1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı amansız cinayət törədildi. Torpağımızı, Vətənimizi qorumaq istəyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığımız üçün sovet rəhbərliyi tərəfindən bu qanlı əmələ əl atıldı.
O məşum gecə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlaklar məhv edildi. Bu faciədən sonra milli azadlıq hərəkatımız tam siyasi reallığa çevrilərək dönməz xarakter aldı. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
20 Yanvar faciəsi xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı mübarizəsinin rəmzi kimi tariximizə yazıldı.
Həmin gecə Mixail Qorbaçovun əmri ilə sovet ordusu Bakıya yeridildi. Əliyalın insanlar onları Bakıya buraxmamaq üçün küçələrə axışdılar. Azğınlaşmış ordu qoca-uşaq bilmədən insanlara atəş açdı, tankları dinc əhalinin üzərinə yeridi.
Neçə-neçə insanın həyatını xilas etdi
O gecə xain plan quranlar bir şeyi nəzərdən qaçırmışdılar: Vətən uğrunda canından belə keçməyə hazır olanları... Unutmuşdular ki, bu xalq canından keçər, amma Vətənindən əsla keçməz. 20 Yanvar gecəsi qətl edilən 147 nəfərdən biri də Səxavət Məmmədov idi. Deyirlər, adlar da geyim kimidir, bəziləri insana tam uyğun gəlir, bəziləri böyük və ya kiçik olur. O, adı kimi səxavətli, mərhəmətli, həyatının başlıca məqsədi ehtiyacı olanlara əlindən gələn köməyi göstərmək idi. Vətənin də ağır günündə canıyla, qanıyla köməyə gəldi və öz ölümü ilə neçə-neçə insanın həyatını xilas etdi.
Uşaqlığı çətinliklərlə keçən, erkən yaşda atasını itirən Səxavət bəlkə də elə buna görə idi ki, işdən yorğun gəlməsinə baxmayaraq, bütün asudə vaxtını 3 və 5 yaşlarında olan övladlarına həsr edirdi. Təəssüf ki, tale elə gətirdi elə övladlarına da atasızlıq qismət oldu. Nə Səxavət onlardan doydu, nə də onlar atalarından.
Səxavət Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova deyir ki, həmin günlər ölkədə vəziyyətin gərginləşdiyini bilirdilər. Amma belə namərd zərbə heç birinin ağlına gəlməzdi: "İnsanlar azadlıq istəyirdilər. Neçə gün idi ki, Hökumət evinin qarşısında mitinqlər başlamışdı. Səxavət də mitinqlərdə iştirak edirdi. Hətta mənə deyirdi ki, sən də bu ölkənin vətəndaşısan, orda olmalısan. Qadın, kişi fərq etməz, hamımız birlikdə olmalıyıq. Mən də elə sabahısı gün uşaqları qonşunun yanında qoyub həyat yoldaşımla birlikdə mitinqə getdim".
Fişəng bildikləri sayrışan işıqlar güllələr imiş
Yük maşını sürücüsü olan Səxavət sanki ürəyinə damıbmış kimi, 19 yanvar günü işdə gecə növbəsinə yazılaraq, ailəsini evdə tək qalmasın deyə qayınatasıgilə gətirib. Şəhla xanım o məşum günü gözyaşları ilə xatırlayaraq deyir: "Evdən çıxanda anam qarşısını kəsdi ki, bəlkə bu gün işə getməyəsən, vəziyyət qorxuludur. Səxavət gedəndən təxminən 10-15 dəqiqə keçmiş möhkəm səslər eşitdik. Tez balkona qaçdıq. Nə baş verdiyini anlamırdıq. Vəziyyətin belə olacağı yatsaq, yuxumuza da girməzdi. Göy üzündə sayrışan işıqların fişənglər olduğunu düşünürdük. Sən demə, bunlar işıqsaçan güllələr imiş".
Şəhla xanım deyir ki, ailəsi sarıdan ürəyi rahat olandan sonra Səxavət sürdüyü yük maşını ilə Kaspar xəstəxanasına (indiki Mərkəzi Dənizçilər Xəstəxanası) tərəf gedib: "Orada olanlar sonradan mənə dedilər ki, o, bir neçə dəfə yaralıları yük maşınıyla xəstəxanaya aparıb, sonra geri qayıdıb. Bir də geri qayıdanda görüb ki, sovet ordusunun azğınlaşmış hərbçiləri tankları əliyalın insanların üzərinə sürürlər. Tez yük maşını ilə tankın önünü kəsərək insanları xilas edib. Elə o vaxt da Kaspar xəstəxanası ilə üzbəüz olan binanın üstündən snayperlə vurulub".
Anasının istəyi ilə Digahda dəfn olunub
"Səhər atam, qardaşım onu axtarmağa getdilər. Səxavəti küçəbəküçə axtaran qardaşıma deyiblər ki, burada böyük bir maşın dayanıb, bəlkə onundur. Qardaşım maşına yaxınlaşanda gördüklərindən heyrətə gəlib. Maşın başdan-ayağa deşik-deşik imiş. Sonra məlumat veriblər ki, bu maşının sürücüsü xəstəxanaya aparılıb. Səxavəti, demək olar ki, bütün xəstəxanalarda axtarıblar, amma sən demə, elə evimizin yaxınlığındakı Kaspar xəstəxanasında imiş. Həmin vaxt mən evdə uşaqlarla idim. Qapı birdən açılanda elə bildim ki, Səxavət gəlib. Atam idi... Səndələyə-səndələyə içəri girdi, dedi ki, Səxavət rəhmətə gedib. Dəhşətli anlar idi, elə bildim, yer ayağımın altından qaçdı", - deyə həyat yoldaşı köks ötürür.
20 Yanvar günü küçələrdə yerimək mümkün deyildi. Şəhərdə müdhiş bir çaxnaşma var idi. Azərbaycan Televiziyasının enerji blokunu partlatdıqları üçün xəbərləri ancaq radio ilə alırdıq. Evin üstündən hərbi təyyarələr uçurdu. Özü də elə alçaqdan uçurdular ki, səsdən ev titrəyirdi. Küçələrdə, xəstəxanalarda, morqlarda hamı yaxınını axtarır, yaralıları xəstəxanaya aparmağa çalışır, cənazələri dəfn etməyə aparırdılar. Küçələrdə qan su yerinə axırdı.
Şəhla xanım deyir ki, cənazəni böyük əziyyətlə məzarlığa gətirə biliblər: "Hər yerdə tanklar var idi. Hərbçilər getməyimizə imkan vermirdilər. Səxavətin nəşini anasının istəyi ilə Digah qəsəbəsində atasının yanında dəfn elədik. Amma rəmzi şəkli Şəhidlər xiyabanındadır".
Prezidentin 31 mart 1998-ci il fərmanı ilə ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adı verilən Səxavət Məmmədovun şəxsi əşyaları Tarix muzeyində saxlanılır. Qəhrəman şəhidimizin adı Digah qəsəbəsində orta məktəbə verilib.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"