Azərbaycan bu təbiət hadisəsinə görə dünyada ilk sıralardadır
Ötən əsrin 20-ci illərində görkəmli tədqiqatçı, professor D.V.Qolubyatnikov palçıq vulkanını pulsuz kəşfiyyat "quyusu” adlandırmışdır. Qeyd etmişdir ki, bu cür "quyuların” dərinliyi hərdən 10-12 km və daha çox olur.
XIX əsrdən tədqiqatına başlanıldı
Palçıq vulkanları adətən neftli-qazlı sahələrlə üst-üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft-qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür.
Bu təbii fenomenin öyrənilməsinə 1861-ci ildə başlanılıb. Səbəb isə Cənubi Xəzərdə Kumani (Çınqıl dəniz) bankasındakı möhtəşəm püskürmə olub. Get-gedə isə palçıq vulkanlarına olan maraq daha da artıb və bir sıra fundamental işlər görülüb.
Palçıq vulkanlarının elmi tədqiqatı Qafqazın böyük bilicisi, Sankt-Peterburq Elmlər Akademiyasının həqiqi üzvü G.V.Abixinin adı ilə bağlıdır. Abixin belə bir nəticəyə gəlmişdi ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını yarılma (qırılma) zonasından, suyu dənizdən, qazı bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır.
Digər geoloq alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada - qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi geoloqların fikrincə isə, palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400-500 metrədək yüksələn, əsasının diametri 100-dən 350 metrədək olan kəsik konus formalıdırlar.
2500 palçıq vulkanının 353-ü Azərbaycandadır
Dünyanın 42 ölkəsində ümumi sayı 2500-ə çatan palçıq vulkanlarının 353-ü Azərbaycandadır. Azərbaycan planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik ölkədir. Burada öz müxtəliflikləri və ölçüləri ilə fərqlənən, hər növ təzahürlü palçıq vulkanlarına (aktiv fəaliyyət göstərən, sönmüş, gömülmüş, sualtı, ada, bol neft ifraz edən) rast gəlinir. Morfoloji müxtəlifliyi, fəaliyyət aktivliyi və sayına görə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər palçıq vulkanı yoxdur. Ölkəmiz palçıq vulkanlarının vətəni sayılır.
Azərbaycandakı palçıq vulkanları haqqında məlumatlara ölkəmizə gələn ayrı-ayrı səyahətçilərin gündəliklərində və qeydlərində rast gəlmək olar. Ərəb səyahətçiləri Əbu-əl-Həsən Əli Məsudi (IX əsrin axırı-956/957), Əbu Həmid Qarnatinin (1080-1170) yol qeydlərində Azərbaycanda palçıq vulkanlarının püskürməsi haqqında məlumatlar var. Şəmsəddin Diməşqi (1256-1327) qeydlərində bildirib ki, Xəzər dənizində bir ada var, oradakı böyük vulkandan alov çıxır, o, böyük hündür şama bənzəyir. Bu alov qurudan çoxlu fərsəq məsafəsində yerləşir.
Abşeron yarımadasının Gil adası, Xarə-Zirə (Bulla) adası, Yanan-Tava, Bozdağ-Qobu, Lökbatan, Keyrəki kimi dəniz və qurudakı vulkanları haqqında ilk məlumatlar 1810-1830-cu illərdə nəşr olunub.
Azərbaycanda palçıq vulkanına verilmiş yerli "pilpilə” adı geniş yayılmışdır. Səsi təqlid edən "pilpilə” (lilli kütlədə qaz qabarcıqlarının fırçıltısını əks etdirən) adından başqa, burada "palçıq gölü”, "bozdağ”, "ağtirmə” kimi adlar da palçıq vulkanlarına qoyulan milli adlar sırasındadır.
İndiyədək 457 püskürmə hadisəsi qeydə alınıb
Azərbaycanda palçıq vulkanları ən çox Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləri ərazisində yayılıb.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyir ki, Cənubi Xəzər hövzəsi unikal hövzə olduğundan burda çoxlu vulkan var. Burda çöküntü qatının qalınlığı 30 km-dən artıqdır. Heç bir ərazidə bu qalınlıqda çöküntü qatı yoxdur. Vulkanların əmələ gəlməsi çöküntü qatı ilə əlaqədardır. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.
40 vulkan yer səthinə çoxlu neft çıxarır. Qeyd edilən palçıq vulkanlarının 154-ü isə dəniz vulkanıdır. Palçıq vulkanlarının dəniz şəraitində fəaliyyəti nəticəsində adalar, saylar, dayazlıqlar və sualtı dağ sıraları yaranır. Cənubi Xəzərin Bakı arxipelaqında palçıq vulkanı mənşəli 9 ada (Zənbil, Gil, Xarə-Zirə, Qarasu, Səngi-Muğan və b.) və çoxsaylı sualtı saylar mövcuddur.
