Rayonumuzun 118 kəndinin yarıdan çoxu, habelə Cəlilabad və Göytəpə şəhərlərinin yeni yaşayış massivləri hələ də qazlaşdırılmayıb
Artıq payızdır. Havalar soyuyur, günlər qısalır. Buludlar da günəşin qarşısını kəsərək onu üzə çıxmağa qoymur. Sentyabrın ortalarından ara-sıra yağmağa başlamış güclü yağışlar isə payız və qışın soyuq keçəcəyindən soraq verir.
Dədə-babadan payız-qış aylarına hələ yaydan hazırlaşan tədbirli adamlar yağışlı-yağmurlu, qarlı-şaxtalı günlərdə çətinlik qarşısında aciz qalmamışlar. Müasir dövrün tədbiri isə birbaşa elektrik enerjisi və təbii qazla təchizatdan asılıdır. Neft və qaz ölkəsi olaraq Azərbaycanda bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər göz qabağındadır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində bu gün hətta ucqar dağ kəndlərinə təbii qaz xətləri çəkilmiş, verilən elektrik enerjisində kəsilmələr və fasilələr aradan qaldırılmışdır.
Təəssüf ki, bunu ölkənin böyük rayonlarından olan bizim Cəlilabada aid etmək mümkün deyil. Çünki rayonumuzun 118 kəndindən 63-ü, habelə Cəlilabad və Göytəpə şəhərlərindəki yeni yaşayış massivləri indiyədək qazlaşdırılmayıb. Həmin yaşayış məntəqələrində nə az, nə çox - 5 min 641 ev vardır. Hər evdə təxminən 5 nəfərin yaşadığını nəzərə alsaq, bu, 30 min nəfərə yaxın adamın təbii qaza əlinin çatmaması deməkdir. Belə halda öz məişət tələbatlarımızı ödəmək, qış aylarında istiliksiz qalmamaq üçün oturduğumuz budağı, yəni təbiətin ağ ciyəri hesab edilən meşələri, oradakı nadir ağacları baltalamağa məcbur oluruq.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin Cəlilabaddakı Xidmət Şöbəsinin rəisi vəzifəsini icra edən Ələkbər Dövlətova müraciət edəndə bildirdi ki, 3 kəndin, habelə Cəlilabad şəhərinin yeni yaşayış massivindəki 178 evin qazlaşdırılması bu il üçün nəzərdə tutulmuşdur. Amma ilin başa çatmasına iki aydan bir az çox vaxt qalır. Yəni küləkli, yağışlı-yağmurlu günlər qapıdadır. Bu halda qazçəkənlərin işlərini həyata keçirən zaman təbii ki, çətinliklərlə üzləşəcəkləri qaçılmaz olacaq. O da hələ indi başlasalar.
Belə çıxır ki, biz bu qışı da odunun ümidinə qalacağıq. Amma nə olar, kaş bu odun istisi qazçəkənlərin ürəyindəki laqeydlik buzunu əridəydi ki, biz də his-pasdan qurtulub rahat günə çıxaydıq.
Firəngiz Abasova,
Cəlilabad rayon Darlıq kənd sakini,
Balakişi Quliyev,
Ləkin kənd sakini