Ermənistan Qərbdən verilən təlimatlar əsasında davranır
"Paşinyanın çıxışlarında yalana istinad etdiyini, öz mövqeyində sərt tranformasiyalara yol verdiyini hər zaman müşahidə etmişik. Bütün bunlar təkrar sübut edir ki, o, sadəcə olaraq, zaman qazanmaq uğrunda çalışır".
Bu fikirləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Paşinyan yenə sülh məsələsi üzərində imitasiyalarla məşğuldur. 2020-ci il 10 noyabr birgə Bəyanatının müddəalarının Paşinyan tərəfindən hər zaman aşkar təhrif edilməsi aydın təsəvvür formalaşdırır ki, onun utopik olaraq səsləndirdiyi kimi, sülh müqaviləsi imzalanacaqsa, gələcəkdə o sənədin heç bir əhəmiyyəti olmayacaq. Çünki biz daim görmüşük ki, Ermənistan öz mövqeyinə, imzasına hörmətlə yanaşmır. Şübhəsiz ki, belə sənəd gələcəkdə Ermənistanın üzərinə hər hansı öhdəlik qoymayacaq. Paşinyan da bunu bildiyi üçün tez bir zamanda sülh sazişinin imzalanmasını istəyir. "Məsələnin şübhəli tərəfi həm də ondan ibarətdir ki, Paşinyanın havadarları da intensiv şəkildə sülh sazişindən danışırlar. Onlar da düşünürlər ki, Ermənistan natamam sülh sazişini imzalamaqla zaman qazanmaq istəyir. Bu sənədi Ermənistanın xilası kimi görürlər. Paşinyan Ermənistanın sülh sazişi imzalamağa hazır olduğunu tez-tez bildirməklə, həm də dünya ictimaiyyətinin gözündə sülhün tərəfdarı olduğunu göstərməyə çalışır. Ermənistanın məkrli gedişləri bütün çılpaqlığı ilə göz önündədir. Bu həm də onu göstərir ki, Ermənistan Qərbdən ona verilmiş təlimatlar əsasında davranır", - deyə o əlavə edib.
Paşinyanın sülh sazişinin 80 faizinin razılaşdırılması ilə bağlı fikrinə münasibət bildirən E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın iradəsi ilə sülh müqaviləsinin bəlli hissəsi razılaşdırılıb. Amma Azərbaycan sülh sazişinin imzalanması üçün prinsipial şərtlər irəli sürüb, bunlar olduqca ədalətlidir, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin etibarlı təmin olunmasını şərtləndirəcək. Azərbaycan istəyir ki, açıq məsələlər qalmasın, çünki Ermənistanın və Paşinyanın xislətinə bələddir. Azərbaycan məsələnin birdəfəlik ədalətli, beynəlxalq hüquq çərçivəsində həllinə çalışır. Biz regional təhlükəsizlik sisteminin qurulmasını istəyirik və bu missiyanı üzərimizə götürməyə hazır olduğumuzu nümayiş etdiririk. Ermənistan isə regionda indi və ya gələcəkdə gərginlik elementlərinin yaradılması üçün imkanların saxlanılmasına çalışır. Qərb Cənubi Qafqazda münaqişəsiz vəziyyətin yaradılmasını qəbul etmək istəmir. Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişə amili Qərbə Cənubi Qafqazda öz təhlükəli maraqlarını təmin etmək üçün lazımdır. Bu da regionda səmərəli əməkdaşlığın qurulması, təhlükəsizliyin təmin edilməsi üçün maneədir.
Ekspert bildirib ki, Qərb eyni zamanda Ermənistandan Rusiyaya qarşı silah kimi istifadə edir: "Birgə Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyanın qurulması şərtləri aydın ifadəsini tapıb, həmçinin dəhliz üzərində Rusiya Sərhəd Xidmətinin nəzarət həyata keçirəcəyi bəllidir. Paşinyan da bu sənədə imza atıb. Deməli, Paşinyan o vaxt acınacaqlı vəziyyətdə olduğundan xilas olmaq, hakimiyyətini qorumaq üçün sənədə imza atmaq məcburiyyətində qalıb. Bu gün Ermənistan baş naziri oxşar şəkildə davranmaq istəyir. Natamam sənədə imza ataraq zaman qazanmağa çalışır".
Azərbaycanın aydın şərtlərinə əməl olunmadan sülh müqaviləsinin imzalanmasının mümkünsüz olduğunu deyən eskpert vurğulayıb ki, biz əmin olmalıyıq ki, Ermənistan bütün hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddialarından əl çəkir. Paşinyan qeyd edir ki, bu gun bir sənəd imzalanarsa, Konstitusiya məhkəməsi tərəfindən ratifikasiya olunarsa, onda bu, hüquqi sənəd olacaq. Amma o, unudur ki, Ermənistan Konsitusiyasının 116-cı maddəsinin 3-cü bəndində Konstitusiya ilə ziddiyyət təşkil edən istənilən sənəd hüquqi qüvvəyə malik olmur. Paşinyan imzalanacaq natamam sənədlə hakimiyyətini qorumağa çalışaraq, həm də Ermənistan cəmiyyətinə hər hansı diplomatik gediş etdiyini, zaman qazandığını və gələcəkdə Azərbaycana revanş imkanlarını saxladığını sırımaq istəyir. "Təbii ki, Azərbaycan hər zaman olduğu kimi müdrikliklə bunları görür və preventiv addımlarla qarşısını alır. Azərbaycan çox aydın ifadə etdi ki heç bir natamam sənəd imzalanmayacaq. Rusiya rəsmiləri də Paşinyanın 2020-ci il birgə Bəyanatını aşkar təhrif etdiyini vurğulayırlar. Paşinyan üçtərəfli Bəyanatın 9-cu maddəsini oxuyur və qeyd edir ki, orada Ermənistan ərazisindən Azərbaycanla Naxçıvan arsında kommunikasiyanın yaradılmasına imkan verilir. Maddədə Rusiyanın nəzarəti göstərilsə də, bu hissəni oxumur və belə halın olduğunu inkar edir. Ortada hamının gördüyü, bildiyi sənədin olduğu halda Paşinyan onu təhrif edirsə, kim təminat verə bilər ki, natamam sülh sazişi imzalanarsa, o, şərtlərə əməl edəcək? Qətiyyətlə deyə bilərik ki, Paşinyan imzalayacağı sənədin heç bir bəndinə əməl etməyəcək", - deyə o bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"