Azərbaycanda ilk dəfə 1810-cu ildə Xəzər dənizində Gil və Xarə-Zirə adalarında püskürmə hadisələri baş verdiyini xatırladan Adil Əliyev bildirir ki, Şərqi Azərbaycanda 1810-cu ildən bugünə qədər 93 vulkanda 457 püskürmə hadisəsi qeydə alınıb. Bu, aktivlik sayılır. Demək olar ki, hər il 3-5 vulkan püskürməsi qeydə alınır. Lökbatan, Şıxzərli, Keyrəki, Quşçu və Xarə-Zirə (Bulla) vulkanları daha çox fəaldır: "Palçıq vulkanlarının adətən yaşayış məntəqələrindən uzaqda yerləşməsi, püskürmələrin qəflətən və qısamüddətli baş verməsi onları heç də həmişə müşahidə etməyə imkan vermir. Püskürmələr haqqında müəyyən məlumatları ancaq şahidlərin (yaxınlıqdakı yaşayış məntəqələri sakinlərinin, çobanların, dənizçilərin, mayak nəzarətçilərinin və s.) söylədiklərinə əsasən əldə etmək mümkün olur”.
Yatmış vulkanı oyatmaq olmaz
Adil Əliyev deyir ki, vulkan püskürmələrinə bir çox amillər səbəb olur. Bəzən isə insan amili "süni püskürmə”lər yaradır. Məsələn, 2000-ci ildə Ceyranbatan su anbarının sahilində yerləşən Keçəldağ vulkanının kraterinə yaxın hissədə boru xətti çəkilərkən püskürmə baş verib. Ona görə də yatmış vulkanı oyatmaq olmaz: "Abşeron yarımadasında Keyrəki, Bozdağ-Qobu vulkanlarının yaxınlığında evlər tikilib. 1999-cu ildə Bozdağ-Qobu vulkanında güclü püskürmə baş vermişdi. Vulkanın ərazisində 1100 metr uzunluğunda çat əmələ gəlmişdi. O vaxt orda yaşayan əhalini köçürdülər. İndi Hökməli kəndində böyük yaşayış massivi salınıb. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunur, vulkanın yamacını kəsib yarısını aparırlar. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək mütləqdir”.
A.Əliyevin sözlərinə görə, 2002-ci ildə palçıq vulkanları "təbii abidə” statusu alıb. 2007-ci ildə dövlət qoruğu yaradılıb, lakin insanlar yenə də bu ərazilərə müdaxilə edirlər. Ələt yaxınlığında yerləşən "Bahar” vulkanı 1992-ci ildə sonuncu dəfə püskürüb. İndi vulkanın fəaliyyəti zəifləyib və yamac hissəsini tikinti üçün qazıb aparırlar. Bunlar da həmin vulkanın yenidən püskürməsinə səbəb ola bilər.
Yeraltı təkanın püskürmənin "təhrikçisi” rolunu oynadığını deyən Adil Əliyevin sözlərinə görə, zəlzələlərin aktivləşməsi palçıq vulkanları püskürmələrinin fəallaşmasına səbəbdir: "Müşahidələrin nəticələri göstərir ki, vulkanın fəaliyyəti zəlzələlərin axırıncı "hazırlıq” mərhələsi dövründə daha aktiv olur, 2-3 həftə sonra bu vulkana yaxın ərazidə zəlzələ baş verir. Maqnitudası 4-10 arası olan zəlzələlər vulkanın püskürməsinə təkan olur. Yeni minillikdə Xəzərdə baş vermiş 6-7 ballı güclü zəlzələdən sonra 16 püskürmə özünü göstərdi. Belə misallar çoxdur”.
Palçıq vulkanlarının qorunmasının vacibliyini xüsusi vurğulayan Adil Əliyevin fikrincə, indi palçıq vulkanlarının əksəriyyətinin yamacı zibilxanaya çevrilib. Belə hallar təkcə bu təbiət abidələrinin məhvinə səbəb olmur, müəyyən dərəcədə antisanitariya, həm də ətraf mühit üçün təhlükə törədir.
Palçıq müalicəxanası
Palçıq vulkanları gözəl ekoturizm obyekti kimi də istifadə edilə bilər. Yəni Bakıya çoxlu turistlər də cəlb etmək olar.
