 35 yaşlı Qabriel Boriç və sağ Respublikaçılar Partiyasından 55 yaşlı ultrasağçı siyasətçi Xose Antonio Kast yarışın favoritləri sırasında yer almışdılar. Birinci turda qalib gəlmək üçün namizədə seçicilərin 50 faizindən çoxu dəstək verməli idi. Lakin səsvermənin bu cür nəticəsi ehtimal olunmurdu. Boriçin səslərin 18-30 faizini, Kastın isə 22-36 faizini alması gözlənilirdi.
Bunlardan əlavə, biznesmen Franko Parizi, hakim koalisiyanın namizədi Sebastyan Siçel, habelə mötədil sağ və mülayim solçulardan olan namizədlər prezidentlik uğrunda mübarizəyə qoşulmuşdular.
Gözlənildiyi kimi, Çilidə prezident seçkiləri ikinci tursuz ötüşməyib. Ölkədə keçirilmiş səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməyib. Proqnozlar özünü doğruldur və indi dövlət başçısı postuna Respublikaçılar Partiyasından Xose Antonio Kast və solçular koalisiyasından Qabriel Boriç iddia edirlər.
Kast ilk turda səslərin təxminən 30 faizini əldə edib. Onu Çilinin ən parlaq mühafizəkarlarından biri adlandırırlar. Məsələn, o, Pinoçet rejiminə bəraət qazandırır. Kast zorlama və ananın həyatına təhlükə halında belə abortların qadağan edilməsinin, vergilərin azaldılmasının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarıdır.
O, seçkiqabağı platformasında bildirir: “Yaşasın Çili! Biz sağalacağıq, rahat həyata qayıtmaq üzərində işləyəcəyik, asayişi bərpa edəcəyik, tərəqqini, azadlığımızı qaytaracağıq. İndi küçə cinayətlərinə və təcavüzə görə evlərinə qayıtmaqdan qorxan hər bir qadın sakit həyata ümid bəsləyir.”
Kastın əsas rəqibi xorvat mənşəli Qabriel Boriçə birinci turda 23 faizdən çox seçici səs verib. Prezidentliyə namizədlər arasında ən gənci olan bu siyasətçi Xose Antonio Kasta birbaşa əks-mövqedədir. On il əvvəl Boriç ödənişli ali təhsilə qarşı tələbə etirazlarının lideri idi. O, yeni vergilərin tətbiqi, dağ-mədən sənayesində ödənişlərin artırılması, abortların leqallaşdırılması və ümumi pulsuz təhsil uğrunda çıxış edir.
Seçicilərin mövqelərinin qütbləşməsinin aydın əlamətləri fonunda Çili Prezidenti Sebastyan Pinyer namizədləri məsuliyyətli olmağa, populizmdən çəkinməyə və cəmiyyətin parçalanmasına yol verməməyə çağırıb.
Səsvermədən sonra Kast “barışmaz solçulara”qarşı ekzistensial mübarizə haqqında danışıb. “Biz azadlıq və kommunizm arasında - demokratiya və kommunizm arasında seçim etməliyik”, - deyə siyasətçi bildirib.
Kast seçki kampaniyası zamanı Pinoçetin diktaturasını dəstəklədiyini açıq şəkildə bəyan edib və onun Çili iqtisadiyyatı üçün uğurlu nəticələrini yada salıb. Yerli KİV qeyd edir ki, onun seçki kampaniyasının rəhbəri general Pinoçetin qohumu Makarena Santelisesdir. KİV qeyd edir ki, Kast seçki kampaniyası zamanı kiçik auditoriyaya müraciət edib, “Tik-Tok” kimi platformalar vasitəsilə ünsiyyət qurub və nəticədə bu strategiya uğurlu olub.
Boriç isə öz proqramında sosial-demokratiya, feminizm və ekoloji gündəliyin tərəfdarıdır ki, bu da tələbə və ziyalılar arasında rəğbətlə qarşılanır.
İlk turda seçicilərin 13 faizinin dəstəklədiyi biznesmen Franko Parizinin səslərinin ikinci turda kimə keçəcəyi önəmli rol oynayacaq. Mötədil sağ və mülayim solçulardan olan namizədlər hərəyə 12 faiz səs toplayıb. Hakim koalisiyanın namizədi Sebastyan Siçel də yarışdan çıxıb. Seçkilərin nəticələrinə görə millət vəkilləri, senatorlar və regional şuraların üzvləri də məlum olacaq. Çilidə prezident seçkilərinin ikinci turu dekabrın 19-na təyin edilib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”