14 Mart 2026 08:07
144
SİYASƏT
A- A+
Nüfuzlu siyasət liderlərinin görüş yeri dəyişmir

Nüfuzlu siyasət liderlərinin görüş yeri dəyişmir


Qlobal Bakı Forumu bu dəfə də müzakirə olunan məsələlərin aktuallığı ilə seçildi


Müasir dünya bəlkə də tarixin ən mürəkkəb və taleyüklü mərhələsini yaşayır. Qlobal təhlükəsizlik sistemində yaranan yeni risklər, regionlarda baş verən münaqişələr, enerji və iqlim böhranı, həmçinin texnoloji inqilab beynəlxalq münasibətlər sistemini sürətlə və köklü şəkildə dəyişdirir. 

Belə bir dövrdə dövlətlər və xalqlar arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən dünyanın nüfuzlu siyasi xadimlərinin, sabiq prezident və baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin və tanınmış alimlərin bir araya gəldiyi Qlobal Bakı Forumu artıq siyasi fikir mübadiləsinin ən mühüm platformalarından biri kimi qəbul olunur. Bakı bu gün yalnız regionun deyil, bütövlükdə dünyanın diqqət mərkəzinə çevrilərək beynəlxalq dialoqun və siyasi müzakirələrin aparıldığı mühüm məkana çevrilib.

Dünyanın qlobal problemlərinin paytaxtımızda müzakirə olunması beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Məhz bu baxımdan həmin platformalar arasında xüsusi nüfuzu və əhəmiyyəti ilə seçilən Qlobal Bakı Forumudur. Bu forum artıq dünya problemlərinin müzakirə olunduğu mühüm siyasi-intellektual platformaya çevrilib.

Bu il keçirilən XIII Qlobal Bakı Forumu da ən aktual beynəlxalq problemlərin müzakirə olunduğu mühüm tədbir kimi diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən onlarla nüfuzlu siyasətçi, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, alim və ekspertlər forum çərçivəsində bir araya gələrək qlobal gündəliyin mühüm məsələləri ətrafında fikir mübadiləsi aparırlar.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dövr beynəlxalq münasibətlər sistemində baş verən proseslərə, qlobal təhlükəsizlik məsələlərinə və regionda yaranmış yeni siyasi reallıqlara toxunmuşdur. Dövlətimizin başçısının çıxışı həm regional, həm də qlobal siyasətin aktual istiqamətlərini əhatə edən geniş və əhatəli siyasi təhlil kimi dəyərləndirilir.

Prezident İlham Əliyev forumun beynəlxalq əhəmiyyətinə toxunaraq qeyd etmişdir: "Qlobal Bakı Forumu artıq dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilib. Burada müzakirə olunan məsələlər qlobal gündəliyin ən aktual problemlərini əhatə edir və bu müzakirələr beynəlxalq ictimaiyyət üçün daha yaxşı anlaşma mühitinin formalaşmasına xidmət edir".

Dövlətimizin başçısı çıxışında onu da vurğulamışdır ki, qlobal problemlərin həlli yalnız qarşılıqlı hörmətə əsaslanan dialoq və beynəlxalq əməkdaşlıq yolu ilə mümkündür. Bu baxımdan Qlobal Bakı Forumu müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü rolunu oynayan mühüm beynəlxalq platformadır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, forumun nüfuzu onun iştirakçılarının tərkibində də özünü göstərir. Forum iştirakçıları sırasında Latviyanın sabiq prezidenti Vaira Vike Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Amr Moussa kimi nüfuzlu şəxslərin iştirak etməmələri bu tədbirin beynəlxalq miqyasda siyasi çəkisinin və nüfuzunun göstəricisidir.

Forum çərçivəsində müzakirə olunan mövzular - beynəlxalq təhlükəsizlik və geosiyasi dəyişikliklər, yeni dünya düzəninin formalaşması, enerji təhlükəsizliyi və "yaşıl enerji" keçidi, iqlim dəyişiklikləri, rəqəmsal texnologiyalar və süni intellekt, regional münaqişələrin həlli, humanitar və mədəni əməkdaşlıq kimi məsələlər göstərir ki, Qlobal Bakı Forumu yalnız siyasi müzakirə meydanı deyil. Bu platformada həm də dünyanın gələcəyi ilə bağlı mühüm ideyalar, strateji yanaşmalar və yeni təşəbbüslər formalaşır.

Forumun "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" mövzusu  dünyada ÇXR-in rolunun artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq aləmdə yeni iqtisadi güc mərkəzlərinin formalaşdığı, qlobal ticarət marşrutlarının dəyişdiyi və beynəlxalq idarəetmə mexanizmlərinin yenilənməsi fonunda Çinin irəli sürdüyü təşəbbüslər beynəlxalq siyasətdə geniş müzakirə mövzusu olur.

Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniçin moderatorluğu ilə keçirilən panel iclasda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbonun, İtaliyanın sabiq Baş naziri Romano Prodi, Sloveniyanın sabiq prezidenti Borut Pahor, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin birinci müavini Eldor Aripov və iqtisadçı-çinşünas Æosef Mondlin çıxışları, aparılan müzakirələr xüsusilə Azərbaycanın Çin ilə əməkdaşlığının genişləndiyi bir dövrdə mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrin inkişafı, nəqliyyat-logistika layihələri və Avrasiya məkanında yeni iqtisadi marşrutların formalaşması Azərbaycan-Çin münasibətlərinə yeni məzmun verir. Bu baxımdan forum çərçivəsində aparılan müzakirələr həm regional iqtisadi əməkdaşlığın, həm də qlobal idarəetmə mexanizmlərinin gələcək perspektivlərini anlamaq baxımından böyük maraq doğurur.

Dünya sürətlə dəyişdiyi, yeni geosiyasi reallıqlar formalaşdığı bir dövrdə Qlobal Bakı Forumu artıq sadəcə beynəlxalq tədbir deyil, həm də qlobal dialoqun, siyasi düşüncənin və beynəlxalq əməkdaşlığın mühüm tribunası, Bakı isə dünyanın gələcəyi haqqında düşünən insanların görüş məkanı, qlobal dialoq və əməkdaşlığın simvolu kimi tanınır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!