Vulkan palçığının tərkibində bor, manqan, litium, vanadium, mis və s. kimi çoxlu qiymətli mikroelementlər var, vulkan suları isə üzvi maddələr, bor, brom və yodla zəngindir. Vulkan gilindən sement, keramzit, kərpic istehsal etmək, metallurgiya kürəsi düzəltmək üçün qiymətli xammal kimi istifadə etmək olar. Ondan tikintidə geniş istifadə olunur. Püskürmə məhsulu olan vulkan brekçiyasının tərkibində xalq təsərrüfatının ehtiyaclarını qarşılaya bilən bir sıra qiymətli kimyəvi elementlər, metallar da var.
Həmsöhbətimiz deyir ki, vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir: "Əsasən lilli, torflu və sapropelli palçıqlardan alınan preparatlardan müalicə məqsədi ilə dünyada infeksiya, vanna, yuyub dezinfeksiya etmə formasında geniş istifadə olunur. Vulkan palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteoxondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada uğurla istifadə edilir. Azərbaycanda hələ keçən əsrin 80-ci illərində Bakı şəhərinin 15 tibb müəssisəsində həkimlər ilə birlikdə vulkan palçığının müalicəvi praktikası həyata keçirilirdi. Bundan başqa, Azərbaycanın bir sıra rayonlarında yerli əhali palçıq müalicəsinin "misir” metodundan istifadə etməklə öz təşəbbüsü ilə bilavasitə vulkanların özündə palçıq vannası qəbul edir. Vulkanın palçığını götürüb qabda saxlayırsan, durulur, üzündə şəffaf su əmələ gəlir və boğaz ağrısı zamanı onunla qarqara edilir”.
Püskürməsi ehtimal edilən vulkanlar
Ölkə ərazisindəki aktiv vulkanları sadalayan Adil Əliyev deyir ki, Keyrəki, Lökbatan, Quşxana, Şıxzərli, Torağay vulkanları daha aktivdir ki, bunların püskürmələrinin sayı 20-dən çoxdur. Abşeron yarımadasındakı Lökbatan vulkanı 200 il ərzində 25 dəfə püskürüb. Növbəti dəfə Bozdağ-Qobu, Mərəzə, Keyrəki, Şəkixan, Ayazaxtarma, Mərkəzi Qobustanda Şıxzərli, Nardaranaxtarma vulkanlarının püskürməsi ehtimal edilir.
Vulkanın fəaliyyətinin zəifləməsi onun püskürməsi haqqında məlumat verir. Elə vulkan var ki, püskürmədən sonra krater sahəsində qrifonlar, sopkalar əmələ gəlir və vulkan daim ordan suyu, qazı, palçığı çıxararaq tərkibində olan enerjini boşaldır. Ancaq bəzi vulkanlarda püskürməsonrası bu aktivlik müşahidə edilmir və enerji toplanır, bir müddət sonra həmin vulkanda yenidən püskürmə baş verir.
Abşeronda "Üçtəpə”, Qobustanda "Mədrəsə”, "Qırqışlaq” vulkanları neft çıxaran vulkanlar sırasındadır. Bunlar yer səthinə bol neft çıxarır. Gec püskürən vulkanlardır.
Dünyanın möcüzələrindən biri sayılan palçıq vulkanlarının qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması işinin əhəmiyyətini hər birimiz dərk edib, bu işə öz töhfəmizi verməliyik.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Azərbaycan Gimnaziada İdman Oyunlarında daha bir qızıl medal qazanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini Məhəmməd İshaq Dar ilə görüşüb
Qarabağ Universitetinin rektoru: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur
Rektor Şahin Bayramov: Biz startapları, biznes layihələrini dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq
Sabah bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
Hafiz Paşayev: ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq
İsrailin texnoloji şirkətləri Azərbaycanda ofislər açmağa, istehsal müəssisələri yaratmağa dəvət edilib
“Diplomatic World Sweden” saytı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası barədə məqalə dərc edib
Qərbi Azərbaycan İcması Avropa Şurasının ali komissarını ikili standartlar siyasətinin girovu olmamağa çağırıb
Birinci rübdə DSMF-nin xərcləri 1 milyard 864 milyon manat təşkil edib
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq
Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var
Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər ifşa edilib
Teymur Musayev: Türk Dövlətləri Təşkilatı regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb
Tramp bir trilyon dollarlıq müdafiə büdcəsini elan edib
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib YENİLƏNƏCƏK
Meksikada reabilitasiya mərkəzinə hücum nəticəsində 9 nəfər ölüb
7-ci ADA Siyasi Forumunun iştirakçıları Xankəndiyə çatıblar
Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların aprelin 10-da ödənilməsi nəzərdə tutulub
Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!